Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-589/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 38a saylı evin 16-cı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X1 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 38a saylı evin 16-cı mənzilindən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 02 dekabr 2020-ci il tarixli, 123-397060-3220 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X4 iddiaçının gəlinidir. Belə ki, o, 2004-cü ildə oğlu X3 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və yaşadıqları mənzilə gəlin gəlmişdir. Birgə nikahdan onların 3 uşaqları anadan olmuşdur. Mübahisəli mənzil Sumqayıt şəhəri, 17-ci mikrorayon, 38a saylı beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşməklə beş otaqlı 16-cı mənzildən ibarətdir. Mənzil mərhum həyat yoldaşı Məhərrəm Orucovun xüsusi mülkiyyətində olmuş, 17.01.2014-cü il tarixdə onun vəfatından sonra iddiaçının adına sənədləşdirilmiş və hazırda onun mülkiyyətindədir. G.İ.Orucova 2016-cı ildə mübahisəli mənzilə qeydiyyata alınmış, lakin, birgə yaşadıqları müddət ərzində nə oğlu ilə, nə də iddiaçı ilə yola getməmişdir. 2018-ci ildə könüllü olaraq özünə və uşaqlarına məxsus əşyalarını da götürüb mübahisəli mənzili tərk etmiş və Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 saylı evin 3-cü mənzilinə (atasının və oğlumun birgə inşa etdirdikləri fərdi yaşayış evinə) köçmüşdür. İki il ailəsi ilə birlikdə həmin evdə yaşamış, lakin son zamanlar xasiyyətləri uyğun gəlmədiyinə görə oğlunu evdən qovub çıxarmış və 29.03.2020ci il tarixdən etibarən ayrı-ayrılıqda yaşayırlar. Sumqayıt şəhər məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydi ləğv edilmişdir. Hazırda, G.İ.Orucova iddiaçının ailə üzvü deyil və onun mənzilinə heç bir hüququ yoxdur. Gülnurun formal qeydiyyatdan başqa mübahisəli mənzillə heç bir bağlılığı yoxdur və mənzildə ona məxsus heç bir əmlak belə yoxdur. G.İ.Orucovanın mənim mülkiyyətimdə olan mənzilə istifadə hüququ olmadığından, onun həmin mənzilə olan qeydiyyatının ləğv edilməsi barədə cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsindən verilmiş 123-397060-3220 saylı, 02.12.2020-ci il tarixli məktubla ona imtina edilmişdir. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəməyə təqdim olunmuş RX Seriyalı, ******* N°-li, 26.05.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətinə əsasən, mübahisəli mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində iddiaçının adına qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş Sumqayıt şəhər 11 saylı MKS-dən verilmiş 994 saylı, 18.05.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və X4 16.06.2016-cı il tarixdən həmin mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. AR Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya münasibətində qəbul olunacaq qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Üçüncü şəxs hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Həmin şəxsin iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 38a saylı evin 16-cı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 38a saylı evin 16cı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev