Məhkəmə qərarları › İş №2-1(118)-593/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-593/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-593/2022 19.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı X2 (işləməyən, Quba rayonu, İ Nügədi kəndində yaşayan) iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcəli əlilliyin müddətsiz təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Quba rayon Mərkəzi Xəstəxanasına qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin müddətsiz təyin olunması və əlilliyə görə əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Mərkəzi Xəstəxanasının cavabdehlərin sırasından çıxarılaraq ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. Artıq uzun illərdir ki, ürək çatışmazlığından, ağ ciyər hipertenziyası və digər xəstəliklərdən əziyyət çəkir. Xəstəlikləri ilə bağlı dəfələrlə müxtəlif xəstəxanalardaa müalicə və müayinələrdə olmuşdur. Ona hipertrofik kardiomiopatiya, ağ ciyər hipertenziyası, mitral qapağın (prolapsi) düşməsi, mitral çatışmazlığı, xroniki ürək çatışmazlığı, ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, essensial (birincili) hipertenziya, döş fəqərələrinin osteoxondrozu, nevrosteniya asteno nevrotik hal diaqnozları qoyulmuşdur. 2004-cü ilin mart ayında xəstəlikləri ilə bağlı ll dərəcə əlillik təyin edilmiş və 2021-ci ilin mart ayına kimi əmək pensiyası almışdır. 2021-ci ilin aprel ayında pensiyanın ödənişi kəsilmişdir. 2021-ci ilin iyun ayında Quba rayon Mərkəzi Xəstəxanası göndərişlə onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 göndərmişdir. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasının qəbulunda olmuşdur. xx.xx.2021-ci il tarixdə komissiya tərəfindən ona əlillik dərəcəsinin yəyin edilməsindən imtina edilmiş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması və aparılan müayinələrin diaqnozu və ağırlaşmanı təsdiq etmədiyini göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, X2 əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “stenokardiya” diaqnozu ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0244003AABE9 saylı göndərişi əsasında baxılmış və “gərginİik stenokardiyası İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi, ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci- üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “gərginlik stenokardiyası, aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi, ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAMA6 saylı göndərişi əsasında baxılmış, “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX stabil gərginlik stenokardiyası, ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, digər hipertrofik kardiomiopatiya, hipertrofik kardiomiopatiya” diaqnozu göstərilmişdir. Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AANVN saylı göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması, xəstəyə aparılan müayinələr diaqnozu və ağırlaşması təsdiq edilmədiyindən imtina cavabı verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. İş materiallarında olan : -Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 0244003AAMA6 nömrəli göndərişdən görünür ki, X2 əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, X3 xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 (bir) il müddətinə, 2016-cı ildə 5 il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. -TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, X3 əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “əlavə müalicəyə ehtiyacın olması” qeyd edilmişdir. - TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, X3 əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “ əlavə müalicəyə ehtiyacın olması” qeyd edilmişdir. - İddiaçı aid ambulator xəstəsinin fərdi vərəqindən görünür ki, o, xx.xx.2005-ci il, xx.xx.2006-ci il,xx.xx.2007-ci il və xx.xx.2018-cü illərdə əlillik müddəti bitdiyi üçün TSEK-na göndərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X8 tərəfindən verilmiş T 183/2022 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən şəxsin səhhətini əks etdirən 142.2-digər hipertrofik kardiomiopatiya, arterial hipertenziya İİ dərəcə, risk İV, ağciyər hİpertenziyası. Ağırlaşma: İ34.1-mitral qapağın (proiapsı) düşməsi, mitral çatmamazlığı нГ dər; dəqiqləşdirilməmiş ürək çatmamazhğı, xroniki ürək çatrnamazlığı İİ dər. (AF- 43%). İ49.9- ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, səyrici aritmiya normosistolik forma diaqnozu şəxsin əyani müayinəsi zamanı “Kİiniki Tibbi Mərkəzi”nə göndərilərkən instrumental müayinənin nəticəsi ilə bir daha təsdiq olunsa da müalicəsi yetərsiz olmuşdur. Odur ki, o, ixtisaslaşmış tibb müəssisəsində müalicə olunmaqla yenidən Forma 88 rəsmiləşdirildikdən sonra əlillik dərəcəsinin təyininə baxıla bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə kı, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. İş materiallarından görünür ki, iddiaçıya 2004-cü ildən başlayaraq hər il 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə ikinci qrup əllilik dərəcəsi təyin edilmişdir. 2021ci ilin mart ayınadək o, əlilliyə görə əmək pensiyası almışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyində də iddiaçıya əyin edilmiş diaqnoz öz təsdiqini tapmışdır. Sadəcə müalicələrin yetərsiz olması və müalicə aldıqdan və yenidən forma 88 göndərişinin rəsçmişləşdirilməsindən səbəbindən əlillik dərəcəsinə baxıla biləcəyi göstərilmişdir. Yuxarıda göstərilən normalarda ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətinə təyin olunduğu halda əlilliyin müddətdsiz müəyən edilməsi üçün “Forma 88” –in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Cavabdeh imntina cavabında və etirazında əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişin təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Halbuki, cavabdehin bu dəlili hər hansı normativ sənədlə təsdiq olunmur. Bununla balı cavabdehin dəlili əsaslı sayıla bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X3 ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X3 ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar