Məhkəmə qərarları › İş №2-1(118)-6/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsini zəbt edilməsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv metr olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 500000 (beş yüz min) manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv metr olan qeyri-yaşayış binası mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən daşınmaz əmlaklar 12.05.2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışla onun adına **********56-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə 12.05.2017-ci il tarixində qeydiyyata alınmışdır. 09 mart 2018-ci il tarixində mülkiyyətində olan sahəyə baş çəkərkən mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış binasının tamamən və ərazini əhatə edən hasarın isə bir hissəsinin söküldüyünü, ərazidə ağır texnikanın və işçilərin çalışdığını görmüşdür. Ərazidə çalışan ağır texnikanın üzərindəki yazıdan və orada işləyən şəxslərin verdikləri məlumata əsasən müəyyən etmiş ki, qanunsuz söküntü işləri və həmin vaxt orada aparılan digər işlər “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. O dərhal işlərin dayandırılmasını, texnikanın və işçilərin ərazidən çıxarılmasını tələb etməsinə baxmayaraq orada işləyən şəxslər işlərin Cavabdeh ASC-nin rəhbərliyinin tapşırığı ilə həyata keçirildiyini bildirdilər. Sonradan Cavabdeh ASC-nin nümayəndələri ilə dəfələrlə görüşləri olmuş, mülkiyyətinə qəsdə son qoyulmasını, ərazinin ilkin vəziyyətinin bərpa edilməsini və ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndələri mülkiyyətində olan torpaq sahəsinə aid olmayan hissədən keçən kanalizasiya kanalının boru xəttinə salınması işlərinin həyata keçirildiyini, kanalın faktiki keçdiyi ərazilərdə fərdi yaşayış evlərinin inşa edildiyini, buna görə də kanalın istiqamətinin dəyişdirilərək boru xəttinə salınması işlərinin aparıldığını, həmin boru xəttinin bir hissəsinin də onun mülkiyyətində olan torpaq sahəsindən çəkilməsinin zəruri olduğunu bildirdilər. O mülkiyyətçi kimi ona əvvəlcədən məlumat verilmədən, mülkiyyətçi kimi əvvəlcədən razılığı alınmadan və əgər aparılan işlər torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması qərara alınmışsa bununla bağlı qanunvericiliyin tələblərinə uyğun qaydada prosedurların aparılmadığından mülkiyyətinə qəsdin tamamilə qanunsuz olduğunu bildirməyinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərinə son qoymamış, aparılan işlər nəticəsində mülkiyyətində olan torpaq sahəsindən istifadəm mümkünsüz olmuşdur. Bildirdi ki, mülkiyyətinə edilən qəsdə son qoyulması, ona vurulmuş zərərin ödənilməsi və təqsirkar şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün cavabdehə, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət etmiş, lakin müraciətləri cavabsız qaldığına görə şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Baş Prokuroruna müraciətlər etmiş, həmin müraciətləri hazırda araşdırılır. Mülkiyyətində olan torpaq sahəsində aparılan işlər demək olar ki, yekunlaşdığından və artıq ərazinin ilkin vəziyyətinin bərpa edilməsinin qeyrimümkün olacağını və dövlət büdcəsinə xeyli ziyan vuracağını nəzərə alaraq mülkiyyətçi kimi ona vurulmuş zərərin əvəzinin ödənilməsinə dair 16 aprel 2018-ci il tarixli ərizə ilə cavabdeh orqan olan Cavabdeh ASC-yə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi ərizəsinə cavab verilməmişdir. Daha sonra “Cavabdeh" ASC-nin əməkdaşları onunla əlaqə saxladılar və tezliklə ona dəymiş zərərin əvəzi olaraq kompensasiya ödəniləcəyini bildirdilər. Lakin aradan bir neçə ay müddətinin keçməsinə baxmayaraq məsələ həllini tapmamışdır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 1 ünvanında aparılmış işlər “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində icra edilmişdir. Layihə üzrə sifarişçi Sumqayıt şəhər İcra Hakimiyyəti, podratçı isə “xxxx” MMC-dir. Layihənin icrası zamanı relyef və mövqe baxımından alternativ trassanın razılaşdırılması məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti təşkilatların nümayəndələri ilə birgə yerində əraziyə baxış keçirilmiş və müvafiq trassa seçilmişdir. Layihənin yerinə yetirilməsi üçün tikinti altına düşən torpaq sahələrinin alınması məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarına müraciət edilmişdir. Görülən işlərin yekunu olaraq Maliyyə Nazirliyi tərəfindən torpaq sahəsinin əvəzi olaraq kompensassiya ödənişi həyata keçiriləcəkdir. Sonradan cavabdeh vəsatətlə müraciət edərək bildirmişdir ki, Sumqayıt şəhərinin bir neçə mikrorayon və məhəllərindən keçən və üzəri açıq olan “Acı dərə” kanalının açıq hissədə ləğv edilib qapalı sistemə salınmasını nəzərdə tutan Sumqayıt şəhəri Acıdərə kanalı Sülh küçəsindən Y.Məmmədov küçəsi boyu mövcud kollektor birləşdirilməsi” layihəsi işlənib hazırlanmışdır. Layihənin birinci mərhələsi çərçivəsində 2,0 km məsafədə, o cümlədən iddiaçının iddia etdiyi ünvan 3 ünvanında yerləşən ərazinin bir hissəsində inşaat işləri icra edilmişdir. Layihə üzrə sifarişçi Sumqayıt şəhər İcra Hakimiyyəti, podratçı isə “xxxx” MMC-dir. Dövlət vəsaiti hesabına inşa edilən işlərin yalnız layihələndirilməsi Cavabdeh ASC tərəfindən aparılmışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq layihənin icrası “Cavabdeh" ASC-yə təhkim edilməsinə, eləcədə Səhmdar Cəmiyyətin sifarişçi qismində müəyyən ediməsinə dair mərkəzi icra hakimiyyətin orqanı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin heç bir qərarı mövcud deyildir. İddiaçının qeyd olunan işlərin Cavabdeh ASC tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tələblərinə uyğun olaraq icra edilməsinə dair iddiaları yanlışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti balansında olan, magistral və paylayıcı su şəbəkə və kəmərləri vasitəsi ilə hüquqi və fiziki şəxslərə su və kanalizasiya xidmətləri göstərir. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Göründüyü kimi hər hansı tikint işləri aparılması, o cümlədən yuxarıda qeyd olunan layihə üzrə inşaat işlərinin aparılması Səhmdar Cəmiyyətin funksiyasına aid deyildir. Yekun olaraq bildirilir ki, sözügedən layihənin birinci mərhələsi çərçivəsində inşaat işləri başa çatdıqdan və istismara qəbul edildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət əmlakı Cavabdeh ASC-nin balansına verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya məxsus 12.05.2017-ci il tarixli, **********56-06301 reyestr nömrəli çıxarışın surəti, Cavabdeh inzibati orqanın etiraz ərizələri, Sumqayıt şəhər İcra Hakimiyyətinin 1463 saylı 01.11.2019-cu il tarixli məktubu,“X5” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, CEG-M21/287M nömrəli ekspert rəyi, “xxxx” MMC-nin 26.10.2020-ci il tarixli, 204/20 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin 0.10 ha hissəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv metr olan qeyri-yaşayış binası mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və qeyd edilən daşınmaz əmlaklar 12.05.2017-ci il tarixli, **********56-06301 reyestr nömrəsi ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış verilmişdir. Cavabdeh ASC tərəfindən həyata keçirdiyi “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin tikintisi nəticəsində iddiaçıya məxsus əmlaklar tikinti altına düşmüşdür. İddiaçı ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin, cavabdeh təşkilat etiraz ərizələrində bildirmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti olduğundan əsl cavabdeh kimi, məhz Sumqayıt Şəhər İcra Hakimiyyəti qoyulmalıdır. Halbuki, həmin layihəni tikintisini həyata keçirən podratçı şirkət olan “xxxx” MMC tərəfindən verilmiş 26.10.2020-ci il tarixli, 204/20 nömrəli məktubdan və Sumqayıt Şəhər İcra Hakimiyyətindən məhkəmənin sorğusuna əsasən verilən 1463 saylı 01.11.2019-cu il tarixli cavab məktubundan görünür ki, layihənin sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında aparılan qazıntı işlərinin önündə tikinti işlərinin Cavabdeh ASC tərəfindən aparılması barədə müvafiq lövhə vurulmuşdur. Bu isə bir daha qeyd olunan tikinti işlərinin məhz Cavabdeh ASC-nin sifarişi əsasında aparılmasına dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin gətirdiyi müvafiq arqument əsassızdır. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 158 saylı 11 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” lahiyəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədədə şlüzlü suqəbuledici kamera Cavabdeh ASC-nin balansına verilmişdir. Hesab olunur ki, Cavabdeh ASC-nin həmçinin balans saxlayıcı kimi kanalizasiya borusunun çəkilməsi nəticəsində mülkiyyət hüquqları məhdudlaşdırılmış şəxsin qarşısında maddi məsuliyyəti var. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh isə iddiaçıya heç bir məlumat verməmişdir. Göstərilən tarixdən təqribən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarına əlavə olunmuş “X5” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, CEG-M21/287M nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi iddiaçının mülkliyyətində olan torpağın sahəsinin 1 sotun bazar dəyəri 30.000 manat (cəmi 30.000 manat x 10 sot=300.000 manat) və torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin 1 m2 qiyməti isə 1000 manat (cəmi 20 x 1000= 20.000) manat müəyyən edilmişdir. Ekspertiza nəticəsində iddiaçıya məxsus əmlakların ümumi bazar dəyəri cəmi 320.000 (üç yüz iyirmi min) manat təşkil edir. Müdaxilə edilən hissənin sahəsi 10 sot təşkil edir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi (0.10 ha) və qeyri-yaşayış obyekti “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin daşınmaz əmlaklar dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 320.000 (üç yüz iyirmi min) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçıya, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin müdaxilə edilən 0.10 ha hissəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv metr olan qeyri-yaşayış binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 320.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin müdaxilə edilən 0.10 ha hissəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv metr olan qeyri-yaşayış binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 320.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar