Məhkəmə qərarları › İş №2-1(118)-5998/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5998/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5998/2025 25.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pasport qeydiyyatından çıxarılma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, X4, X7 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, cv30,mənziİ 14 10/40 saylı orderə əsasən iddiaçıya məxsusdur. Həmin mənzildə ailəsilə birlikdə qeydiyyatdadır və orada daimi yaşayır. Lakin onlardan başqa mənzildə gəlini və övladları da qeydiyyatdadırlar. Həmin şəxslər formal olaraq qeydiyyatdadırlar. Onların özünün ayrı yaşadığı 3 otaqlı həyət evi və Sumqayıt şəhəri, 18-ci mikrorayonda bina evləri var. Qeydiyyatda olsalar da heç vaxt mənzildə yaşamayıblar. Hal-hazırda cavabdeh şəxslərin mənzildə hələ də formal olaraq qeydiyyatda qalması iddiaçının hüquqlarının pozulmasına, əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Belə ki, cavabdeh şəxslərin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək cavabdeh şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Sumqayıt şəhər Polis İdarəsinin 19.05. 2025-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina olunaraq qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə aidiyyəti üzrə məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh şəxslərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdeh şəxslərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında qeyd edilir ki, “göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yen üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada taktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yen üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4, X7 və X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər etirazında qeyd etmişdir ki, iddiaçının iddia ərizəsi özündə hər hansı bir həqiqəti əks etdirmir, qanunsuz və əsassızdır, qanunla qorunan maraqlarını kobudcasına pozur, ona görə də iddia ərizəsi rədd edilməlidir. Məhkəməyə bildirir ki, İddiaçı qaynatasıdır. İddiaçının oğlu X6 ilə xx.xx.2001-ci ildə nigaha girmiş, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 30-da yerləşən 14 saylı mənzilə ailə üzvlərinin razılığı ilə gəlin köçmüş, onlarla birgə təsərrüfat aparmışdır. Övladları-iddiaçının nəvələri mübahisəli mənzildə doğulmuşlar. 2002-ci ildə mənzil sahibinin təzyiqləri nəticəsində məcbur olaraq başqa yerdə kirayə mənzil tutaraq yaşamışdır. Başa düşəndə ki, onu yaşadığı mənzilə qeydiyyata salmaq istəmədikləri səbəbindən məhkəməyə müraciət edərək mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə haqqında iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 02 oktyabr 2003-cü il tarixli 2-1559 saylı qətnaməsi ilə iddiam təmin edilmiş mübahisəli mənzilə istifadə hüququ tanınmış, azyaşlı uşağı ilə həmin mənzilə köçürülmüşdür. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin 26 fevral 2004-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxs X4 iştirak etmiş, etirazı müdafiə edərək mübahisəli mənzilə istifadə hüququnun olması və mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsinin olduğunu, lakin iddiaçı və ailə üzvləri tərəfindən ona mənzildə yaşamağa imkan verilmədiyini bildirmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər Məhkəməsinin 2-1559 saylı 2003-cü il tarixli qətnaməsi əsasında X3 ünvan 1-də yerləşən yaşayış sahəsinə istifadə hüququ tanınmış, azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 6K-1149 saylı Qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 2-1559 saylı 2003-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə xx.xx.2004-cü il tarixli, 1MK-553/2004 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2-2214 saylı, 10 dekabr 2004-cü il tarixli qətnaməsi əsasında Sumqayıt şəhər 11-ci mikrorayon, ev 30-da yerləşən, 14 saylı mənzilin özəlləşdirilməsi ləğv edilmiş, həmin mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ 008796 saylı şəhadətnamənin surətindən görünür ki, X3 adı və soyadı “Əhmədova Zeynəb”ə dəyişdirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1984-cü il tarixli 10/40 nömrəli orderinə, MİS-nin xx.xx.2003-cü il tarixli 2 nömrəli forma arayışına və notariat kontoru tərəfindən təsdiq olunmuş razılıq ərizələrinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 30 ünvanında yerləşən 14 nömrəli mənzil üzərində keçmiş DTİ və MHQ idarəsinin xx.xx.2003-cü il tarixli 30119 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2214-2004 saylı qətnaməsi əsasında qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1984-cü il tarixli 10/40 nömrəli orderinə, Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2014-cü il tarixli 854 nömrəli arxiv çıxarışına, MİS-nin xx.xx.2014- cü il tarixli 2 nömrəli forma arayışına və notariat kontoru tərəfindən təsdiq olunmuş razılıq ərizələrinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 30 ünvanında yerləşən 14 nömrəli mənzil üzərində xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-7063/2018 saylı qətnaməsi əsasında çıxarış ləğv olunmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı X4, X7 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarını istəyir. İddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi şəxslər gəlini və nəvələridir. Sumqayıt şəhər Məhkəməsinin 2-1559 saylı 2003-cü il tarixli qətnaməsi əsasında X3 ünvan 1-də yerləşən yaşayış sahəsinə istifadə hüququ tanınmış, azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ 008796 saylı şəhadətnamənin surətindən görünür ki, X3 adı və soyadı “Əhmədova Zeynəb”ə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 6K-1149 saylı Qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 2-1559 saylı 2003-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə xx.xx.2004-cü il tarixli, 1MK-553/2004 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır. İşin hallarından görünür ki, üçüncü şəxslərin mənzilə istifadə hüququ mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar