Məhkəmə qərarları › İş №2-1(118)-591/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-591/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-591/2025 03.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “texniki pasportda qeydin dəyişdirimləsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materialına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. ЖГ-seriyalı, 366862 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 8 sentyabr 1940-cı il təvəllüdlü X2 atası X11, anası X6.

2. АЗ-seriyalı, 309569 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx xxxx 1962-ci il təvəllüdlü X1 atası X7, anası X3r.

3. 20 fevral 2015-ci il tarixli, AZ-İ seriyalı, 722609 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X9 13 fevral 2015-ci il tarixdə ölmüşdür.

4. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin 17 dekabr 2021-ci il tarixli, 05/Q-5008/69 nömrəli arayışından görünür ki, X11 21 mart 1960-cı il tarixdə ölmüşdür.

5. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 9 mart 2022-ci il tarixli, 72/3 nömrəli arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 13 nömrəli protokolu ilə Baktruboprokatnı zavodunun X10 fərdi yaşayış evinin tikintisi üçün 173 saylı torpaq sahəsinin ayrılmasına qərar verilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 avqust 2022-ci il tarixli, **********20 nömrəli və 6 oktyabr 2023cü il tarixli, 3-21-3-31/2-H-0092/2023 nömrəli məktublarından görünür ki, ünvan 3 ünvanda yerləşən 11 saylı fərdi yaşayış evinə dair 1987-ci il tarixdə Əsgərova X. adına Texniki lnventarlaşdırma Bürosu tərəfindən fərdi yaşayış evi üçün texniki pasport verilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-31/2-4532/2023 nömrəli məktubu ilə ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən ünvan 4 ünvanına dair sənədlərin təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir: - dekabr 1987-ci il tarixli, 69 nömrəli ünvan 5 ünvana dair tam pay olaraq “Askerova.X”nın adına texniki pasport.

8. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 24 iyun 2024-cü il tarixli, 3-48-DA-10F/2-119/1/2024 nömrəli məktubu ilə Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 13 nömrəli protokolu (§5) göndərilmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “X.Əsgərova” qeydinin ləğv edilərək, həmin texniki pasportu qərarla məxsus olan şəxsin, babası X4 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

13. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunmuş müraciətə əlavə edilmiş protokoldan çıxarışda X5 adına 173 saylı torpaq sahəsinin ayrılması göstərilsə də, həmin torpaq sahəsinin harada yerləşməsinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin qeyd edilir ki, iddiaçı tərəfindən X5 və ya X.Əsgərovanın vərəsəsi olmasına dair sənəd təqdim edilməmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, texniki pasportunda ev sahibinin adı səhv qeyd olunmuş, torpaq sahəsinin ayrılması barədə qərarda həmin şəxsin adı qeyd olunmamışdır, odur ki, həmin şəxsin əmlaka hüququ yoxdur.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazını müdafiə edərək qeyd etmişdir ki, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “X.Əsgərova” qeydinin ləğv edilərək, həmin texniki pasportu qərarla məxsus olan şəxsin, babası X4 adına qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Hazırki tələbin faktiki olaraq icrası mümkün deyildir. Həmçinin, həmin torpaq sahəsinin harada yerləşməsinə dair də hər hansı bir məlumat mövcud deyil. Formalaşmış təcrübəyə əsasən hazırkı iddia tələbinə yalnız xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın tanınması tələbi kimi mülki icraat qaydasında baxıla bilər.

İDDİA TƏLƏBİNİN MÜMKÜNLÜYÜNƏ DAİR MƏHKƏMƏNİN MÖVQEYİ: İddianın növü və mümkünlüyü

17. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

18. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

19. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

20. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

21. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

22. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

23. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

24. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.

25. Nəzərə alınmalıdır ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

26. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, hazırda qüvvədə olan evə dair texniki pasportunun qeyd olunan şəxs “X.Əsgərova”nın adına deyil, sonuncunun oğlu X4 adına tərtib olunmalı idi. İddianı onunla əsaslandırır ki, evin yerləşdiyi torpaq sahəsi müvafiq icra hakimiyyətinin qərarı ilə X8 ayrılmışdır. Odur ki, texniki pasportunda qeyd olunan şəxsin mübahisələndirilən əmlak üzərində hüququ yoxdur.

27. Göründüyü kimi, hazırkı işdə X4 mübahisələndirilən əmlaka dair hüququnun olubolmaması müəyyən edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; ...”

29. Yuxarıda göstərilənlər əsasında məhkəmə cavabdeh orqanın mövqeyini əsaslı hesab edir.

30. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

31. Bundan əlavə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki,“... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. ...”

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1823/2023 saylı qərarında qeyd olunmuşdur ki, “26. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır. 27. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.”

33. Yuxarıda qeyd olunanlara əsasən aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

34. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ:

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “X.Əsgərova” qeydinin ləğv edilərək, həmin texniki pasportu qərarla məxsus olan şəxsin, babası X4 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar