Məhkəmə qərarları › İş №2-1(118)-603/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-603/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-603/2024 08.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdehin Sosial Ekspertiza Komissiyasının № **********1 saylı, 09 yanvar 2023cü il tarixli qərarının ləğv edilərək, ona xx.xx.2022-ci il tarixindən ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehə ona ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdehin Sosial Ekspertiza Komissiyasının № **********1 saylı, 09 yanvar 2023-cü il tarixli qərarının ləğv edilərək, ona xx.xx.2022-ci il tarixindən ikinci qrup əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci il təvəllüdlü olmaqla, 1988ci ildən Rusiyada SSRİ Baş kəşfiyyat İdarəsinin Xüsusi Dəstələrində zabit kimi fəaliyyət göstərmişdir. 1992-ci ildə Qarabağ müharibəsinin başladığını eşidib öz vəzifəsindən imtina edərək, Azərbaycana qayıtmış və könüllü olaraq Qarabağa yollanmışdır. 1992- 1994-cü il atəşkəsin elan olunduğu vaxtadək Qarabağda döyüşmüşədür. Döyüş zamanı üç dəfə yaralanmış və kontuziya almışdır. Atəşkəsdən sonra Heydər Əliyevin əmriylə Prezidentin yanında Xüsusi İdarənin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Qarabağ döyüşləri zamanı aldığı yara və kontuziyalar səbəbindən və əsəbi davranışlarının iş fəaliyyətinə mənfi təsiri olduğundan vəzifəsindən azad edilmişdir. xx.xx.2011-ci il tarixdən ona əlillik təyin edilmiş və xx.xx.2021-ci ilədək o vaxtdan ona təyin edilən diaqnozla əlilliyə görə əmək pensiyası və prezident təqaüdü almışdır. xx.xx.2011-ci ildən başlayaraq beş ildən bir müayinədən keçmiş və xx.xx.2021-ci ilədək əlil olduğu qənaətinə gəlmişlər. xx.xx.2012-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2015ci il tarixli müayinə sənədlərində ona müharibə ilə əlaqədar ikinci qrup əlillik təyin olunduğu, kontuziya və yaralarının Qarabağ müharibəsi ilə əlaqədar olduğu və onda üzvi mənşəli şəxsiyyət pozuntusunun, kəllə beyin travmasının qalıq əlamətlərinin, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliklərinin depressiv daxil olmalarla mövcudluğu müayinələrlə sübuta yetirilməsi öz təsdiqini tapmışdır. Əlilliyə görə əmək pensiyası almasıyla bərabər hər il müalicələrə getmişdir. Əlilliyinin vaxtı bitdiyindən 2022-ci ilin avqust ayında yenidən müayinəyə çağırılmışdır. Müayinədən keçdikdən sonra yenidən bir kursluq müalicəyə göndərilmiş və 1 nömrəli Psixiatrik Xəstəxanasında (Maştağada yerləşən) onun əlil olduğunu və diaqnozunun doğruluğunu təsdiqlədilər. Yenidən Abşeron rayonunda komissiyadan keçmiş, əlillik diaqnozu təsdiqlənmiş və Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında komissiyadan keçmək üçün göndərilmişdir. Komissiyadan keçdikdən sonra əlilliyi təsdiqlənmiş və əlillik diaqnozu sistemə daxil edilmişdir. Buna uyğun olaraq cavabdeh tərəfindən 2022-ci ilin dekabrında yoxlanış komissiyasından keçmək üçün çağırılmışdır. Nəticəsi barədə ona məlumat veriləcəyi bildirilsə də, DTSERA ona hər hansı məlumat bildirməmişdir. Yanvarın 30-u 142 çağrı mərkəzinə zəng edərək bu barədə maraqlandığında oranın əməkdaşı bildirdi ki, ona əlillik təyin edilməsindən xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. Hesab edir ki, cavabdehlərin hərəkəti qanunsuzdur və onlara müraciət etdiyi halda bu qanunsuz hərəkətlərə son qoymayıblar. Hazırda cavabdehin əsassız və qanunsuz qərarı ilə razı olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 3 saylı şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “Xəstəliklərin Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllə beyin travmasının qalıq əlamətləri,kəskin ifadə olunmuş kəskin ifadə olunmuş şəxsiyyət dəyişilmiəsi və depressiv daxil olmalarla; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 3 saylı şəhər Poliklinikasının 10.12,2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “Xəstəliklərin Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllə beyin travmasının qalıq əlamətləri,kəskin ifadə olunmuş şəxsiyyət dəyişilmiəsi və depressiv daxil olmalarla: Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “Xəstəliklərin Beynəlxalq V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu.Kəllə beyin travmaşının qalıq əlamətləri.Kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və depressiv daxil olamalarla; Meyar 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Üzvi mənşəli şəxsiyyət pozuntusu.Kəllə beyin travmaşının qalıq əlamətləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “Xəstəliklərin Beynəlxalq V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu.Kəllə beyin travmaşının qalıq əlamətləri.Kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və depressiv daxil olamalarla.; Meyar 2.2. ikinci dərəcə əlillik ~> DİGƏR: Üzvi mənşəli şəxsiyyət pozuntusu.Kəllə beyin travmaşının qalıq əlamətləri." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beyin üzvi xəstəliyi (travrna mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri ilə və davamlı depressiv pozuntu ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur” səbəbi ilə imtina edilmişdir. Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin zədələnməsi (kəllə-beyin travması) nəticəsində üzvi şəxsiyət və davranış pozuntusu, depressiv daxilolmalarla? Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış travması. Təpə nahiyəsinin, baldırın orta 1/3-nin, sağ pəncənin üst səthininağrılı dartıcı çapıq toxuması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 09 yanvar 2023-cü il tarixli, **********1 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə və ona Əlavə müalicəyə ehtiyacın olması barədə qərarı verilmişdir. (ESDAS:**********7). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 519 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmalarından sonra sol tənə nahiyəsində, sağ baldırın orta 1/3-nin bayır səthində və sağ ayağın üst səthində çapıq toxumalar” diaonozu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilikdən şikayətlənmiş, anamnestik məlumatlarda özünə xəsarət yetirmək istədiyini ifadə etmişdir. Obyektiv baxış zamanı sol təpə nahiyəsində, sağ baldırın orta 1/3-də yumşaq toxuma çapığı, büzdüm nahiyəsində keçirilmiş əməliyyata müvafiq olaraq çapıq izlənilmiş, hərəkətlər tam həcmdə olmuş, nevroloji ocaqlı patologiya aşkar edilməmişdir. Xəstə psixi statusunun araşdırılması zamanı zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, intellektual mnestik sferası yaşam tərzinə və aldığı təhsilə uyğun olmuşdur. Yaddaş və qavrama pozuntusu aşkarlanmamış, şəxsiyyət dəyişikliyi müəyyənləşməmişdir.Təqdim edilmiş 2 saylı Klinik Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 4953/21 nömrəli Çıxarışda diaqnoz Bas beyin üzvi xəstəliyi (trəvma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları ilə və davamlı depressiv pozuntu ilə” kimi, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 083877 nömrəli Çıxarışda diaqnoz “Kəllə-beyin travmasının qalıq əlamətləri kəskin ifadə olunmuş şəxsiyyət dəyişməsi. Nəzərəçarpan davranış pozuntuları və davamlı depressiv pozuntuları kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X6 xx.xx.2022-ci il tarixli Baş beyinin MRT müayinəsinin nəticəsi “Hər iki yarımkürədə alın-təpə paylarında giruslar arası məsafələrin artışı, lokal atrofik dəyişikliklər, çoxsaylı T2. Flair hiperintens qlial ocaqlar-travma anamnezinə əsasən alın-təpə paylarının posttravmatik dəyişiklikləri-posttravmatik ensefalopatiya Mr görüntüsü. Sol təpə payında 8x11 mm ölçüdə T2 hiperintens, DWİ sekansda restriksiya etməyən kistik sahəensefalomalasiya sahəsi. Sol təpə sümüyü dərialtı yumşaq toxumalarda STİR sekansda çapıq dəyişikliklərə uyqun T1 hiperintensiv siqnallar1’ kimi, X6 xx.xx.2022-ci il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsi alın, təpə və gicgah paylarında subkortikal yerləşimli 8-1 Omm ölçülərdə qlial sahələr. Sol təpə payına uyğun nahiyədə 8x11 mm ölçüdə ensefalomalazik sahə. Hər iki beyin yarımkürəsində giruslar arası məsafələr artmışdır, Silvi sulkusları dərinləşmişdir. Yan və lll-cü mədəciklər genişlənmişdir. Diffuz serebral atrofiyaya uyqun dəyişikliklər-Ensaflopatiyaya uyğun KT görüntüsü” kimi qeyd edilsə də, əyani müayinə zamanı nevroloji defisit, kobud davranış pozuntusu, aktiv psixopraduktiv əlamətlər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq dilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənəcək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Forma № TSEK-2, SER TSE- 01№ 496042 saylı, SER TSE-01” 139748 saylı, SER GTSE-01№ 037835 saylı, SER TSE- 01№ 310202 saylı, SER TSE-01№ 139748 saylı, SER TSE-01№ 139748 saylı arayışları; cavabdehin Sosial Ekspertiza Komissiyasının № **********1 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı; xx.xx.2011-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci i tarixli müayinə nəticələri; “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T867/2023 saylı, xx.xx.2023cü il tarixli rəyi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1971-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək kəllə beyin travmasının qalıq əlamətləri, kəskin ifadə olunmuş şəxsiyyət dəyişilməsi və depressiv daxil olmalarla (XBT V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları = F00-F09 Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar – F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..) diaqnozları ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 09 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 09 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 14 dekabr 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. İddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-cü maddəsinə əsasən, 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İnzibati iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq “kəllə beyin travmasının qalıq əlamətləri, kəskin ifadə olunmuş şəxsiyyət dəyişilməsi və depressiv daxil olmalarla (XBT V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları = F00-F09 Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar – F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..)” diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 3220/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T867/2023 saylı rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı adma 2 №-li Kliniki Psixiatriya Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinə əsasən o, hazırda “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri. Kobud davranış pozuntuları ilə və davamlı depressiv pozuntular ilə” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir; iddiaçıya 2011-2022-ci illər arasında əlillik təyin edilərkən göndərişlərində qeyd edilmiş (üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri ilə və davamlı depressiv pozuntu ilə (XBT V sinif- psixi pozğunluqlar və davranış pozğunluqları = F00-F09 Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar- F07- baş beyinin xəstəliyi, zədələnməsi və ya diasfunksiyası nəticəs...) diaqnoz onda hazırda müşahidə olunur. Bu xəstəliklər onda 2011-2022-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozdakı xəstəliklərlə ümumən eynilik təşkil edir; İddiaçı hazırda əziyyət çəkdiyi əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar əlavə müalicəsinə ehtiyac yoxdur, belə ki, bu xəstəliyə düçar olmuş şəxslər dispanser qeydiyyatda olurlar, təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. Xəstəliklər tam reablitasiya olmurlar.” Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 14 mart 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının № **********1 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı 14 dekabr 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının № **********1 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 14 dekabr 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar