Məhkəmə qərarları › İş №2-1(118)-603/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-603/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-603/2023 16.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X2 , Cavabdehin nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Kərimova (Kavazova) Fəridə Dursun qızı, X13, X5 və X6 ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində olan 371 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair qeydin ləğv olunması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “27 iyul 2005-ci il tarixli 4Ə/7-1262 nömrəli 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh X14 və ailəsi X10, X3 və X7 adına olan JN:305 kod ********* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin torpaq sahəsinin cavabdeh və onun ailəsinin adına qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********96 reyestr nömrəli çıxarışın və həmin torpaq sahəsinə dair digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini dəqiqləşdirərək, “Kərimova (Kavazova) Fəridə Dursun qızı, X13, X5 və X6 ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində olan 371 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair qeydin ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2927/2022 saylı qərardadı ilə X11, X5 və X15 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 2005-ci il tarixdə Xaçmaz rayon 1 saylı notarial ofisində təsdiq edilməklə alqı-satqı müqaviləsi ilə X10, X5 və X4 Xaçmaz rayon, Xudat XTŞ-də yerləşən 1.76ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satın almışdır. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN: 579 nömrəli 20202004 kodlu 05 avqust 2005-ci il tarixli Dövlt Aktı işlənmişdir. Qeyd olunan torpaq sahəsini satın alandan sonra onun mülkiyyətindədir və o, istifadə edir. Vergiləri və digər ödənişləri o ödəyir, o sahiblik edir. Qonşular həmin sahəni onun mülkiyyəti kimi tanıyırlar. Lakin alqı-satqı müqaviləsi ilə satın aldığı 1.76 ha torpaq sahəsinə çıxarış alınması üçün müraciət etdiyi zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə cavabdeh X13 ailə üzvləri: X10, X5 və X16 ilə birlikdə xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli **********96 reyestr nömrəli çıxarış almışdır. Hesab edir ki, cavbadeh X12 verilmiş çıxarış tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh 305 nömrəli Dövlət aktı ilə 1.76 ha torpaq sahəsini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə ona satmışdır. O, həmin alqı-satqı müqaviləsinə əsasən JN:579 nömrəli 20202004 kodlu 05 avqust 2005-ci il tarixli Dövlət aktı almışdır. Dövlət notariat arxivindən verilmiş 18 noyabr 2021-ci il tarixli 05/01-2-275/13 nömrəli məktubda da qeyd edilmişdir ki, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Göründüyü kimi cavabdeh təşkilatın təqsiri üzündən 305 nömrəli Dövlət Aktı ilə ona satılan torpaq sahəsinə yenidən həmin aktla çıxarış verilmişdir ki, bu da tamamilə qanunsuzdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1000/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılaraq izah edilmişdir ki, həmin çıxarışın ləğv edilməsi üçün inzibati məhkəməyə müraciət olunmalıdır. Odur ki, inzibati məhkəməyə müraciət etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş üçüncü şəxs X11 iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X19 iddia qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, X17 və ailə üzvlərinin adına olan 1.76 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli dövlət reyestrindən çıxarış Xaçmaz rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X17 və ailə üzvlərinin adına plan 1.76 ha torpaq sahəsinə verilmiş JN-305 KOD 30202304 nömrəli “Torpağa mülkyyət hüququna dair dövlət aktı» əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqları ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda göründüyü kimi, X17 və ailə üzvlərinin adına olan dövlət reyestrindən çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması: 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış huquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Məhkəməyə sorğu əsasında daxil olmuş JN 305, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, 24 iyun 1998-ci il tarixli qərarı əsasında 1.76 ha torpaq sahəsi X13 və onun ailə üzvlərinin mülkiyətinə ayrılmışdır. - Məhkəməyə sorğu əsasında Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, 4Ə/7-1262 reyestr nömrəli, 27 iyul 2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Kavazovlar ailəsi JN 305, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında onlara məxsus olan 1.76 ha torpaq sahəsini İddiaçı Böyükağa oğluna satmışdırlar. - JN 0579, KOD 20202004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, 1.76 ha torpaq sahəsi Xaçmaz rayonu 1 nömrəli DNK-nun 4Ə/7- 1262 reyestr nömrəli, 27 iyul 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı Böyükağa oğlunun mülkiyətinə ayrılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Xudat şəhərində yerləşən 1.76 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X2, X8, X1 və X6 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 29 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, 24 iyun 1998-ci il tarixli qərarı ilə Xudat şəhərində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 və onun ailə üzvlərinin mülkiyətinə ayrılmışdır və bunun əsasında onların adına JN 305, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Həmin torpaq sahəsi 4Ə/7-1262 reyestr nömrəli, 27 iyul 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı Böyükağa oğluna satılmışdır. Qeyd edilən müqavilə əsasında da iddiaçının adına JN 0579, KOD 20202004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənədlər əsasında cavabdeh orqana müraciət edərək, Xudat şəhərində yerləşən 1.76 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya cavab olaraq üvanladığı 29 noyabr 2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi qeyd edilən torpaq sahəsinə dair JN 305, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsini bildirmişdir. Məhkəmə aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, iddia təmin edilməli və Kərimova (Kavazova) Fəridə Dursun qızı, X13, X5 və X6 ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində olan 371 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair qeyd ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). İddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verildiyi dövrdə qüvvədə olan Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamənin 12-ci bəndinə əsasən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər şəxsin adı, soyadı, torpağın sahəsi göstərilməklə, ailə başçısının adına verilirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Hazırki inzibati işin araşdırması zamanı müəyyən edilmişdir ki, JN 305, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”ndan görünür ki, mübahisəli torpaq sahəsi Xudat şəhərində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 və onun ailə üzvlərinin mülkiyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, 24 iyun 1998-ci il tarixli qərarı ilə ayrılmışdır. Daha sonra üçüncü şəxslər həmin torpaq sahəsini 4Ə/7-1262 reyestr nömrəli, 27 iyul 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı Böyükağa oğluna satmışdırlar. Qeyd edilən müqavilə əsasında da iddiaçının adına JN 0579, KOD 20202004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Torpaq sahəsinin iddiaçıya satılmasına baxmayaraq, cavabdeh orqan tərəfindən (JN 305, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında) üçüncü şəxslərin adına ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, 27 iyul 2005-ci il tarixdə iddiaçıya satılmış 1.76 ha torpaq sahəsinin cavabdeh orqan tərəfindən əsassız olaraq, üçüncü şəxslərin birgə mülkiyyəti kimi qeydiyyata alınması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər Kərimova (Kavazova) Fəridə Dursun qızı, X13, X5 və X6 ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində 371 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair qeyd (reyestr nömrəsi **********96 olan çıxarış) ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Üçüncü şəxslər Kərimova (Kavazova) Fəridə Dursun qızı, X13, X5 və X6 ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində 371 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair qeyd (reyestr nömrəsi **********96 olan çıxarış) ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar