Məhkəmə qərarları › İş №2-1(118)-6063/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6063/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6063/2024 24.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi X1 göndərilmiş 7 avqust 2024-cü il tarixli, 3-17-1/2-M-186919/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikası vətəndaşlığına xitam verilibverilməməsi barədə arayış və şəxsiyyətini təsdiq edən sənədlə Fondun müvafiq regional filialına və ya DOST Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət edilməsi tövsiyə olunmuşdur. Tələb olunan sənədlər təqdim edildiyi halda vətəndaşın pensiya ödənəşinin aktivləşdiriiməsi məsələsinə baxılacağı bildirilmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

2. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasın bank kartına yüklənilməsi və oğlunun qazancının az olduğundan Pensiya Fondunun vurduğu ziyanı xəstəxana xərcini 5.000 manatı ödəməsi öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. Məhkəmə tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardıma dair məktub göndərilməklə izah edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş etibarnamədə MPM-in 74.2-ci maddəsinin tələbi nəzərə alınmamışdır. Bundan əlavə, iddia tələbləri qeyri-müəyyən olduğundan, məhkəməyə müraciət etmək məqsədi (hansı nəticə əldə etmək istəyinizi) aydın, səlis, konkret şəkildə ifadə olunmalıdır. Eyni zamanda, iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş cavabdehin məktubu imtina məzmunlu deyildir. Belə ki, məktubda qeyd edilir ki, “... Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikası vətəndaşlığına xitam verilib-verilməməsi barədə arayış və şəxsiyyətini təsdiq edən sənədlə Fondun müvafiq regional filialına və ya “Dost” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməyi tövsiyə olunur. Tələb olunan sənədlər təqdim edildiyi halda vətəndaşın pensiya ödənişinin aktivləşdirilməsi məsələsinə baxılacaqdır.” Cavabdehin 7 avqust 2024-cü il tarixli məktubunda qeyd edilənlərlə əlaqədar yenidən müraciət edilibedilməməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir.

5. İddianın mümkünlüyü ilə bağlı halların müzakirə edilməsi, həmçinin İPM-in 13, 48-ci maddələrinin tələblərinə müvafiq olaraq hüquqi yardım göstərilməsi məqsədi ilə mümkünlük iclası təyin olunmuşdur.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçıya göndərilən cavab məktubunda onun Azərbaycan Respublikası vətəndaşlığına xitam verilib-verilməməsi barədə arayışı və şəxsiyyətini təsdiqləyən sənədləri təqdim etdikdən sonra pensiyanın bərpası məsələsinə baxılacağı bildirilmişdir. Göründüyü kimi Mərkəzi Filialın cavabı imtina xarakteri daşımır.

8. Etirazın maddi hüquqi əsası kimi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 35.1, 35.3-cü maddələrinə istinad olunmuşdur.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

9. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi iddiaçının iş üzrə məhkəmə iclasında iştirak edə bilməməsini bildirmişdir.

10. Məhkəmə iclasında izahat verən cavabdeh orqanın səlahiyyətli nümayəndəsi etirazını müdafiə edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

11. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

12. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

13. Məhkəmə qeyd edir ki, İPM-in inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

14. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

15. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

16. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

17. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)

22. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.

23. Məhkəmə iddia ərizəsində qeyd olunan müraciət və cavabdeh orqan tərəfindən göndərilmiş cavab məktubuna (§1) əsasən müəyyən edir ki, iddiaçının müraciətin cavabdeh orqan tərəfindən icra edilməsi üçün tələb olunan sənədlər təqdim olunmamışdır.

24. Bununla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək, qeyd edilən məsələləri əhatə edən məktub göndərilmişdir (§4).

25. Cavabdeh orqan da etirazında və məhkəmə prosesində səlahiyyətli nümayəndəsi iddia tələbinin mümkünlük şərtlərinə cavab vermədiyini qeyd edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir (§ 6-8, 10).

26. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

27. Öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialardır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, öhdəliyin icrası haqqında iddialarda inzibati orqana təqdim edilmiş ərizənin uğursuz olması, yəni şəxs inzibati orqanın imtinaedici qərarını gözləməlidir. Bu növ iddialarda iddianın mümkünlüyü haqqında İPM-in 35.1-ci maddəsinin irəli sürdüyü şərt ödənilmiş olmalıdır. Öhdəliyin icrası haqqında iddianın qaldırılması zamanı iddiaçı tərəf göstərməlidir ki, onun hansı hüququ pozulmuşdur. Bu müddəa “actio popularis” institutunun istisna olunması və hüquqi sabitliyin qorunması məqsədilə bu cür təsbit olunmuşdur.

29. Azərbaycan Respublikası Ali X2 5 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1823/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir.”

30. Eyni zamanda qeyd edilməlidir ki, məhkəməyə daxil olmuş iddia ərizəsində onun iddiaçı tərəfindən deyil, etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən imzalanmışdır. İddia ərizəsinə 5 iyul 2023-cü il tarixli etibarnamənin surəti əlavə edilmişdir. Həmin etibarnamədə “etibar edilən şəxs” X4 münasibətdə iddiaçı tərəfindən iddia ərizəsinin imzalanması səlahiyəti verilməmişdir.

31. İPM-in 1.2-ci madəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər.

32. MPM-in: 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

33. Göründüyü kimi, iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmə tərəfindən iddia ərizəsində göstərilənlərin iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi mümkün deyildir.

34. Yuxarıda göstərilənlər əsasında məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

35. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

36. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar