Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6048/2025 08.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh təşkilat tərəfindən abonentiyin qeyd olunduğu ünvan olan Sumqayıt XVO 1 B:XVO 1; M:896-ya aid, **********01370 saylı abonent kodunun iddiaçının adına dəyişdirilməsinin cavabdeh təşkilatın öhdəsinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2001-ci il tarixindən Sumqayıt şəhərində yuxarıda qeyd olunan ünvanda, faktiki həyat yoldaşı X1 adına olan bağ evində onunla birlikdə yaşamış, hazırda da həmin ünvanda yaşayır. Həyat yoldaşı 2023-cü ilin 16 mart tarixində vəfat etmiş, hələ sağlığında-2023-cü ilin yanvar ayında bağ sahəsini onun adına keçirmişdir. Həmin bağa dair bütün kommunal ödənişləri indiyədək ödəyir. Qaz sərfinə görə də abonent kimi qeydiyyat Sumqayıt ASAN-da adına keçirilmişdir. Lakin Sumqayıt ASAN və "xxxx" ASC-nin Sumqayıt şöbəsinə dəfələrlə müraciət etsə də işığa görə abonent kimi qeydiyyatda olan Y.Məmmədovun adından abonentliyi adına keçirmirlər. Bağ sənədi kifayət deyil, ya gərək evin çıxarışı olsun, ya da nigah haqqında şəhadətnamə olsun. Lakin onların hərəkəti qanunsuzdur, fakt odur ki, həmin ünvanda ikisindən başqa heç kim yaşamamışdır. İddiaçının həmin sahədə yaşamağına dair arayışlar vardır və bağ sahəsi də adınadır. Müraciəti təmin olunmadığı üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh isə 30 aprel 2025-ci il tarixli məktubla cavab vermişdir ki, abonent kodu mülkiyyətə dair sənədin surəti, bağışlama, alqı-satqı, icarə müqaviləsi., vəs əsasında, həmçinin nigah haqqında şəhadətnamə əsasında başqa ada keçə bilər. Bu cavab əsassızdır, çünki iddiaçının yaşadığı ərazidə-Xəzər bağlarında bağ sahəsinə dair yeganə sənəd olan bağ kitabçası mövcuddur, mülkiyyət sənədi mövcud deyil, bağ sahəsi də ona məxsusdur və bu bağ sahələri də bələdiyyə torpaqlarına aiddir. Bunu qanuni sənəd saymamaq düzgün deyildir. Cavabdehin tələb etdiyi sənədlərdən icarə müqaviləsini isə cavabdeh təşkilatın yerli orqanları bağ sahəsinin sahibi ilə özləri bağlamalıdı, bağlamasalar icarə müqaviləsi birtərəfli qaydada tərtib oluna bilməz. Beləliklə bu formal mülahizələrə və özlərinin müəyyən etdiyi natamam, hər bir halı əhatə etməyən yarımçıq qaydalara görə cavabdeh təşkilat hüququnu pozur. Abonent saldosunda abonentin ünvanı Sumqayıt XVO 1 B:XVO 1; M:896 kimi, kod isə **********01370 -dir.( Arayış və bildiriş əlavə olunur). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəfindən hüquqi yardım edilməsi mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdeh təşkilat tərəfindən abonentiyin qeyd olunduğu ünvan olan Sumqayıt XVO 1 B:XVO 1; M:896-ya aid, **********01370 saylı abonent kodunun iddiaçının adına dəyişdirilməsini istəyir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
13. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar.
14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülki hüquq sahəsindəki fəaliyyəti ilə bağlıdır. Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən, birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Göründüyü kimi, mübahisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. Mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətləri ilə əlaqəlidir ki, iddiaçının tələbi müqavilə öhdəliklərinin onunla davam etdirilməsinə, abunə kodunun onun adına dəyişdirilməsinə yönəlmişdir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova