Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5868/2023 21.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlətini qanunsuz hesab etməklə, 7 yanvar 1976-cı il təvəllüdlü arvadı X2 Qubadlı rayonu Qubadlı şəhərinə qeydiyyata alınmasının təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5 ilə nikaha daxil olmuş və onların bu nikahdan iki uşaqları doğulmuşdur. Qızı 3 yanvar 2007-ci il təvəllüdlü X9 doğulan vaxtdan məcburi köçkün statusuna malikdir. Oğlu 7 yanvar 2011-ci il təvəllüdlü X10 da məcburi köçkün statusuna malikdir. Hər ikisinin şəxsiyyət vəsiqələrində onların Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatda olduqları qeyd olunmuşdur. O, arvadı X3 da Qubadlı rayonu Qubadlı şəhərinə qeydiyyata alınması ilə bağlı cavabdehə müxtəlif vaxtlarda üç dəfə müraciət etmiş, lakin 13 aprel 2021-ci il tarixli, 16 avqust 2023-cü il tarixli, 18 sentyabr 2023-cü il tarixli cavab məktublarında heç bir əsas olmadan imtina edilmişdir. Cavabdeh tərəfindən ona göndərilmiş məktublarda əsas kimi göstərilmişdir ki, xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. Halbuki, onların birgə nikaha dair şəhadətnamə mövcuddur. Bu səbəbdən hesab edir ki, arvadı onunla eyni ünvanda qeydiyyatda olmalıdır. Onun qeydiyyatda olduğu ünvana arvadının da qeydiyyata alınması sonuncunun müstəsna hüququdur. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasını Ailə Məcəlləsinin 1.1, 1.2, 1.3, 1.4, 2.4, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.1, 2.2.2, 14, 35ci maddələrinə istinad etmişdir. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia ərizəsində qeyd olunan hallara istinad edərək, həmçinin, X5 ilə birgə nikahda olmasına əsaslanaraq, iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin 21 noyabr 2023-cü il tarixli sorğusu əsasında cavabdeh tərəfindən daxil olmuş məktubda qeyd olunmuşdur ki, xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçıya ünvanlanmış imtina məktublarında da oxşar məzmunlu fikir ifadə olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə görə iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2.İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ...” “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüquqa malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)- 1977/2023 saylı Qərarı - §§ 27-28). Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, “ ... subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. ...” İş materialında olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 və iddiaçı 10 mart 2021-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Xəlilova soyadı verilmişdir. Elektron məhkəmə” informasiya sistemində mövcud olan “şəxsi məlumatlar”dan görünür ki, iddiaçının qeydiyyatı Qubadlı rayonunadır. X1 rayonu, Ləkin Ərazi Dairəsi, Buravar kəndində qeydiyyatdadır (№AA2312157). İş materialında olan “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, iddiaçının 7 yanvar 2011-ci il təvəllüdlü X10 və 3 yanvar 2007-ci il təvəllüdlü X9 adlı iki uşağı vardır və onların qeydiyyatı Qubadlı rayonunadır. İş materialına əlavə edilmiş 056841 saylı “məcburi köçkün vəsiqəsi”ndən görünür ki, Xəlilov X8 rayonunda doğulmuşdur. Beləliklə işin hazırki vəziyyətində işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı onun və uşaqlarının Qubadlı rayonuna qeydiyyatının olduğunu əsas gətirərək, arvadı X3 da Qubadlı rayonuna qeydiyyata alınmasını xahiş etmişdir. Lakin mümkünlük şərtlərinin yoxlanılması baxımından məhkəmə tərəfindən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Bundan əlavə, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə ..., cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, ... yoxlamalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.2-1-ci bəndinə əsasən, həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) ... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 3-cü maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli, 244 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Əsasnamənin ... 3-cü maddəsinin birinci abzasında ... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Göründüyü kimi, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün həmin yerin daxili işlər orqanına müraciət etməlidir. Hazırkı iş üzrə, iddiaçı konkret yaşayış yeri üzrə deyil, arvadının Qubadlı rayonuna qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etməklə cavabdeh seçimində səhvə yol vermişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının müraciətinin cavablandırılması hazırkı iddia üzrə cavabdeh qismində iştirakına əsas vermir. Bununla belə, məhkəmə izah edir ki, iddiaçının arvadı X5 qeydiyyata alınması ilə bağlı ərazi polis idarəsinə müraciət etməklə, müraciəti təmin olunmadığı halda isə həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia verməklə pozulmasını ehtimal etdiyi hüquqlarının müdafiəsini həyata keçirmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətindəSumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-5868/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5868/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver