Məhkəmə qərarları › İş №2-1(118)-587/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-587/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-587/2025 02.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus 2 oktyabr 1981-ci il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

2. İddiaçı məxsus 23 mart 1985-ci il tarixli, ЗТ seriyalı, 043068 nömrəli diplomun surəti.

3. İddiaçı məxsus 13 may 1985-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

4. İddiaçı məxsus 13 may 1985-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın dublikatın surəti.

5. Azərbaycan Respublikası "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası” MMC-nin 13 iyul 2023-cü il tarixli, 10-KŞ nömrəli arayışından görünür ki, xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı 11 aprel 1985-ci il tarixdən 2 dekabr 1996-cı il tarixədək keçmiş “Sumqayıt İEM-2”-nin Qazan-Turbin sexində turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində zərərli iş şəraitində işləmişdir. Müəssisədə zərərli iş şəraitindəki əmək stajı 11 il 7 ay 23 gün təşkil edir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 24-cü bölməsinin a bəndinə əsasən (turbin avadanlıqları üzrə nəzarətçi maşinistlər) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" ASC-nin 23 yanvar 2002-ci il tarixli, 13 №-li əmrinə əsasən “Sumqayıt İEM-1” hüquqi şəxs kimi ləğv edilmişdir. "xxxx" ASC-nin 26 fevral 2002-ci il tarixli 43 nömrəli əmrinə əsasən yeni hüquqi şəxs "xxxx" MMC yaranmışdır. "xxxx" ASC-nin 19 mart 2004-cü il tarixli, 52 nömrəli əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 5 yanvar 2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən, "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır.

6. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X1 24 avqust 203-cü il tarixli, 199 nömrəli arayışından görünür ki, İddiaçı 19 aprel 2000-ci il tarixdən 1 yanvar 2002-ci il tarixə kimi tam iş günü “EP” zavodunun nəzdində “Buxar Generator Kompleksi” Qazanxana və Turbin Generator” üzrə böyük maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (qazan turbin sexinin böyük maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. 19 aprel 2000-ci il tarixdən 13 aprel 2003cü il tarixə kimi “Etilen-polietilen” zavodunun Buxar Generator Kompleksi istehsalatında işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır.

7. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X1 24 avqust 2023-cü il tarixli, 200 nömrəli arayışından görünür ki, İddiaçı 2 yanvar 2002-ci il tarixdən 13 aprel 2003-cü il tarixə kimi tam iş günü “Etilen-polietilen” zavodunun Buxar Generator Kompleksi istehsalatında qazanxana və turbin generator üzrə maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (Buxar turbinlərinin maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-S-243262/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 24 avqust 2023cü il tarixli, 199 və 200 nömrəli arayışlarında 19 aprel 2000-ci il - 1 yanvar 2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “Buxar Generator Kompleksi”ndə Qazanxana və Turbin Generator üzrə böyük maşinist. 2 yanvar 2002-ci il - 13 aprel 2003-cü il tarixləri arasındakı dövr ərzində isə maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 21 gün (11 aprel 1985-ci il – 2 dekabr 1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 dekabr 2023-cü il tarixli, 3-17-1/2-299719/2023 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, İddiaçı xx xxxx 1963-cü il tarixdə doğulmuşdur. - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 14 iyul 2023-cü il tarixli, 55 nömrəli arxiv arayışından görünür ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun 2-ci arxiv fondunun sənədlərinə əsasən xx xxxx 1963-cü it təvəllüdlü İddiaçı əmək fəaliyyəti aşağıda qeyd olunduğu kimi göstərilir: 19 aprel 2000-ci il tarixli, 26 saylı əmrə əsasən 19 aprel 2000-ci il tarixdən “Buxargenerator” Kompleksinə qazanxana və TG üzrə 6-cı dərəcəli böyük maşinist peşəsinə qəbul edilmişdir. 15 fevral 2002-ci il tarixli, 197 saylı əmrə əsasən 2 yanvar 2002-ci il tarixdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2001-ci il tarixli, 234 saylı sərəncamına və zavod üzrə verilmiş 28 dekabr 2001-ci il tarixli, 365 saylı əmrə əsasən BGKnin “Etilen-polietilen” zavodunun balansına verilməsi ilə əlaqədar, BGK-si istehsalatına 6-cı dərəcəli qazanxana və TG üzrə maşinist peşəsinə qəbul edilmişdir. 12 may 2003-cü il tarixli, 15 saylı əmrə əsasən 13 aprel 2003-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. - İddiaçı məxsus 2 oktyabr 1981-ci il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti; - İddiaçı məxsus 23 mart 1985-ci il tarixli, ЗТ seriyalı, 043068 nömrəli diplomun surəti; - İddiaçı məxsus 13 may 1985-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti; - Azərbaycan Respublikası "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası” MMC-nin 13 iyul 2023-cü il tarixli, 10-KŞ nömrəli arayışı (§5); - 25 iyul 2023-cü il tarixli, 3-17-1/2-S-166343/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktub; - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X1 24 avqust 2023-cü il tarixli, 200 nömrəli arayışı (§7); - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X1 24 avqust 203-cü il tarixli, 199 nömrəli arayışı (§6); - 14 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-S-212410/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktub; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-S-243262/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubu (§8).

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 avqust 2024-cü il tarixli, 3-17-1/2-195968/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - İddiaçı məxsus 13 may 1985-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın dublikatın surəti.

11. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 6 may 2025-ci il tarixli, 14-2-3-1/2-140/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlər göndərilmişdir: - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X1 6 may 2025-ci il tarixli, 64 nömrəli arayışından görünür ki, İddiaçı 19 aprel 2000-ci il tarixdən 1 yanvar 2002-ci il tarixə kimi tam iş günü “EP” zavodunun nəzdində “Buxar Generator Kompleksi” Qazanxana və Turbin Generator” üzrə böyük maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (qazan turbin sexinin böyük maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X1 6 may 2025-ci il tarixli, 28 nömrəli arayışından görünür ki, İddiaçı 19 aprel 2000-ci il tarixdən 13 aprel 2003-cü il tarixə kimi “Etilen-polietilen” zavodunun Buxar Generator Kompleksi istehsalatında işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X1 6 may 2025-ci il tarixli, 65 nömrəli arayışından görünür ki, İddiaçı 2 yanvar 2002-ci il tarixdən 13 aprel 2003-cü il tarixə kimi tam iş günü “Etilen-polietilen” zavodunun Buxar Generator Kompleksi istehsalatında qazanxana və turbin generator üzrə maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (Buxar turbinlərinin maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 6 may 2025-ci il tarixli, 24 nömrəli arayışı ilə İddiaçı 2000-ci ilin aprel ayından 2003-cü ilin aprel ayınadək əmək haqqı cədvəldə göstərilmişdir. - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 2 aprel 2021-ci il tarixli “Buxar və elektrik enerjisi istehsalatının Qazanxana və turbin maşinisti, 6d” Peşə təlimatı.

Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyun 2020-ci il tarixdən (57 yaşdan) yaşa görə güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbinin dəlilləri işin hallarına (§1-8) istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 25 ildən çox əmək stajı olmuş və onun 12 il 6 ayından çoxu güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına aid olmuşdur. Cavabdeh inzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan haqqında məlumat öz əksini tapmamışdır.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 1.0.2, 21.1, 31.1, 32.1, 37.7-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3, 3.1, 3.2-ci bəndərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 12.1, 33.1, 36.1, 58.7, 68.2, 73.1-ci maddələrinə istinad olunmuşdur.

15. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu 18 iyun 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (17 iyul 2023-cü il) əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 2 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

16. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ona dair 24 avqust 2023-cü il tarixli, 199 və 200 nömrəli arayışlarında 19 aprel 2000-ci il – 1 yanvar 2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “Buxar Generator Kompleksi”ndə Qazanxana və Turbin Generator üzrə böyük maşinist, 2 yanvar 2002-ci il - 13 aprel 2003-cü il tarixləri arasındakı dövr ərzində isə maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 7 ay 21 gün (11 aprel 1985-ci il - 2 dekabr 1996-cı il tarixləri arasındakı dövr)) təşkil etdiyi müəyyən olunmuşdur.

20. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na, prosessual hüquqi əsası kimi İPM-in 47-ci maddəsinə istinad olunmuşdur. c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajı tamam olmamış, ümumi iş stajına münasibətdə sorğu göndərilmiş, lakin cavablandırılmamışdır. Qeyd etmişdir ki, iddiaçının “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun “Buxar Generator Kompleksi”ndə işlədiyi Qazanxana və Turbin Generator üzrə böyük maşinist və maşinist vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan elektrin stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid olmadığı, iddiaçının 11 il 7 ay mübahisələndirilməyən güzəştli iş stajının mövcud olduğu müəyyən edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı ... turbin avadanlığı üzrə nəzarətçi maşinistlər buxar turbinlərinin maşinistləri ...”

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. (-)

Maddə 52. Məhkəmə baxışının hədləri

Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi:

35. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

36. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

37. İddiaçının mövqeyinə görə tərəfindən təqdim edilən iş yerlərindən müvafiq arayışlardan onun 1 yanvar 2006-cı il tarixə kimi 25 ildən çox əmək stajının və 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajının mövcud olduğu müəyyən edilir.

38. İş materialı ilə müəyyən edilir ki, iddiaçı xx xxxx 1963-cü il təvəllüdlüdür, onun 57 yaşı 18 iyun 2020-ci il tarixində tamam olmuşdur. Bundan əlavə, iddiaçının ümumi və güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixə kimi tamamlanmışdır.

39. Deməli, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün mövcud olmalıdır: - azı 25 il sığorta stajı; - azı 12 il 6 ay güzəştli iş stajı.

40. Cavabdeh tərəfin mövqeyinə görə “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun iddiaçıya dair 24 avqust 2023-cü il tarixli, 199 və 200 nömrəli arayışlarında 19 aprel 2000-ci il - 1 yanvar 2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “Buxar Generator Kompleksi”ndə Qazanxana və Turbin Generator üzrə böyük maşinist, 2 yanvar 2002-ci il - 13 aprel 2003-cü il tarixləri arasındakı dövr ərzində isə maşinist vəzifəsində işlədiyi qeyd olunmuş, lakin iddiaçının işlədiyi “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid olmadığı müəyyən olunmuşdur.

41. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilmir.

42. Cavabdeh orqan yalnız ümumi stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması ilə bağlı tələbin ödənilmədiyinə əsaslanır və əsas kimi iki dəlilə istinad edir.

43. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən və etirazın dəlilləri əsas götürməklə güzəştli iş stajına dair araşdırma aparmış, nəticədə isə aşağıda göstərilənlərə əsasən, cavabdeh tərəfin mövqeyi ilə razılaşmamışdır.

44. Etirazın dəlilinə görə “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ona dair 24 avqust 2023-cü il tarixli, 199 və 200 nömrəli arayışlarında 19 aprel 2000-ci il – 1 yanvar 2002-ci il tarixləri arasındakı dövr ərzində maşinist vəzifəsində işlədiyi qeyd olunsa da, işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən həmin dövr güzəştli iş stajı kimi götürülə bilməz.

45. Halbuki, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 6 may 2025-ci il tarixli, 14-2-3-1/2-140/2025 nömrəli məktubu ilə göndərilmiş arayışlardan görünür ki, iddiaçı 19 aprel 2000-ci il tarixdən 1 yanvar 2002-ci il tarixə kimi tam iş günü “EP” zavodunun nəzdində “Buxar Generator Kompleksi” Qazanxana və Turbin Generator” üzrə böyük maşinist peşəsində işləmişdir. Qeyd olunmuşdur ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin a bəndinə əsasən (qazan turbin sexinin böyük maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Eyni zamanda, iddiaçı 2 yanvar 2002-ci il tarixdən 13 aprel 2003-cü il tarixə kimi tam iş günü “Etilen-polietilen” zavodunun Buxar Generator Kompleksi istehsalatında qazanxana və turbin generator üzrə maşinist peşəsində işləmiş, həmin peşə qeyd edilən qərarın 24-cü bölməsinin a bəndinə əsasən (Buxar turbinlərinin maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

46. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

47. Məhkəmə tərəfindən nəzərə aınır ki, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.

48. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

49. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar əlavə edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.

50. İddiaçının tələbində həmçinin, pensiyanın müraciət edilən tarixdən (17 iyul 2023-cü il) əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

51. Məhkəmə iddianı bu hissədə də əsaslı hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

52. Eyni zamanda, həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli, 3 saylı Qərardadında qeyd olunmuşdur ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”

54. İddiaçı cavabdeh orqana müxtəlif tarixlərdə müraciət etmişdir. Lakin iş materialı ilə müəyyən olunur ki, ilkin müraciətin tarixi 17 iyul 2023-cü ildir. Bu səbəbdən, iddiaçının pensiyası müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən (bir ay fərq olduğundan) hesablanmalıdır.

55. İşin yuxarıda müəyyən edilmiş hallarından aydın şəkildə görünür ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu 18 iyun 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın müraciət edilən tarixdən (17 iyul 2023-cü il) əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 18 iyun 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (17 iyul 2023-cü il) əvvəlki üç il üçün, yəni 17 iyul 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar