Məhkəmə qərarları › İş №2-1(118)-6025/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6025/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6025/2025 21.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdən əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 mart 1950-ci ildə anadan olmuşdur. xx.xx.1977-ci ildən (22/09-77, əmr 132) 1978-ci ilin iyun ayınadək Şaumyan adına sovxozda fəhlə işləmişdir. xx.xx.1978-xx.xx.1983-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, xx.xx.1983-cü ildə (01/11-83-cü il, əmr 128) həmin sovxoza zootexnik işinə təyin edilmiş və xx.xx.1984-cü ildən (06/1-84, əmr 07) qoyunçuluq sahə zootexniki qəbul olunmuşdur. xx.xx.1985-ci ildə (15/2-85, əmr 15) baş zootexnik təyin edilmiş, xx.xx.1985-ci ildə yemçilİk üzrə direktor müavini təyin edilmişdir. xx.xx.1991ci ildə(02/04-91, əmr 23) sovxoz ləğv olunub işdən azad olunmuşdur. xx.xx.1991-ci ildə (04/04-91, protokol 01) Ə.Vahid adına kolxoza üzv qəbul edilmiş, baş zootexnik seçilmişdir. xx.xx.1995-ci ildə (11/02-95, protokol 02) kolxoz İdarə heyətinin sədri seçilmiş, xx.xx.1996-cı ildə aqrar islahatla əlaqədar işdən azad edilmişdir. xx.xx.1997-ci ildə (05/01- 97, protokol İ) Ə.Vahid adına kolxozda YAİK-mn sədri seçilmiş, xx.xx.2001-ci ildə (xx/xx- 2001, protokol 3) həmin azad edilmişdir. Beləliklə 19 il 11 gün sovxozda işlədiyi müddət və 4 il 8 ay 23 gün instituttda təhsil aldığı müddət ümumilikdə 23 il 9 ay 4 gün təşkil edir. 2019-cu ilin yanvar ayının birindən 2025-ci ilin iyul ayınadək iddiaçının mülkiyyətində olan 2,5 ha kənd təsərrüfatına yararlı torpağa görə isə 5 il 5 ay məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bu barədə həmin illər iddiaçının köçürdüyü sığorta haqlarının qəbzləri vardır. Beləliklə iddiaçının ümumilikdə 29 il 3 ay 4 gün əmək stajı vardır. İddiaçı cavabdeh idarəyə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə müraciət etmiş, lakin cavabdehin 08 may 2025-ci il tarixli, 3-17-1/2-Q-106839/2025 saylı məktubu ilə ərizənin icrasından imtina olunduğu bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh imtinasında qeyd edir ki, sığorta stajı 21 il 10 ay 23 gün təşkil edir və fərdi şəxsi hesabının pensiya kapitalı 18435,69 manat təşkil edir, həmçinin xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı daimi işdə işləmişdir. İşlədiyi müddətdə illik əmək haqqı aldığı dövrlər - 1997, 1998, 1999-cu illərdəki stajı nəzərə alınmamışdır, həmçinin 2019-2025-ci illər əmək stajına daxil edilməmişdir. İddiaçının 2006-cı ilədək işlədiyi dövrə aid əmək kitabçasında qeydiyyat vardır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi iddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual 2.2.2, 33.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; azı 25 il sığorta stajı olduqda. İddiaçının yaşa görə əmək pensiyası yaşı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2025-ci il tarixində tamam olmuşdur. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabının sığorta hissəsində 46.080 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. Bildirilir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1983- ci il tarixinədək təhsil aldığı illər və 1977-1999-cu illər üzrə əmək fəaliyyəti dövrü zamanı əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla ümumi sığorta stajı 21 il 10 ay 23 gün təşkil edir. İddiaçının əmək fəaliyyəti dövrünə münasibətdə cavabdeh qeyd edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2022-ci il tarixli arxiv arayışında göstərilənlərə əsasən iddiaçının adına aşkar olunmuş əmək haqqı cədvəllərində Şaumyan sovxozunun 1989-cu ilin iyul ayı, Ə.Vahid kolxozunun 1995-ci ilin noyabr ayının əmək haqqı qrafasında qaralama var. Ə.Vahid kolxozu AİK-nın 1999-cu ilin fevral ayından 2001-ci ilə kimi isə əmək haqları qeyd edilməmişdir. Bundan başqa, həmin arayışdan görünür ki, 1997-1998-ci illərin əmək haqqı illik qaydada hər iki ilin yanvar ayında hesablanaraq ödənilmiş, 1998-ci ilin avqust ayında da yenidən əmək haqqı qeydə alınmışdır. Beləliklə, iddiaçının həqiqətən də qeyd olunan illərdə əmək fəaliyyətində olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Bu hallar əmək kitabçasında həmin illərlə bağlı qeydlərin mötəbərsizliyinə birbaşa sübutdur. Bundan əlavə, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti ilə bağlı (işə daxil olma və işdən çıxma əmrləri kiril qrafikalı əlifbadan istifadə olunmaqla qeyd edilmişdir) dövrlərin doldurulma qaydası pozulmuşdur. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 6 ay 23 gün sığorta stajına uyğun 18087,57 manat və xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək 348,12 manat olmaqla, ümumilikdə 18435,69 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya hüququ yarandığı tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan (320 manat) pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının da təyin edilməsi mümkün hesab edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Monitorinq) altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamış, VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacağı izah olunmuşdur.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işləmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-10/2-Q-2xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü tarixədək şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə 664,8 manat ödəniş edilmişdir. Müraciətinizdə qeyd etdiyiniz məcburi dövlət sosial sığorta ödənişləri haqqında aylar üzrə məlum sənədə qoşma olaraq əlavə edilmiş siyahıda təqdim olunmuşdur.

10. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 60 manat məcburi dövlət sosial sığorta haqqının məbləği ödənilmişdir.

11. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 72 manat məcburi dövlət sosial sığorta haqqının məbləği ödənilmişdir.

12. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 82,80 manat məcburi dövlət sosial sığorta haqqının məbləği ödənilmişdir.

13. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 82,80 manat məcburi dövlət sosial sığorta haqqının məbləği ödənilmişdir.

14. X2nın xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Q-106839/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1978-ci İİ tarixindən xx.xx.1983-cü ii tarixinədək əyani təhsil aldığı illər və 1977- 1999-cu illər üzrə əmək fəaliyyəti dövrü zamanı adına əmək haqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 10 ay 23 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 6 ay 23 gün sığorta stajınıza uyğun 18087,57 manat, 01.07,2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək 348,12 manat olmaqla, ümumilikdə 18435,69 manat (2025-ci il tarixinə indeksləşöirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir.

15. X2nın xidmətində məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququna yenidən baxılmış və inzibati orqanının xx.xx.2025-ci il tarixli qərarı məktuba əlavə olunmuşdur.

16. X2nın xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.

17. Sığortaolunanın hesabından görünür ki, İddiaçı tərəfindən 2019-cu ilin iyuldekabr, 2021-ci ilin iyun-dekabr, 2022-ci ilin yanvar-dekabr, 2023-cü ilin yanvar-dekabr, 2024-cü ilin yanvar-may və iyul-dekabr, 2025-ci ilin yanvar-iyun ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq:

20. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ yaşa görə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur.

21. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

22. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir.

23. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının olduğu yer Quba rayonu olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

b) Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.10-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11-ci maddəsinə əsasən hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

29. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının: 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 2.1-ci bəndinə əsasən əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyridəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

31. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

32. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən iddiaçının müraciətinin icrasından xx.xx.2025-ci il tarixli məktubda imtina edilmişdir. İnzibati orqan imtinanın əsası kimi iddiaçının 25 il sığorta stajının tamamlanmamasını bildirmişdir.

33. Məhkəmə cavabdeh inzibati orqanın imtinasına münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında olan dövrlər tam şəkildə nəzərə alınmamış və əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 22 il 4 ay 12 gün təşkil edir.

34. Bundan başqa iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Sığortaolunanın hesabına əsasən məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər 2019-cu ilin iyul-dekabr, 2021-ci ilin iyun-dekabr, 2022-ci ilin yanvardekabr, 2023-cü ilin yanvar-dekabr, 2024-cü ilin yanvar-may və iyul-dekabr, 2025-ci ilin yanvar-iyun aylarını əhatə edir. İddiaçının əmək kitabçasında olan dövrlər və mülkiyyətində olan torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödənilmiş dövrlər sosial sığorta stajı kimi nəzərə alındığı təqdirdə onun ümumi iş stajı 25 ildən artıq təşkil edir .

35. Bundan başqa cavabdeh əmək kitabçasının doldurulma qaydasının pozulmasını bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

36. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya pensiya təyin edilməsindən imtinası əsassızdır.

37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar