Məhkəmə qərarları › İş №2-1(118)-588/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-588/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-588/2020 17.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı qızının cavabdeh Sumqayıt şəhər Qediyyat şöbəsinə qarşı “xx xxxxx 2015ci ildə anadan olmuş oğlu X1 Qarayev, adının İshaq, atasının adının Tofiq kimi qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Tofiq, soyadının Qarayev, ana qrafasında anasının adının Fəridə, soyadının Qarayeva, atasının adının isə Tofiq kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxx 2015-ci ildə anadan olmuş oğlu X1 Qarayev, adının İshaq, atasının adının Tofiq kimi qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Tofiq, soyadının Qarayev, ana qrafasında anasının adının Fəridə, soyadının Qarayeva, atasının adının isə Tofiq kimi göstərilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın 05/Q-3797/15 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 ilə nikaha girmədən 2014-cü ilin iyul ayının 28-dən ər-arvad münasibətində olmuşdurlar. Qeyri-rəsmi nikahdan xx xxxxx 2015-ci ildə oğlu X7 anadan olmuşdur. Uşağın atası ilə 2015-ci ilin iyun ayından heçbir əlaqələri yoxdur. Onun harada olmasını bilmir. K.Qarayev nə iddiaçı ilə, nə də oğlu ilə maraqlanmır, heçbir maddi yardım göstərmir. İddiaçının atasının adı Tofiqdir. Onun və oğlu İshaqın bütün xərclərini atası Tofiq çəkir, o qayğılarına qalır. Buna görə də oğlu İshaqın atasının adının iddiaçının atasının adı ilə yəni, Tofiq kimi adlanmasını istəyir. Məsələ ilə əlaqədar olaraq maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı tərəf özünün xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının tələbini təmin etməmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, izahatında bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqında Nazirlət Kabinetinin qərarına əsasən valideynlər öz aralarında nikahda olmadıqda doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə anasının soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adının, soyadının, ata adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçının oğlu yetkinlik yaşına çatmadığından cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 9.7-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 3.1-ci bəndinə əsasən Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Həmin Qaydaların 6.1-ci bəndinə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.3-cü bəndinə əsasən Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bu Qaydaların 6.24-6.28-ci bəndlərinə əsasən: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi iddiaçının tələbinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyil. İddiaçının uşağı nigahdankənar döğulduğuna görə, uşağın ata adının qeydiyyatı onun göstərişinə əsasən aparılmışdır. Lakin təkrar qeydiyyat aparılması üçün hüquqi əsas mövcud olmadığına görə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yeni doğum haqqında şəhadətnamənin verilməsindən imtinası əsaslı olmuşdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar