Məhkəmə qərarları › İş №2-1(118)-590/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-590/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-590/2021 03.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştrakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF X3rşı “onun 1982-ci ildən Sosial Təminat nazirliyinin göndərişinə əsasən ixtisaslı kadr kimi fasiləsiz olaraq dövlət orqanında, 2005-ci ildən isə dövlət qulluğu vəzifəsində işləməyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən işdən azad olunmağı və müəyyən müddətdən sonra “ştatdankənar işçi” kimi 600 manat əmək haqqı ilə işə qəbul olunmağı Azərbaycan Respublikasının Konstitusiyasının, Əmək Məcəlləsinin tələblərinin kobud surətdə pozulması ilə aparıldığı üçün aşağıda göstərilən; Onun xx.xx.2020-ci il tarixdən “ştatdankənar işçi” kimi təyin olunmağı və xx.xx.2020-ci il tarixli əmrlə işdən azad olunmağı barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunmağı; Göstərilən tarixdən əməkhaqqı arasındakı fərqin ödənilməsi; Nazirliyin əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işdən azad olunmağına və Fondun əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əməkhaqqını mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əməkhaqqı ilə ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF X3rşı “onun 1997-ci ildən başlayaraq fasiləsiz olaraq dövlət orqanında, 2005-ci ildən isə dövlət qulluğu vəzifəsində işləməyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən işdən azad olunmağı və müəyyən müddətdən sonra “ştatdankənar işçi” kimi 600 manat əmək haqqı ilə işə qəbul olunmağı Azərbaycan Respublikasının Konstitusiyasının, Əmək Məcəlləsinin tələblərinin kobud surətdə pozulması ilə aparıldığı üçün aşağıda göstərilən; Onun xx.xx.2020-ci il tarixdən “ştatdankənar işçi” kimi təyin olunmağı və xx.xx.2020-ci il tarixli əmrlə işdən azad olunmağı barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunmağı; Göstərilən tarixdən əməkhaqqı arasındakı fərqin ödənilməsi; Nazirliyin əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işdən azad olunmağına və Fondun əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əməkhaqqını mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əməkhaqqı ilə ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci il təvəllüdlü olub 1979-cu il tarixdə orta məktəbi bitirmiş, 1980-cı ildə Bakı Maliyyə kredit texnikumunun hüquqşünaslıq fakultəsinə daxil olub, 1982-ci ildə hüquqşünas ixtisasına yiyələnərək, bitirmişdir. 13.08. 1982-ci ildə Sosial Təminat Nazirliyinin (o zaman elə adlanırdı) göndərişinə əsasən, təyinatla Xaçmaz rayon şöbəsində pensiya inspektoru kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.2007-ci ildən isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində Fərdi uçotun təşkili sektoruna baş məsləhətçi keçirilmiş və fasiləsiz olaraq hal-hazıra kimi həmin vəzifədə çalışmış, işlədiyi müddətdə heç bir töhmət və intizam tənbehi olmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən vətəndaşların hüquq və azadlıqlarının qorunması dövlətin alı məqsədidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət və iş yeri seçmək hüququ vardır. Əmək fəaliyyəti ümumilikdə təxminən 42 il, 38 il fasiləsiz olaraq eyni vəzifədə işləmiş, işlədiyi müddətdə dəfələrlə aparılan struktur dəyişiklikləri ilə əlaqədar işlədiyi idarənin və tutduğu vəzifənin adı dəyişdirilmişdir, lakin heç bir işçi vəzifəsindən uzaqlaşdırılmamışdır. 2005-cı ildən 2020-cı ilin avqust ayına kimi dövlət qulluqçusu statusunda fəaliyyət göstərmişdir. Dövlət qulluğu vəzifəsinə qəbul olunmaq üçün ali təhsil tələb olunmağına baxmayaraq həmin qanuna kimi işləməyi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası "Əmək Məcəlləsi”nin tələblərinə uyğun olaraq əmək fəaliyyətimə maneəçılik törədilməmişdir, bu tələbin ona aidiyyəti olmamışdır. Təxminən 2020-ci ilin may ayından onlara problemlər yaradılmağa başlanıldı. Əvvəl onlara bildirildi ki, dövlət qulluğu statusuna xitam veriləcək, işlədiyimiz təşkilat X4 çevriləcək və nəticədə orta ixtisas təhsilli kadrların işinə xitam veriləcək. Sonradan isə məlumat verildi ki, əvvəl əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparılacaq və keçid balı toplamış şəxslər ştata uyğun olaraq işlə təmin olunacaq. Təxminən 2020-ci ilin iyun ayının sonları, iyul ayının əvvəlləri Fonddan öz arzusu ilə işdən azad olunmağımız və yeni işlə təmin olunmağımız barədə yazmalı olduğumuz ərizələrin nümunələri göndərildi və həmin ərizələrin tərtib olunması üçün təzyiqlər etdilər. Ərizələrdə tərtib olunma tarixi göstərilməmişdir və onlarda ərizəni yazarkən tarix qoymamışlar. Nəticədə ərizəni yazmalı olmuşlar. Halbuki “Əmək Məcəlləsi”nin 56 və 63-cü maddələrinə əsasən əmək şəraitinin şərtləri və mülkiyyətçi dəyişdikdə əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilə dəyişdirilmədən saxlanılaraq davam etdirilməlidir. İşdən çıxarılma barədə ərizə formaları əvvəl adi məzmunda göndərilsə də, sonradan işçilərin bütün hüquqlarının məhdudlaşdırılması üçün ərizənin məzmununa “1 ay xəbərdarlıq müddətini gözləmədən” sözü əlavə olunub. Eyni zamanda Fonddan onlara bildirildi ki, keçid balını toplamış əməkdaşlara problem yaradılmayacaq. Beləliklə 23-xx xxxx 2020-ci il tarixdə şöbəmizdə əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparıldı. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin yerlərdə müvafiq idarələrinin yaradılması barədə **********68 nömrəli xx.xx.2020-ci il tarixli qərarı daxil olmuşdur. Peşəkar biliklərin yoxlanılması zamanı mühasibat uçotu sektorunun işçisi kimi 42 keçid balına qarşı 53 bal toplamışdır. Əldə etdiyi nəticəyə əsasən daimi işlə təmin olunacağını gözlədiyi halda xx xxxx 2020-ci il tarixdə onlara Fondun bütün yerli şöbələrinin əməkdaşlarının xx xxxx 2020ci il tarixdən öz xahişləri ilə işdən azad olunmaqları barədə Azərbaycan Respublikası ƏƏSMN-nin **********6 nömrəli xx xxxx 2020-ci il tarixli əmri daxil oldu. Maraqlıdır ki, təxminən bir ay əvvəl yazılan ərizəyə hansı tarix qoyulub və kim tarixi qoyub. Nazirliyin əmrindən belə çıxır ki, bütün ölkə üzrə yerli orqanların işçiləri eyni vaxtda öz xahişləri ilə işdən çıxıblar. Nazirliyin məqsədi belə görünür ki, əslində keçid balı toplamayıb ixtisar ilə əlaqədar işdən azad olunmalı əməkdaşları işsizliyə görə müavinət almaq hüququndan məhrum etmək olub. Ən açınaçaqlı hal isə bundan sonra baş verib. xx.xx.2020- ci il tarixdə bir ay sınaq müddəti olmaqla üç aylıq müqavilə ilə əməkdaşların xx xxxxxx 2020-ci il tarixdən işə qəbul edilməsi barədə Fondun **********6 nömrəli xx xxxxxx 2020-ci il tarixli əmri daxil oldu və onun 38 bal toplamağına baxmayaraq guya orta ixtisas təhsilli olduğu üçün özlərindən “ştatdankənar işçi” vəzifəsi ixtira edərək 600 manat əmək haqqı ilə həmin vəzifəyə təyin etdilər. Dövlət idarəsində elə bir “ştatdankənar işçi” vəzifəsi olmasa da, əmək haqqını da əvvəlki əmək haqqından aşağı müəyyən edərək ştat ilə texniki işçiyə müəyyən edilən əmək haqqı həddində müəyyən etdilər. “Əmək Məcəlləsi”nin 45 və 47-ci maddələrinə əsasən müddətli əmək müqaviləsi mövsümü işlərə və ilk dəfə işə götürülənlərlə bağlanılır. Onunla əvvəldən işlədiyi üçün “Əmək Məcəlləsi”nin 56 və 63-cü maddələrinə əsasən müddətsiz müqavilə bağlanmalı idi. Ştatların az olmasını da bəhanə gətirə bilməzlər. Çünki Xaçmaz rayonu xidmət nümayəndəliyi olaraq Quba rayonunda yaradılmış 2 saylı regional ərazi filialına tabedir. Xidmət nümayəndəliyində 14 ştat, 2 saylı regional ərazi filialında isə ilkin olaraq 41 ştat nəzərdə tutulmuş, sonradan 42 ədəd ştat da əlavə edilmişdir. Ən aşağı maaş isə mütəxəssis vəzifəsi üçün 1000 (min) manat müəyyən edilmişdir. Belə ki, orta ixtisas təhsilli olduğu üçün ən pis halda ali təhsilliləri regional ərazi filialına təyin etməklə onu xidmət nümayəndəliyində işlə təmin etməli idilər. Publik hüquqi şəxs haqqında Azərbaycan Respublikasının Qanununda və Xidmət nümayəndəliyinin əsasnaməsində işə qəbul zamanı ali təhsilin tələb olunması nəzərdə tutulmayıb. “Əmək Məcəlləsi”nin 49-cu maddəsinə əsasən işçi işə başladığı gündən əmək müqaviləsi bağlanmış hesab olunur və ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib olunmalıdır. Yuxarı təşkilatda qanunların tələblərinə o dərəcədə laqeyd yanaşılır ki, onlara hətta yazılı müqavilə də bağlanması təklif olunmamışdır. Ancaq oktyabr ayının 30-da müqavilələrin imza olunması üçün göndəriləcəyi barədə və imza olunmalı sonuncu vərəq (nümunə kimi) elektron məlumat qaydasında (çıxarış əlavə olunur) daxil olub. Qanunvericiliyin tələblərinə əsasən müqavilə 2 nüsxədə tərtib olunaraq 1 nüsxəsi işçidə qalmalı olduğu halda məlumatda müqavilənin 2 nüsxədə tərtib olunacağı tam təsdiq olunmur. Müqavilə 2 nüsxədə təqdim olunub və qanunvericiliyin tələbləri pozularaq heç bir işçidə saxlanılmayıb. O elektron qaydada iş yeri barədə məlumatı araşdırarkən onun vəzifəsi mütəxəssis kimi qeyd edilməsi aşkar edilib. Deməli onun işə qəbul olunmağı rəsmiləşdirilərkən vəzifəsi sənəddə qanunvericiliyə uyğun olmayaraq “ştatdankənar işçi”, elektron məlumatda isə düzgün olaraq “mütəxəssis” kimi qeyd olunub və həmin müddətdə əmək haqqım 1000 manat əvəzinə 600 manat məbləğində ödənilib. xx xxxxxx 2020-ci il tarixdə isə müqavilənin müddətinin bitməsi ilə əlaqədar işinə xitam veriləcəyi barədə elektron qaydada xəbərdarlıq göndərilib. Həmin tarixdə yenidən elektron qaydada göndərilən əlavə məlumatda əməkdaşların qiymətləndirmədə əldə etdiyi nəticələrin nəzərə alınacağı bildirilib(çıxarış əlavə olunub). xx xxxxxx 2020-ci il tarixdə isə xəbərdarlığı orta təhsili olan(orta ixtisas yox) əməkdaşların imzalamalı olması barədə məlumat daxil olub(çıxarış əlavə olunur). xx.xx.2020-ci il tarixdə müqavilənin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli **********8 nömrəli əmr daxil olub (əlavə olunur). Nəticədə mənə qarşı edilmiş qanunsuz hərəkətlərə son verilmiş oldu. Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarında dəfələrlə əhalinin incidilməməsi, hal-hazırkı şəraitdə heç kimi işdən çıxarmamaq barədə xəbərdarlıq etdiyi halda hələ də qanunsuzluqlara yol verilir. Aparılan struktur dəyişiklikləri vəsaitə qənaət etmək məqsədilə edilirsə, bəs onda Fondun tərkibində yüksək əmək haqqı ilə əlavə filial və departamentlər nə üçün yaradılır? Hətta yeni qrumda mütəxəssis kimi işləmək üçün ali təhsil tələb olunsa da dəyişiklikdən əvvəl işlədiyi üçün həmin tələb ona aid ola bilməz. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki şəxslərin vəziyyətinin pisləşməsinə səbəb olan normativ hüquqi aktlar geri şamil olunmur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyət orqanlarının borcudur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh iddiaçının iddia tələbinə etiraz olaraq bildirmişdir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkünsüz sayılmalıdır. Hazırkı iddia üzrə mübahisə predmeti mülki icraat qaydasında baxılmalıdır. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırkı mübahisə predmeti üzrə mübahisələndirilən əmrləri qəbul etmiş orqan DSMF Publik hüquqi şəxsi olmuşdur. Lakin Ali Məhkəmənin yuxarıda qeyd edilən yanaşmasından aydın olduğu kimi DSMF hazırkı əmək münasibətlərində hakimiyyət səlahiyyətlərinin subyekti kimi yox, xüsusi hüquq subyekti kimi çıxış etmişdir. Çünki sözügedən orqanın əmək fəaliyyəti ilə bağlı münasibətlərdə iştirakı onun hakimiyyət səlahiyyətlərini həyata keçirmə forması olmamaqla, yalnız ona xas fəaliyyətin realizə şəkli deyildir. DSMF bu münasibətlərdə hər bir işəgötürən kimi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfi kimi çıxış etmişdir. Deməli, mübahisə inzibati məhkəmə icraatı predmeti deyil, mülki məhkəmə icraatı predmetidir. Müstəsna olaraq dövlət qulluqçularının və hərbi qulluqçuların əmək münasibətləri ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsində bu mövqe aşağıdakı kimi ifadə olunmuşdur: İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. İddiaçı dövlət qulluğu vəzifəsini tutduğuna əsaslanaraq inzibati iddia ilə məhkəməyə müraciət etmişdir. Dövlət qulluğu haqqında Qanunun 9-cu maddəsinə əsasən “Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.” Publik hüquqi şəxslər haqqında Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Belə ki, DSMF xx xxxx 2020-ci il tarixli Qərarı ilə X4 çevrildiyi üçün dövlət orqanı statusunu itirmiş, bunun nəticəsi olaraq onun strukturunda dövlət qulluqçusu vəzifəsi ləğv olunmuşdur. İddiaçının mübahisələndirdiyi münasibətlər bu tarixdən sonra yarandığı üçün dövlət qulluqçusunun əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı normalar cari münasibətlərə tətbiq oluna bilməz. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırkı mübahisəyə inzibati mübahisə mövqeyindən yanaşıldığı halda belə aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır: Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ləğv edilməsi mübahisələndirilən əmrlər ƏƏSMN tərəfindən yox, DSMF tərəfindən qəbul edilmişdir. Belə ki, iddiaçı onun iddiasına cavab verməli olmayan subyektə - ƏƏSMN-ə qarşı iddia qaldıraraq mümkünlük şərtlərini pozmuşdur. Digər tərəfdən də, ərizəçinin cavabdeh orqana müraciəti və müraciətindən cavabdeh orqanın imtinası qeydə alınmadığı üçün iddiaçı tərəfindən mümkünlük şərtlərinin pozulmasına növbəti dəfə yol verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iş üzrə İddiaçı iddiasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə regional nümayəndəliklər yaradılmış və Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin xx xxxx 2020-ci il tarixli **********6 saylı əmri ilə DSMF-nin yerli bölmələrinin yerli işçiləri xx xxxx 2020-ci ildən etibarən tutduqları vəzifədən azad edilmişdirlər. DSMF publik hüquqi şəxsinin xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən İddiaçı xx xxxxxx 2020-ci ildən etibarən 3 ay müddətinə ştatdan kənar işçi kimi işə qəbul edilmişdir.Həmin müddət bitdikdən sonra DSMF publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli əmri ilə İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Hazırki iddia tələbinin predmeti DSMF-nin publik hüquqi şəxsin verdiyi xx.xx.2020-ci il tarixli əmrinin ləğvidir. Hesab olunur ki, hazır ki, iddia tələbinə mülki mühakimə qaydasında baxılmalıdır. Belə ki, Publik hüquqi şəxslər haqqında Qanunun 2.2ci maddəsinə əsasən Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Göründüyü kimi İddiaçı mübasiləndirdiyi qərar inzibati orqan tərəfindən verilməmişdir. Belə olduğu tədqirdə hazır ki, iddia tələbinə inzibati qaydada baxıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar