Məhkəmə qərarları › İş №2-1(118)-5928/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5928/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5928/2024 14.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: valideynlərindən anası“məcburi köçkün”olan uşaqlara “məcburi köçkün” statusunun verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Hətəmova X8 Şirzad Ədalət oğlu ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı, 11.11,2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)445/2023 nömrli qətnaməsi ilə Abdullayev Şirzad Ədalət oğlu ilə nikah pozulmuşdur. Qanuni nümayəndə Komitə tərəfindən Laçın rayonundan məcburi köçkün olmaqla xx.xx.2020 -ci il tarixli AA seriyalı 447482 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Oğluna məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitə tərəfindən 2024-cü il xx.xx.2024 tarixli 3-36-3/2-H-11144-48- 2024/8187 nömrəli məktubla cavab verilərək, imtina edilmişdir. Həmin məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6 bəndinin tələblərinə əsasən, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Qanuni nümayəndə hal-hazırda ünvan 1 ünvanında daimi qeydiyyatda olduğu və həmçinin uşağın atası Abdullayev Şirzad Ədalət oğlunun məcburi köçkün olmadığını əsas gətirərək oğlu İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Lakin, Komitə tərəfindən verilmiş imtina cavabı mövcud qanunvericiliyə tamamilə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbinə əsasən, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Həmin maddənin tələblərinə əsasən, Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə (Bərabərlik hüququ) əsasən, Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin statusu haqqında Qanununun tələbinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Konstitusiyanın müddəalarından göründüyü kimi kişi ilə qadının hüquqları və azadlıqları eynidir. Onlar arasmda hüquq və azadlıqların bərabərliyinə dövlət təminat verir. Cavabdeh uşağın atasının məcburi köçkün statusunun olmadığına dair imtina versə də, anası məcburi köçkün statusuna malik olduğu üçün onun övladlarına məcburi köçkün statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları mövcuddur. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47.2-ci bəndinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Bildiririk ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçının anası Qanuni nümayəndə “övladlarına məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 atası Abdullayev Şirzad Ədalət oğlu məcburi köçkün statusuna malik olmadığından və sizin də qeydiyyatınız “ünvan 2 ünvanında olduğundan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il 21 may tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il 21 may tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Abdullayev Şirzad Ədalət oğlu məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; Abdullayev Şirzad Ədalət oğlu “ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı anası X9 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; X9 “ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. İddiaçı atası Abdullayev Şirzad Ədalət oğlu məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Sumqayıt şəhəri” olduğundan, habelə iddiaçının anası X4 da qeydiyyatı yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Sumqayıt şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. O uşaqlara məcburi köçkün statusu verilir ki, Valideynlərindən atası ’’məcburi köçkün” statusuna malik olsun; Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. İddiaçıya münasibətdə yuxarıda salanan üç şərtdən ikisinin ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Seriya AA 447482 olan məcburi köçkün vəsiqəsinə əsasən Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə malikdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Abdullayev Şirzad Ədalət oğlu və Qanuni nümayəndə arasında nikah pozulmuş, İddiaçı Qanuni nümayəndə yanında qalması qət edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər; 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşin hallarından görünür ki, iddiaçının atasının məcburi köçkün statusu yoxdur. İddiaçının anası Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 96 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı anası Qanuni nümayəndə yanında qalması qət edilmişdir. Cavabdeh iddia tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən bəndinə görə, uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Cavabdehin imtinasının əsası iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci və 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarları kontekstində eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Seriya AA 447482 olan məcburi köçkün vəsiqəsinə əsasən Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Abdullayev Şirzad Ədalət oğlu və Qanuni nümayəndə arasında nikah pozulmuş, İddiaçı anasının yanında qalması qət edilmişdir. Göründüyü kimi iddiaçı məhkəmə qətnaməsi ilə məcburi köçkün statusuna malik anasının himayəsinə verilmişdir. İddiaçının anası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyatı Sumqayıt şəhəri olsa da, o məcburi köçkün statusunu itirməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi (...) Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Məhkəmə həmçinin qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarındakı mövqeyə görə:

45. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur.

46. Qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməklə iddia tələbinin rədd edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd olmuşdur. Məhkəmə sözügedən Qaydaların atası “məcburi köşkün” statusuna malik uşaqların məcburi köçkün statusunun verilməsi barədə müddəasının, iddiaçının uşaqlarına münasibətdə ayrı-seçkilik baxımından yanaşmasına qiymət verməmişdir. Beləliklə məhkəmə belə qərara gəlir ki, Qanuni nümayəndə məcburi köçkün statusuna malik olduğundan və İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə anası - Qanuni nümayəndə yanında qalması qət edildiyindən iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilməsi onun hüquqlarını pozmuşdur. Hazırkı iş üzrə iddiaçı tərəf arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar