Məhkəmə qərarları › İş №2-1(118)-601/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-601/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-601/2022 12.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 avqust 1993-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Ona verilmiş doğum haqqında şahadətnaməsi itirdiyinə görə təkrar doğum şəhadətnaməsinin alınması üçün Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin şəxsiyyət vəsiqəsi olmaması səbəbinbdən ona təkrar doğum şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Bütün bu qeyd edilənlərə əsasən o, İnzibati məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlçməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsi iddia tələbinə münasibət bildirmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən ona doğum haqqında şəhadətnamənin verilməsi mnümkün deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarına əsasən müraciət edən şəxsin şəxsiyyəti yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Məhkəmə qərarı qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa cavabdeh təşkilatın nümayəndəsi məhkəmədən xahiş etmişdir ki, məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılsın. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli, 05/Q-922/15 nömrəli imtina məktubu, Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının Mirikənd kənd İnzibati Ərazi Dairəsinin verdiyi 19.08.2021-ci il tarixli 386 nömrəli üzərində İddiaçı fotoşəkili əks olunmuş arayışın surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Şamaxı şəhərində anadan olmuş və ona doğum haqqında şəhadətnamə verilmişdir. Hal- hazırda iddiaçı doğum haqqında şahadətnaməsini təkrar olaraq almaq fikrindədir, lakin Şamaxı rayon qeydiyyat şöbəsi iddiaçıdan şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb edir. Belə ki, Şamaxı rayon qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən təkrar doğum şəhadətnaməsi verilərkən müraciət edənin şəxsiyyətini təstiq edən sənədin təqdim edilməsinə zərurət olmasını bildirir. İddiaçı şəxsiyyət vəsiqəsi olmaması səbəbindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının Mirikənd kənd İnzibati Ərazi Dairəsinin verdiyi 19.08.2021-ci il tarixli 386 nömrəli, üzərində İddiaçı fotoşəkili əks olunmuş arayış verilmiş və şəkildəki şəxsin İddiaçı olması, onun Şamaxı rayon Mirikənd kəndində yaşaması göstərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından daha üstün mövqeyə malik olna Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təstiq edilmiş Əsasnaməyə əsasən şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən mütləq şəkildə onun doğum haqqında şəhadətnaməsi şəxsiyyət vəsiqəsi verən orqana təqdim edilməlidir. Hesab olnur ki, İddiaçı özünə aid olan doğum haqqında şəhadətnamənin dublikatını almaqda konstitusion hüquqlara malikdir və ona görədə onun verdiyi iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, rəsmi sənəd itdiyinə görə qeydiyyat şöbələri tərəfindən əslinə bərabər qüvvəyə malik olan dublikat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Doğum haqqında şəhadətnamənin təkrar (dublikatının) verilməsi öhdəliyi Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı doğum haqqında şəhadətnamənin təkrar (dublikatının) verilməsi öhdəliyi Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar