Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-594/2022 31.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu, Samur qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində mərhum həyat yoldaşı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu, Samur qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən qeyriyaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində mərhum həyat yoldaşı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 02 Noyabr 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edərək, Qusar rayonu, Samur qəsəbəsində yerləşən və məhrum həyat yoldaşı X2 ayrılmış 0,04 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində X1 adına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin 10 Noyabr 2021-ci il tarixli **********21 qeydiyyat nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə vətəndaş İddiaçı bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sanadlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,04 ha torpaq sahəsinə və qeyri-yaşayış binasına "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə, dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı 20 ildən artıq müddətdir ki, həmin əmlaka sahiblik etməklə fasiləsiz olaraq ondan istifadə etmiş və zəruri rüsumların vaxtlı-vaxtında ödəməsini təmin etmişdir. Odur ki. qeyd olunanlarla əlaqədar, əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilməsi üçün Samur qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mərhum həyat yoldaşı X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz. Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlsədə də etibarnamədə iddiaçını məhkəmədə təmsil etmək səlahiyyəti qeyd edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı “Qusar rayonu, Samur qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində mərhum həyat yoldaşı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasına əsasən, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Bundan əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mövcud hüquqların qeydiyyatı ilə bağlı fərqli tənzimləmələr mövcuddur. Məhkəmə praktikasında “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a uyğun olaraq mübahisələrin həlli mövcud olsada, hazırda yuxarı instansiya məhkəmələrində bu çür mübahisələrin həllinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq həll edilməli olması mövqeyi formalaşdığına görə, hüquqi müəyyənlik prinsipi baxımından məhkəmə hesab edir ki, bu çür mübahisələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun həll edilməlidir. Hazırkı iş üzrə iş materiallarından görsənir ki, iddiaçı ölmüş şəxsin hüquqlarının qeydə alınması ilə bağlı inzibati orqana müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununla cavabdeh inzibati orqana bu cür səlahiyyət verilmədiyinə görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, o “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq cavabdeh inzibati orqana təkrar müraciət edə bilər, inzibati orqan imtina vəya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-594/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-594/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver