Məhkəmə qərarları › İş №2-1(118)-604/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-604/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-604/2021 06.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22.01.2021-ci il tarixli sərəncamı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, şikayətin forma və məzmununu Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğunlaşdırmaq, tərəfləri düzgün müəyyən etmək, iddia tələbini dəqiqləşdirmək və bu barədə məhkəməyə müvafiq ərizə verməsi üçün 10 gün müddətinə vaxt verilmişdir. Həmin müddətin ötməsinə baxmayaraq İddiaçı iddia ərizəsinə dəqiqləşdirməsi barədə ərizə daxil olmadığından o, hüquqi yardımın göstərilməsi üçün 06.04.2021-ci il tarixə Sumqayıt İnzibati Məhkəməsinə dəvət olunmuşdur. Lakin o, məhkəmənin çağırışına gəlməmiş və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 46.1-ci maddəsində iddia ərizəsinə göstərilməli olan məlumatlar sadalanmışdır. İnzibati Prosessual Məcəllənin 46.1.2-ci maddəsinə əsasən iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmə qeyd edir ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində iki inzibati orqanı, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsini cavabdeh qismində göstərmişdir. Halbuki, inzibati məhkəmə icraatının prinsiplərinə görə bir iddia tələbi bir inzibati orqana qarşı yönəldilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsindən imtina cavabı alınıb iddia ərizəsinə əlavə edilsə də, Müdafiə Nazirliyinə iddiaçının müraciəti və həmin orqandan verilmiş imtina cavabı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar