Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-602/2025 04.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış binasına dair hüquqların qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 25 yanvar 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********03 reyestr nömrəli 0,03 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olaraq, İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X8 17 may 2023-cü il tarixli, 1243/3 nömrəli texniki müayinə “Rəy”inin nəticə hissəsindən görünür ki, fiziki şəxs İddiaçı Babəverdi oğluna məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 girişli, 2 mərtəbəli qeyri-yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir.
3. 1 iyun 2023-cü il tarixli, Ö/006174 nömrəli Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektinə dair “İstismara hazırlıq Aktı”.
4. Abşeron Rayon İcra Hakimiyyətinin 6 iyun 2023-cü il tarixli, 06 nömrəli Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış obyektinə dair tərtib edilmiş “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, təsdiq olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 6 iyun 2023-cü il tarixdən tikinti obyektinin istismarına icazə verilmişdir.
5. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində İddiaçı məxsus torpaq sahəsində mövcud qeyri-yaşayış obyektinin “Eskiz layihəsi”.
6. "xxxx" QSC-nin 8 iyun 2023-cü il tarixli, 418 nömrəli məktubu.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, 3-21-3-32/2-N-0078-8 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı qeyriyaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədlərinin hazırkı müraciətinə əlavə olunmadığı, təqdim olunmuş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Bundan başqa sözügedən qeyri-yaşayış binasına dair müraciət üzrə əlavə edilmiş eskiz layihənin qanuna müvafiq qaydada təsdiq olunmadığı aşkar edilmişdir. Həmçinin sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü olması aşkar edilmişdir. Lakin ipoteka saxlayanın razılıq ərizəsinin və yaxud yüklülüyün ləğvi barədə sənədinin hazırkı müraciətə əlavə olunmadığı müəyyən edilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlər:
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 20 dekabr 2023-cü il tarixli, 3-21-3-32/2-15471/23 nömrəli məktubundan görünür ki, **********03 reyestr nömrəli torpaq sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 25 yanvar 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§1); - 25 yanvar 2021-ci il tarixli, AA seriyalı, 577758 nömrəli **********03 reyestr nömrəli torpaq sahəsinə dair İddiaçı adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”. - 6 yanvar 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcı X1 rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. - 21 yanvar 2021-ci il tarixli 0,03 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı. - torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər.
9. 2 avqust 2023-cü il tarixli Aşağı Güzdək ərazisində yerləşən qeyri-yaşayış binasına dair İddiaçı adına tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 26 fevral 2025-ci il tarixli, 3-21-3-32/2- 3120/2025 nömrəli məktubundan görünür ki, torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsi olaraq qeyd olunmaqla yanaşı yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür, sözügedən torpaq sahəsi müayinə aktına və elektron məlumat bazasına əsasən kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin köhnə və yeni xəritədəki vəziyyəti barəsində qoyulmuş sual qeyri-müəyyən olduğundan həmin sualın cavablandırılması mümkün olmamışdır. Torpaq sahəsinə dair müayinə aktının surəti, baş planı, ortofoto görüntüsü və mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 1 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,1899 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 15 oktyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 18 oktyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,0899 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər; - qonşuluqda yerləşən torpaq sahələrinə dair digər hüquq müəyyənedici sənədlər.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
11. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 7 avqust 2023-cü il tarixli müraciətinə cavabdehin 22 sentyabr 2023-cü il tarixli, 3-21-3-32/1-N-0078-8 saylı imtinasının əsassız hesab edilməsi, həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək, mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikilinin qeydiyyata alınaraq, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin müraciətinin təmin edilməsindən imtina etməsi barədə gəldiyi qənaət tamamilə əsassızdır və bu onun mükiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, 71, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2, 2.2.2, 33.1, 33.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.2, 12.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə istinad olunmuşdur.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
16. Məhkəmənin 27 mart 2024-cü il tarixli, 2-1(118)-2222/2024 saylı qərardadı ilə "xxxx" QSC inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
17. Məhkəmənin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-602/2025 saylı qərardadı ilə Abşeron Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üçüncü şəxslər qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
18. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədlərinin idarəyə təqdim edilmədiyi, qeyri-yaşayış binasına dair təqdim edilmiş eskiz layihənin qanunauyğun formada təsdiqlənmədiyi, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin "xxxx" QSC-nin xeyrinə yüklü edildiyi, lakin ipoteka saxlayanın razılıq ərizəsi və yaxud yüklülüyün ləğvi barədə sənədinin müraciət ərizəsinə əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, sözügedən sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir.
20. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3, 2.1, 8.0.10.1, 9, 11.1, 15, 23-cü maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
21. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazını müdafiə edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər (§16-17) öz nümayəndələri ilə məhkəmə iclasında təmsil olunmamışdırlar.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
25. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
26. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
27. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
29. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
30. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul
32. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”
“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”
“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
38. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
39. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
40. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
41. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir.
42. Hazırki mübahisə ilə bağlı iddiaçı tərəfin mövqeyinə görə cavabdehin müraciətinin təmin edilməsindən imtina etməsi barədə gəldiyi qənaəti qanunsuz olduğundan, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınması və onun adına çıxarışın verilməsi barədə qərar qəbul edilməsinə dair tələb təmin edilməlidir.
43. Cavabdeh orqanın mövqeyinə görə isə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədlərinin idarəyə təqdim edilməmiş, qeyri-yaşayış binasına dair təqdim edilmiş eskiz layihənin qanunauyğun formada təsdiqlənməmişdir. Həmçinin, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin "xxxx" QSC-nin xeyrinə yüklü edilsə də, lakin ipoteka saxlayanın razılıq ərizəsi və yaxud yüklülüyün ləğvi barədə sənədinin müraciət ərizəsinə əlavə edilməmişdir. Tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, sözügedən sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir.
44. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır. Nəticədə, aşağıdakı əsaslara görə məhkəmə etirazın dəlillərini əsassız hesab edir.
45. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 25 yanvar 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********03 reyestr nömrəli 0,03 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olaraq, iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X8 17 may 2023-cü il tarixli, 1243/3 nömrəli texniki müayinə “Rəy”inin nəticə hissəsindən görünür ki, fiziki şəxs İddiaçı Babəverdi oğluna məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 girişli, 2 mərtəbəli qeyri-yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir.
46. 1 iyun 2023-cü il tarixli, Ö/006174 nömrəli Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektinə dair “İstismara hazırlıq Aktı” və qeyri-yaşayış obyektinin “Eskiz layihəsi” iş materialına əlavə edilmişdir.
47. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyətinin 6 iyun 2023-cü il tarixli, 06 nömrəli Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış obyektinə dair tərtib edilmiş “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, təsdiq olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 6 iyun 2023-cü il tarixdən tikinti obyektinin istismarına icazə verilmişdir.
48. Cavabdeh tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş 26 fevral 2025-ci il tarixli, 3-21-3-32/2-3120/2025 nömrəli məktubundan görünür ki, torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsi olaraq qeyd olunmaqla yanaşı yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür, sözügedən torpaq sahəsi müayinə aktına və elektron məlumat bazasına əsasən kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir.
49. Torpaq sahəsinə dair müayinə aktının surəti, baş planı, ortofoto görüntüsü də iş materialına əlavə edilmişdir.
50. Bundan əlavə, "xxxx" QSC-nin 8 iyun 2023-cü il tarixli, 418 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən (daşınmaz əmlakın Dövlət reyestrində 468 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmışdır, 25 yanvar 2021-ci il) iddiaçıya məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,03 ha sahəli torpaq sahəsi 10 may 2022-ci il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yükül edilmişdir. Həmin ipoteka müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli çıxarış əsasında qeydiyyata alınmışdır. "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və iddiaçınnı şəxsi mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,03 ha sahəli torpaq sahəsinin "xxxx" QSC-nin qarşısında yüklü qalmaq şərti ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Müvafiq Ərazi İdarəsi tərəfindən vahid əmlak kimi yeni çıxarış və texniki pasportun verilməsinə etiraz edilməmişdir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(102)-2117/2023 saylı qərarında qeyd olunmuşdur ki, “inzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər; nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bilər. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən obyektin tikintisinə verilmiş icazə məktubu aydın və anlaşılan olmaqla həmin məktubda ünvanlandığı fiziki şəxs və həll etdiyi məsələ dəqiq göstərilmişdir. Belə olan halda, həmin məktub inzibati akt - hazırkı halda, tikintiyə icazə sənədi kimi qiymətləndirilməlidir. Tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tikinti obyektinin kodlaşdırılmasının bir inzibati orqan tərəfindən digər inzibati orqana (hazırkı halda, tikintiyə icazə verən orqan tərəfindən Tikintilərin Dövlət reyestrini aparan orqana) təqdim etməli olduğu məlumatlar (sənədlər) əsasında aparıldığı, həmin şərtə məhz inzibati orqanların öz aralarında əməl olunmadığı, həmçinin həmin kodlaşdırmanın tikinti obyektlərinə münasibətdə yalnız məlumatstatistika əhəmiyyəti kəsb etdiyi nəzərə alındıqda, həmin şərtə inzibati orqanlar tərəfindən əməl edilməməsi iddiaçının əşya hüquqlarının dövlət tərəfindən tanınmasından və təsdiq edilməsindən (daşınmazəmlaka hüququn dövlət reyestrində qeydə alınmasından) imtinanın əsası kimi çıxış edə bilməz.”
52. Qeyd olunanlardan əlavə, məhkəmə daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə ümumilikdə vəziyyəti müəyyən etmək üçün, torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin çıxarışı və plan ölçü sənədlərinin, o cümlədən həmin sənədlərin verilməsi üçün əsas olmuş sənədlərin veriməsinə dair də sorğu ilə cavabdehə müraciət etmiş və həmin çıxarışlardan müəyyən olunur ki, ərazidə daşınmaz əmlakın qeydiyyatına dair hər hansı bir məhdudiyyət və s. mövcud deyildir.
53. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
54. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, iddiaçıya məxsus torpaq sahəsi üzərindəki qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və onun adına çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
55. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova