Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5913/2025 03.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 oktyabr 2024-cü il tarixli aktından görünür ki, daxili xidməti yoxlama nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (maraqlı şəxs) yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlı şəxs 26 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-K-231886/2024 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Fond) dəvət olunmuşdur. Maraqlı şəxs 15 oktyabr 2024cü il tarixdə Fonda gəlmiş və vəzifəli şəxslər tərəfindən Fondun inzibati binasında qəbul edilmişdir. Maraqlı şəxsə xidməti yoxlama zamanı pensiya işinə daxil olan "xxxx" ASC-nin 2004-2005-ci illəri əhatə edən əməkhaqqı arayışının mötəbərliyinə əsaslı şübhələr olduğundan araşdırılması zərurəti yarandığı və monitorinq araşdırması nəticəsində həmin dövr üzrə əməkhaqqı almağı faktının təsdiqini tapmadığı, bu səbəbdən 1 iyul 2007-ci il tarixdən 30 sentyabr 2024-cü il tarixədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən edildiyi bildirilmişdir. Eyni zamanda bu cür hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Bu barədə 2 nüsxədə akt tərtib edilmiş, aktın bir nüsxəsi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında saxlanılır, digər nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunmuşdur.
2. “Azərittifaq” X2 rəhbəri Kadr İdarəsinin rəisinin 25 oktyabr 2024-cü il tarixli, AAŞ- 34/32 nömrəli məktubundan görünür ki, xx xxxxxxxx 1945-ci il təvəllüdlü Kazımov X1 arxivində saxlanan sənədlərə müvafiq olaraq həqiqətən 20 dekabr 1979-cu il tarixdən (əmr №93,§2, 21 dekabr 1979-cu il) yanvar 1989-cu il tarixədək Azərittifaqın tərkibində olan Təmir-quraşdırma idarəsində (RSU-Azkooppişeprom) və Xüsusiləşdirilmiş Tikinti-təmir idarəsində (SRMU-1 Azkoopspesmontaj) usta vəzifəsində işləmişdir. Qoşma şəklində əmək haqqı cədvəlləri təqdim edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 yanvar 2025-ci il tarixli, 3-17-1/2-K-7591/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 22 noyabr 2024-cü il tarixli müraciəti zamanı təqdim edilən “Astara” çoxsahəli kiçik müəssisəsinin arayışında qeyd olunmuş həmin müəssisədə mötəbərliyinə əsaslı şübhələr olan 1 yanvar 2000-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. Bildirilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin 11 dekabr 2024-cü il tarixli arayışına əsasən “Astara” çoxsahəli kiçik müəssisəsinin arxiv sənədləri Abşeron Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Müraciətilə əlaqədar olaraq bildirilmişdir ki, “Astara” çoxsahəli kiçik müəssisəsinin hüquqi ünvanı aşkar edilmədiyindən sözügedən müəssisədə olan əmək fəaliyyəti dövrünün araşdırılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, “Astara” çoxsahəli kiçik müəssisəsinin hüquqi ünvanı barədə məlumat təqdim etdikdən və həmin müəssisədə əmək fəaliyyəti dövrü araşdırıldıqdan sonra yaşa görə əmək pensiyanın yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 may 2025-ci il tarixli, 3-17-1/2-K-101137/2025 nömrəli İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, təqdim edilən və pensiya işindəki sənədlərin surətlərində, eyni zamanda Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək 35 il 3 ay sığorta stajına uyğun olaraq “Astara” kiçik müəssisəsində olan 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqını 85 faizi, 1 aprel 2006-cı il tarixdən 1 sentyabr 2007-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 70,40 manat (2007-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq və Qanunun 29.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla 1 yanvar 2025-ci il tarixdən 539,38 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, 11 sentyabr 2007-ci il tarixdə əmək pensiyasının təyin edilməsi zamanı orta aylıq əmək haqqının məbləği 108,16 manat (“Astara” kiçik müəssisəsi) hesablanmalı olduğu halda, 274,62 manat ("xxxx" ASC) nəzərə alınmışdır. Bu səbəbdən əmək pensiyasının məbləğində 1 iyul 2007-ci il tarixdən (əmək pensiyası ödənildiyi tarixdən) 31 oktyabr 2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Bildirilmişdir ki, təqdim edilən “Astara” kiçik müəssisəsinin əməkhaqqı arayışı əsasında əmək pensiyasının yenidən hesablanması zamanı müəyyən edilmiş ötən dövr üzrə hesablanmış məbləğ əmək pensiyasının məbləğində müəyyən edilmiş artıqödəmə məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 8 yanvar 2024-cü il tarixli, 3-17-1/1-K-468/2025 nömrəli qərarından görünür ki, İddiaçı 11 sentyabr 2007-ci il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 397,07 manat, yenidən hesablanmış pensiya məbləği 397,07 manat, yenidən hesablanmanın səbəbi “İnventarizasiya” olaraq göstərilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 17 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı 11 sentyabr 2007-ci il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 1.069,42 manat, yenidən hesablanmış pensiya məbləği 397,07 manat, yenidən hesablanmanın səbəbi “İnventarizasiya” olaraq göstərilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı 11 sentyabr 2007-ci il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 1.069,42 manat, yenidən hesablanmış pensiya məbləği 397,07 manat, yenidən hesablanmanın səbəbi “İnventarizasiya” olaraq göstərilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3 mart 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı 11 sentyabr 2007-ci il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 429,23 manat, yenidən hesablanmış pensiya məbləği 539,38 manat, yenidən hesablanmanın səbəbi “İnventarizasiya” olaraq göstərilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 22 aprel 2025-ci il tarixli, 3-17-1/1-K-82029/2025 nömrəli qərarından görünür ki, İddiaçı 11 sentyabr 2007-ci il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 539,38 manat, yenidən hesablanmış pensiya məbləği 539,38 manat, yenidən hesablanmanın səbəbi “İnventarizasiya” olaraq göstərilmişdir.
10. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Müraciət vərəqə”ləri.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyanı iş stajı ilə əlaqədar təqdim etdiyi sənədləri və sübutları nəzərə alıb pozulmuş pensiya hüquqlarının bərpa olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 iyul 2007-ci il tarixdə iddiaçıya orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunduqda 1965-2007-ci il tarixə kimi 42 il əməkhaqqı arayışlarını və əmək kitabçasını Abşeron rayon Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. Əmək pensiyasının məbləği 274,62 manat olmuşdur. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 11 sentyabr 2007-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən yaşa görə 2024-cü il tarixə kimi əmək pensiyasın almışdır. 17 ildən sonra, yəni 15 oktyabr 2024-cü il tarixdə cavabdeh əmək pensiyanı dayandıraraq ləğv etmişdir. 22 noyabr 2024-cü il – 30 dekabr 2024-cü il tarixli müraciətlərinə əsasən cavabdeh 2000- 2006-cı il tarixini əhatə edən əməkhaqqı arayışlarını araşdırmış və 17 il bundan əvvəl təyin olunmuş 274,62 manat pensiyanın ləğv olunması üçün heç bir əsas tapmamışdır. Təyin olunmuş orta aylığ əmək haqqı məbləği 274,62 manat kəsilərək 108,16 manat olmuşdur. 15 oktyabr 2024-cü il tarixli yoxlama aktında "xxxx" ASC-nin 2004-2005-ci illəri əhatə edən əməkhaqqı arayışını bəhanə edərək əmək pensiyasının azalmasına qanun pozuntuları ilə nail olmuşlar. Belə ki, 2000-2006-cı il tarixə kimi orta əməkhaqqının miqdarı 22.330.890 manat olmuş və dəyəri dəyişərək (2005-ci il tarixdə pulun nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi nəticəsində) əməkhaqqının sığorta hissəsi 4.582 manat olmuşdur. Cavabdeh 4.582 manatı əmək haqqının sığorta hissəsi kimi təsdiq etmiş və bunun sığorta hissəsini yanlış olaraq 70,40 manat hesablayaraq qanunvericiliyə zidd 397,07 manat pensia təyin etmişdir. 2000-2006-cı illəri əhatə edən əməkhaqqı pensiyanı tam hesaba alınmadan hər il üçün 7x5 manat (35 manat) əlavə etmişdir.
13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3 mart 2025-ci il tarixli (401377 saylı pensiya işi üzrə) qərarın ləğvi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, azaldılan və tutulan pensiya məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 3 fevral 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmiş, imtina məktubunda göstərilən hallara (§3, 4) istinad edilməklə, iddianın təmin edilməməsi xahiş edilmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 26.1, 27.1, 29.1, 32.1, 37.8.3, 39.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17, 71, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2, 21.2, 24.3, 28.1.2, 63.1, 63.2-ci maddələrinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 1175 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi İPM-in 12.1, 58.7-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
20. İrəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. İstər məhkəmənin sərəncamına münasibətdə təqdim olunmuş etirazda, istərsə də məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatında iddia tələbinin məzmunu və mümkünlük şərtləri mübahisələndirilməmişdir. Bundan əlavə, İPM-in 13-cü maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı ilə iddia tələbinin məzmunu müzakirə edilmiş, tələbin hazırkı formada tərtib edilməsi məqsədəuyğun hesab edilmişdir.
22. Maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Bu norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisənin həll edilməsini həyata keçirsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması (12-ci maddə) prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz iddia tələbinə bağlılıq məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir. İddia tələbinin həcmini isə iddiaçı müəyyən edir və iddia ərizəsində onu dəqiq, aydın ifadə edir. Ona görə də inzibati prosesdə “reformatio in peius” (lat. Reformation - dəyişiklik, peius-daha pis) yolverilməzdir. (Kərimov S., Vəliyeva G. Azərbaycan Respubliaksının İnzibati Prosessual Məcəlləsinin Kommentariyası. BAkı-2009)
23. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
25. Həmçinin, İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq:
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinəke çiddir; (-)
Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (-)
28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-)
Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. (-)
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
31. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
32. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
33. Belə ki, iddia tələbinin əsasına görə ona 1 iyul 2007-ci il tarixdə il tarixdən əmək pensiyası təyin edilmiş, pensiya təyin olunduqda 1965-2007-ci il tarixə kimi 42 il əməkhaqqı arayışları və əmək kitabçası nəzərə alınmış, lakin əsassız olaraq 15 oktyabr 2024-cü il tarixdə əmək pensiyası kəsilmişdir.
34. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya 11 sentyabr 2007-ci il tarixdə əmək pensiyasının təyin edilməsi zamanı orta aylıq əmək haqqının məbləği 108,16 manat (“Astara” kiçik müəssisəsi) hesablanmalı olduğu halda, 274,62 manat ("xxxx" ASC) nəzərə alınmışdır. Bu səbəbdən əmək pensiyasının məbləğində 1 iyul 2007-ci il tarixdən (əmək pensiyası ödənildiyi tarixdən) 31 oktyabr 2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki, sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.”
36. Göründüyü kimi, inzibati orqan şəxsin pensiyası ilə əlaqədar əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
37. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına görə, iddiaçıya 1 iyul 2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdeh tərəfindən 22 noyabr 2024-cü il tarixli müraciəti zamanı təqdim edilən “Astara” çoxsahəli kiçik müəssisəsinin arayışında qeyd olunmuş həmin müəssisədə mötəbərliyinə əsaslı şübhələr olan 1 yanvar 2000-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək əmək fəaliyyəti dövrü araşdırılmış, nəticədə Abşeron Rayon Dövlət Arxivinin 11 dekabr 2024-cü il tarixli arayışına əsasən “Astara” çoxsahəli kiçik müəssisəsinin arxiv sənədlərinin Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmədiyi, əmək pensiyasının təyin edilməsi zamanı orta aylıq əmək haqqının məbləği 108,16 manat (“Astara” kiçik müəssisəsi) hesablanmalı olduğu halda, 274,62 manat ("xxxx" ASC) nəzərə alındığı, 1 iyul 2007-ci il tarixdən 31 oktyabr 2024-cü il tarixədək 79.703,37 manat məbləğində artıqödəmənin baş verdiyi, həmin məbləğin iddiaçının pensiyasından bərpa edilməsi müəyyən edilmişdir.
38. Bununla da aydın olur ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözləməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində pensiyanın səhv hesablanmasına səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək pensiyası yenidən hesablandığı 1 oktyabr 2007-ci il tarixdən cavabdeh təxminən 14 il sonra iddiaçının pensiya məbləğinin səhv hesablandığını bildirilməsində və pensiyadan müvafiq tutulmaların aparılmasında haqlı olmamışdır.
39. Bundan əlavə, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş inzibati icraatın aparılması qaydası gözlənilməmiş, iddiaçı ona münasibətdə aparılan icraata cəlb edilsə də, azalmanın və digər dəyişiklərin aparılması qaydası lazımi qaydada nəzərinə çatdırılmamış yeni qərar qəbul edilmişdir.
40. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.
NƏTİCƏVİ HİSSƏ
41. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3 mart 2025ci il tarixli (401377 saylı pensiya işi üzrə) qərarı ləğv edilsin və İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi, azaldılan və tutulan pensiya məbləğlərinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova