Məhkəmə qərarları › İş №2-1(118)-6044/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6044/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6044/2025 27.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 25 nömrəli sərəncamına əsasən Quba şəhərində yerləşən 0,05 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba RİHB-nin Quba şəhər üzrə nümayəndəliyinin 24 aprel 1995-ci il tarixli torpa bölüşdürmə komissiyasının qərarı ilə fərdi mənzil tikintisi üçün “Dəvədabanı” yaşayış massivindən 0,05 ha torpaq sahəsi ayrılmışdır. Həmin protokol Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 25 nömrəli sərəncamı ilə təsdiq olunmuşdur. Torpaq sahəsi iddiaçının adına rəsmiləşdirildikdən sonra ora faktiki olaraq ona təhkim olunmuş və ətrafını hasarlayaraq oradan istifadə etmişdir. Hazırda da ərazi istifadəsindədir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, torpaq sahəsinə dair 1:10000 və 1:2000 miqyaslı yerquruluşu xəritələrindən çıxarışlar təqdim olunmamışdır. Həmçinin, guya həmin hissəyə başqa şəxsin adına daşınmaz əmlakın reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, qeyd olunan imtina səbəbləri əsassızdır və aradan qaldırılmalıdır. Belə ki, arxiv sənədlərindən müəyyən edilir ki, həmin ərazilər məhz Quba RİHB- nin Quba şəhər üzrə nümayəndəliyinin sərəncamları əsasında vətəndaşlara paylanmış və yerində təhkim edilmişdir. Hamıya məlumdur ki, qonşusu kimdir. Həmçinin torpaq sahəsini hasara alaraq ora qapı qoyulmuşdur. Necə ola bilər ki, başqasına məxsus olan torpaq sahəsinin ərazisinə daxil olaraq orada başqa şəxsin adına ölçmə və sənədləşdirmə işləri aparılsın. Həmçinin cavabdeh orqan həmin şəxsin kimliyi və hansı sənədlər əsasında ona çıxarış verilməsi barədə bizə məlumat verməmişdir. Qonşuluqmuzda olan şəxslərə də Quba RİHB-nin Quba şəhər üzrə nümayəndəliyinin sərəncamları əsasında torpaq sahələri verilmişdir. Yəni orada hamı siyahı üzrə yerləşdirilib. Necə ola bilər ki, mənə məxsus olan yer həmin sıradan çıxarılaraq başqa qaydada sənədləşdirilsin. Hesab edirəm ki, cavabdeh orqan heç bir əsaslandırılmış araşdırma aparmadan mənim ərizəmə imtina cavabı vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh etirazında qeyd edir ki, torpaq sahəsinə elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddiaçı Quba RİHB-nın Quba şəhər üzrə nümayəndəliyinin 24 aprel 1995-ci il tarixli 25 saylı sərəncamı ilə ayrılmış, Quba şəhərində yerləşən 0,05 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 adına verilmiş **********13 reyestr nömrəli çıxarışın və verilməsinə əsas olan sənədlərin surəti məhkəməyə tədqim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, çıxarışın verilməsinə əsas bələdiyyə qərarı olmuşdur. Bələdiyyə qərarı hazırda qüvvədədir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun ilkin olaraq iddia etdiyi torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin ləğvi və ya plan-ölçü sənədinin koordinatlarına dəyişiklik edilməsi tələb edilməlidir. İddiaçı məqsədinə yalnız üst-üstə düşən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin və ya koordinatlarının mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, hazırki tələb iddiaçının hüquqi marağına uyğun deyil. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar