Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-596/2021 03.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X5 (ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1955-ci ildə Ermənistan Respublikası Cermux rayonunda anadan olmuşdur. O, 28.08.2019-cu il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Oradan ona ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “X4" Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilər fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. O, xx.xx.1955-ci il təvəllüdlü olduğuna görə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 23040.00 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 17881.03 manat pensiya sığorta kapitalının olması səbəbindən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Halbuki, onun 28 ildən çox sığorta stajı vardır. Bu onun əmək kitabçasında öz təsdiqini tapır. Lakin cavabdeh təşkilat bunu nəzərə almamış və ona imtina vermişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı 13 noyabr 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı “Əmək pensiyaları haqında” Qanunun 7-ci maddəsinə əsaslanaraq imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına baxış keçirdikdə 1 №-li qeydlərdə işə daxil olma tarixi 12.11.1968-ci il görünür. İddiaçı isə xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının təvəllüdü ilə işə başlaması arasında 13 illik fərq var. İddiaçının o zamankı SSRİ-nin əmək qanunvericiliyinə görə 13 yaşında əmək kitabçasındakı qeydə əsasən zavodda işə başlamağı qanunvericiliklə qadağan idi. Həmçinin, əmək kitabçasının açılma tarixi 12.09.1973-cü il kimi qeyd edilmişdir. Halbuki, iddiaçının işə daxilolma qeydi 12.11.1968-ci il tarixi kimi qeyd edilir. Bu səbəbdən də də əmək kitabçasındakı həmin qeydlərin mötəbərliyinə dair əsaslı şübhələr yaranır. Əlavə olaraq iddiaçının əmək kitabçasındakı bütün qeydlər və hərbi xidmət illəri sosial sığorta stajı illəri kimi hesablansa, iddiaçının 24 illik sosial sığorta stajı yaranır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən 65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaş 65 yaşına 01.05.2020-ci il də çatdığı üçün pensiya hüququ yaranmışdır. İddiaçının pensiya hüququ yaransa belə, 25 illik sosial sığorta stajı tələbi ödənilmədiyindən ona pensiya təyin olunmasından imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş : - 12.09.1973-cü il tarixdə X6 adına açılmış əmək kitabçasından görünür ki, o, 12.11.1968-ci ildən 24.09.1973-cü il tarixədək “Cermux” mineral sular zavodunda fəhlə (4 il 10 ay 12 gün), 01.11.1976-cı ildən 01.12.1981-ci il tarixədək X3 Trestində 3-cü dərəcəli sürücü (05 il 01 ay), 06.01.1982-ci il tarixdən 01.05.1982-ci il tarixədək Cermux rayon Kommunal müəssisələrin Kombinatında (03 ay 26 gün), 14.05.1982-ci il tarixdən 04.11.1985-ci il tarixədək (03 il 05 ay 20 gün) və 24.02.1986-cı il tarixdən 25.05.1987-ci il tarixədək (01 il 03 ay 01 gün) X3 Trestində 3-cü dərəcəli sürücü, 01.09.1987-ci il tarixdən 15.05.1988-ci il tarixədək “Erebuni” Kosntruktor-Texnologiya Bürosunda 3-cü dərəcəli sürücü (08 ay 14 gün), 09.08.1988-ci il tarixdən 01.05.1997-ci il tarixədək Sumqayıt Səhiyyə şöbəsinin Mərkəzləşdirilmiş qarajında 3-cü dərəcəli sürücü (08 il 08 ay 23 gün) işləmişdir. - НЗ № ******* saylı hərbi biletdən görünür ki, X8 30.10.1973-23.11.1975-ci illər ərzində (02 il 23 gün) isə həqiqi hərbi xidmət keçmişdir. - DSMF-nin 1 saylı Regional Ərazi filialının 18.11.2020-ci il tarixli, **********6 saylı imtina məktubundan görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial siğorta stajına qarşı 18 il 09 ay siğorta stajı və ya tələb olunan siğorta kapitalı 28800,00 manat sosial siğortaya qarşı fərdi hesabın siğorta hissəsində 17790.10 manat olması səbəbindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «X4» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «X4» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “X4” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 13 nömrəli Əlavəyə əsasən əlilliyə görə pensiya təyin olunması üçün pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış; müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış, ərizəçinin Qanunun 19cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) tələb olunur. X1 SSRİ tərəfindən qəbul olunmuş “Uşaqların sənayedə işə götürülməsi üçün minimum yaş həddi haqqında” 59 nömrəli Konvensiyanın 2-ci maddəsinin 1-ci müddəasına görə “On beş yaşına çatmamış uşaqlar heç bir dövlətvə ya özəl sənaye müəssisəsində və ya onun hər hansı bir şöbəsində işə qəbul oluna və ya işləyə bilməzlər”. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 15 yaşına çatana kimi işlədiyi dövr onun sosial sığorta stajından çıxılsa belə təqdim etdiyi əmək kitabçası ilə onun 25 il 06 gün sosial sığorta stajına malik olması öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, cavabdehin əmək kitabçasının 12.09.1973-cü il tarixdə açılması, işə qəbul edilmə əmrinin isə 1968-ci ilə aid olmasına dair dəlili iddianın rədd eidlməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh imtina məktubunda iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 18 il 09 ay sığorta stajına malik olmasını qeyd etsə də, iddia ərizəsinə etirazında ümumiyyətlə, iddiaçının əmək kitabçasında aparılan qeydləri şübhə altına almışdır. Bununla bağlı məhkəmə cavabdeh inzibati orqana sorğu ilə müraciət edərək cavabdehin hansı dövrün sosial sığorta stajı kimi qəbul edib, hansı dövrü qəbul etməməsinə aydınlıq gətirilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən həmin sorğuya cavab verilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinə ümumilikdə qiymət verərək iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması qənatəinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-596/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-596/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver