Məhkəmə qərarları › İş №2-1(118)-5958/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5958/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5958/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızı İddiaçı cavadehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehlərin hərəkətlərini qanunsuz hesab etməklə, 1993-cü il tarixdən məskunlaşdığı ünvan 1 ünvanın bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında məhkəmə iclasından kənar qaydada yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavadehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehlərin hərəkətlərini qanunsuz hesab etməklə, 1993-cü il tarixdən məskunlaşdığı ünvan 1 ünvanın bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən (məhkəmənin yardım etmək vəzifəsi) iddiaçılara hüquqi yardım məktubu ünvanlanaraq məhkəmə iclasına dəvət edilmiş, hazırki iddia tələbinin düzgün inzibati orqana yönəldilmədiyi və qeyd edilən halın iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. İddiaçı hal-hazırda məhkəmədən “1993-cü il tarixdən məskunlaşdığı ünvan 1 ünvanın bərpa edilməsinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə bildirir ki, iddiaçının hazırki mübahisəyə dair subyektiv hüququ müəyyən edilmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının tələbinə münasibətdə qanunvericiliklə hazırki cavabdehə daşınmaz əmlakın ünvanının dəyişdirilməsinə dair hər hansı bir səlahiyyət verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini səlahiyyəti olmayan inzibati orqana yönəltdiyindən onun iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə iclasında iştirak edən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək bildirilmişdir ki, cavabdeh əsl cavabdehlə əvəz edilsə belə, qanunvericilik normalarına əsasən məhkəməyə müraciət etməmişdən öncə cavabdeh orqana konkret tələblərlə müraciəti iş materiallarında aşkar edilmir. Məhkəmə həmçinin bildirir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblərlə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələblərinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçıya izah olunmalıdır ki, hazırki iddia tələbinə dair səlahiyyəti olan inzibati orqana rəsmi şəkildə müraciət etdikdən sonra (eyni zamanda inzibati orqan tərəfindən onun tələblərinin təmin edilmədiyi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilmədiyi halda) məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qeyd olunan əsasa görə məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavadehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehlərin hərəkətlərini qanunsuz hesab etməklə, 1993-cü il tarixdən məskunlaşdığı ünvan 2 ünvanın bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar