Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5868/2024 19.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi X1 ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Xaçmaz rayon Polis İdarəsinə qarşı “cavabdeh X2 Xaçmaz rayonu Ağtala kəndində yerləşən evindən istifadə hüququnun itirilmiş hesab edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Ağtala kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin ev mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmış əmlakdır. Cavabdehlər X4 və övladları Həsənov suad Naib oğlu və X7 ona məxsus formal qeydiyyatdadır. Cavabdeh ona məxsus evdən formal qeydiyyatda qalmış və həmin məsələ bu vaxta kimi uzanmışdır. Evin bütün kommunal xərclərini özü ödəyir. Cavabdeh isə uzun müddətdir ki, köçüb ayrı ünvanda yaşayır və qanunla müəyyən edilmiş qaydada yaşayış sahəsinə və kommunal xidmətlərə görə kirayə haqqı ödəmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, X4 gəlinidir. Oğlu vəfat edəndən sonra gəlini 2023-cü ilin aprel ayından uşaqları götürüb evdən çıxıb getmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iş üzrə iddiaçı X2 Xaçmaz rayonu Ağtala kəndində yerləşən evindən istifadə hüququnun itirilmiş hesab edilməsini istəyir. Bundan əlavə istifadə hüququna xitam verilməsi ilə bağlı iddialara mülki qaydada baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı cavabdeh fiziki şəxsin mənzilindən istifadə hüqununun itirilmiş hesab edilməsini tələb edir ki, inzibati məhkəmə icraatı qaydasında bu cür iddialara baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı gəlininin evindən qeydiyyatdan çıxarılmasını istəyir, lakin üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Cavabdeh inzibati orqanın mülkiyyətçinin ərizəsi əsasında onun gəlininin istifadə hüquqlarına xitam verilmədən yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq səlahiyyəti olmadığına görə məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Formalaşmış məhkəmə təcrübəsində də yaxın qohumun yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı mübahisələrə üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapdıqdan sonra baxılır. Bundan əlavə iddiaçı Xaçmaz rayonu Ağtala kəndində yerləşən evin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən hüquqmüəyyənedici sənədin və üçüncü şəxsin həmin evdə qeydiyyatda olmasını təsdiq edən sübutları məhkəməyəyə təqdim etməmişdir. İddiaçıya izah edilsin ki, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rahim Həsənov