Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-607/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun müharibə veteranı statusunun bərpa olunması, veteran adı və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin öhdəlik olaraq AR Daxili İşlər Nazirliyinin “Veteran adı və müvafiq vəsiqənin verilməsi” Komissiyasının üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı, onun müharibə veteranı statusunun bərpa olunması, veteran adı və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin öhdəlik olaraq AR Daxili İşlər Nazirliyinin “Veteran adı və müvafiq vəsiqənin verilməsi” Komissiyasının üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Daxili İşlər Nazirliyinin Mühafizə idarəsinin Bakı su kəmərləri və obyektlərin mühafizəsi üzrə polis alayında polis nəfəri vəzifəsində işləmişəm. Bakı su kəmərləri və obyektlərin mühafizəsi üzrə polis alayının xx.xx.1994-cü il tarixli, 37 №-li əmrinə əsasən o və bir qrup polis əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə Füzuli rayonuna ezam olunmuşlar. Lakin onlar qeydiyyata düşmək üçün Beyləqan rayon Polis Şöbəsinə getmiş və ezamiyyət vərəqələrini Beyləqan rayon Polis Şöbəsində qeydiyyata aldırdıqdan sonra, Füzuli rayonunun Arayatılı kəndində postlara yerləşdirilmişlər. Beləliklə, o 15 gün müddətində Arayatılı kəndində postda xidmət aparmışdır. Onunla olan polis əməkdaşları, X3, X4 və X5 da postlarda onunla bərabər olmuşlar. Onların hamısına 1997ci il tarixdə “Müharibə veteranı” vəsiqəsi təqdim olunmuşdur. Ona da xx.xx.1997-ci il tarixdə 002287 №-li Veteran vəsiqəsi təqdim olunmuşdur. O mütəmadi olaraq veteranlar üçün nəzərdə tutulan müavinəti və 2019-cu ilin aprel ayında təyin olunmuş Prezident təqaüdünü almışdır. Lakin 2022-ci ilin fevral ayında ona Prezident təqaüdünün verilməsi dayandırılmışdır, sonradan məlum olmuşdur ki, onun “Müharibə Veteranı” statusum ləğv olunmuşdur. Bununla bağlı AR-nın Daxili İşlər Nazirliyinə müraciət etmiş, sonuncu müraciətinə xx.xx.2002-ci il tarixdə cavab verilmişdir ki, ezam olunduğunuz Beyləqan rayonu xx.xx.1995-ci il tarixli, 216 №-li Nazirlər Kabinetinin qərarına əsasən Ermənistanla hərbi əməliyyatın aparıldığı inzibati ərazi hesab olunmadığından, qaldırdığım məsələnin müsbət həlli mümkün deyil. Lakin onun xidmət apardığı Füzuli rayonu Nazirlər Kabinetinin qərarına əsasən Ermənistanla hərbi əməliyyatın aparıldığı inzibati ərazi hesab olunur. Yuxarıda adlarını qeyd etdiyi polis yoldaşları hal-hazırda Müharibə veteranı statusunu daşıyırlar. Həmin polis yoldaşları onlarla bir yerdə Füzuli rayonunun Arayatılı kəndində postlarda xidmət aparmağını təsdiq edə bilərlər. Beləliklə, Veteran haqqında AR-nm Qanununun 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı hesab olunuram və mənim “Müharibə veteranı” statusum bərpa olunmalı, mənə “Veteran adı və müvafiq vəsiqə”si verilməlidir. Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində deyilir: İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra İnzibati Mübahisələr) məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin məcəllənin 2.2.2-ci maddəsində göstərilmişdir ki, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia) üzrə məhkəmə icraatı İnzibati Məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verəərk iddianın təmin edilmsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, xx.xx.2020-ci il tarixdə vət. İddiaçı ona təkrar “müharibə veteranı adı və vəsiqəsi” verilməsi ilə bağlı DİN-ə ünvanlanmış müraciəti ilə əlaqədar, adına verilmiş xx.xx.1997-ci il tarixli “002287” nömrəli vəsiqəsinin əsaslılığını yoxlamaq məqsədilə Nazirlikdə fəaliyyət göstərən müvafiq Komissiyanın protokollarına baxış keçirilərkən adı aşkar edilməmişdir. Həmçinin, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş arxiv məlumatında onun Baş Mühafizə İdarəsinin xx.xx.1994-cü il tarixli 37 nömrəli əmrinə əsasən ictimai asayişin qorunması məqsədilə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları aparılmayan ərazilərə ezam edilməsi qeyd olunsa da, döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən heç bir məlumat aşkar olunmamış, bu səbəbdən də həmin müharibə veteranı vəsiqəsi etibarsız hesab edilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə uyğun olaraq vət. İddiaçı “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi məqsədəuyğun nesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, rəsmi sənədlərə əsasən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.1994-cü il tarixli 37 nömrəli əmrinə əsasən ictimai asayişin qorunması məqsədilə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları aparılmayan ərazilərə ezam edilmişdir. İddiaçı özüdə ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə Füzuli rayonuna ezam olunmuşlar. Lakin onlar qeydiyyata düşmək üçün Beyləqan rayon Polis Şöbəsinə getmiş və ezamiyyət vərəqələrini Beyləqan rayon Polis Şöbəsində qeydiyyata aldırdıqdan sonra, Füzuli rayonunun Arayatılı kəndində postlara yerləşdirilmişlər. Göründüyü kimi iddiaçı qeydiyyata düşmək üçün Beyləqan rayon Polis Şöbəsinə getmiş və ezamiyyət vərəqələri Beyləqan rayon Polis Şöbəsində qeydiyyata alınmışdır. Lakin iddiaçının Fizuli rayonununa, döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirak etməsini sübut edən hər hansı bir rəsmi sənəd mövcud deyil. Bu halda cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddianın təmini üçün əsaslar mövcud olmadığı üçün inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-607/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-607/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver