Məhkəmə qərarları › İş №2-1(118)-590/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-590/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-590/2023 16.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (Xaçmaz rayonu Palçıq- Oba kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin hüquq məsləhətçisi işləyən, Quba rayonu 1-ci Nügədi kəndində yaşayan) iştirakı ilə, İddiaçı Gülalı qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarı ilə ayrılmış 49 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Gülalı qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Çinartala kəndində yerləşən Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarı ilə verilmiş 49 kv m torpaq sahəsi üzərində mərhum əri X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması, həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınamz əmlakın dövlət reystrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarı ilə ayrılmış 49 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ididaçının mərhum əri X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Çinartala kəndində yerləşən Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərar ilə iddiaçının mərhum əri X4 49 kv m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi mərhumun və ailə üzvlərinin istifadəsində olmuşdur. Torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsi də inşa edilmişdir. İddiaçının əri vəfat etdikdən sonra o, mülkiyyət hüququnun ərinə məxsus olmasını təsdiq edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarı ilə fərdi mağaza quraşdırılması üçün ayrılmış 49 kv m torpaq sahəsinə icarə müqaviləsi nin təqdim edilmədiyi aşkar edilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrasından xx.xx.2022-ci il tarixli **********37 nömrəli məktubla imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümyəndəsi etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : -Xaçmaz rayon İHB xx.xx.2009-cu il tarixli 391 saylı sərəncamından çıxarışdan görünür ki, Xaçmaz rayonu, Palçıqoba kənd sakini X4 Xaçmaz rayon XDS İK-nin 09 iyul 1993cü il tarixli, 28 nömrəli protokolu ilə Xaçmaz rayonu, Çinartala kəndi ərazisində aldığı 49 m2 torpaq sahəsində fərdi ticarət və ictimai-iaşə obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. -Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarına əsasən Xaçmaz rayon Çinartala kənd sakini X4 fərdi mağaza tikintisinin quraşdırılması üçün Babək sovxozunun yararsız torpaqlarından Xudat– Xaçmaz yolunun sağ tərəfindən 49 kv m torpaq sahəsinin ayrılması qərara alınmışdır. -xx.xx.2009-cu il tarixli aktdan görünür ki, komissiya üzvlərinin müsbət rəyindən sonra kommunikasiyaların mühafizə zonalarını gözləmək şərtilə tikinti-norma və qaydalarına əməl edilməklə, E.Quliyevə Xaçmaz rayon XDS İK-nin 09 iyul 1993-cü il tarixli, 28 №-li protokolu ilə Xaçmaz rayonu Çinartala kəndi ərazisində aldığı 49 kv m torpaq sahəsində fərdi ticarət və ictimai-iaşə obyektinin tikintisinə icazə verilməsi qanunauyğun hesab edilmişdir. -Torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd X4 Xaçmaz rayonu XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarına əsasən ayrılmış 49 kv m torpaq sahəsi barəsindədir. - - AZ-İİ № 262260 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən 49 kv m torpaq sahəsi 1993-cü ildə Xaçmaz rayon XDS İK Rəyasət Heyətinin qərarına əsasən iddiaçının mərhum ərinə ayrılmış, yəni qanuni istifadəsinə verilmişdir. Həmin qərarda torpaq sahəsinin icarəyə verilməsi barədə heç bir qeydin olmamasına baxmayaraq cavabdeh inzibati orqan icarə müqaviləsinin təsdiq edilməməsi səbəbindən iddiaçıya imtina cavabı vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mərhum ərinə ayrılmış 49 kv m torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Torpağın ayrılması barədə qərarda onun icarəyə verilməsi barədə məlumat olmadığı halda cavabdehin icarə müqaviləsinin təqdim edilməməsi səbəbindən ona imtina bildirişi verməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Daşınmaz əmlakın dövlət reyestrində haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı Gülalı qızı mərhum X2 qanun üzrə vərəsəsidir. Yuxarıda qeyd olunan hüquq normasının tələbinə görə iddiaçıya hüququn ölmüş şəxsə məxsus olması haqqında cavabdeh tərəfindən arayış verilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Xaçmaz rayon XDS İK-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarı ilə ayrılmış 49 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ididaçının mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon XDS İK-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarı ilə ayrılmış 49 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ididaçının mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar