Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6076/2025 18.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, X4, X12, X14 və X1 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayon İcra hakimiyyəti Başçısının 01 iyun 2009-cu il tarixli, 435 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilin şəxsi hesabı iddiaçının adına dəyişdirilmişdir. Mənzil yaşayış sahəsi 16 kvm, ümumi sahəsi 29 kvm olan bir otaqlı mənzildən ibarətdir. Həmin vaxtdan hal-hazıra qədər mənzilin kirayəçisi iddiaçıdır. Ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həyat yoldaşı X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. 3-cü şəxs baldızı X4 və hazırda mənzildə qeydiyyatda olmayan baldızı X3 mənzilin şəxsi hesabının iddiaçının adına dəyişdirilməsinə dair xx.xx.2009-cu tarixdə notariat qaydasında təsdiq edilmiş ərizələri Abşeron rayon İcra Hakimiyyətinə təqdim etmişlər. Həmin razılıq ərizələri nəzərə alınaraq mənzilin şəxsi hesabı iddiaçının adına dəyişdirilmişdir. Üçüncü şəxslərdən X4 baldızıdır, digərləri isə onun övladlarıdır. Rübabə Sultanova 1990-cı ildə ailə qurduqdan sonra ər evinə köçmüş və ər evində yaşamağa başlamışdır. Onun övladları olan digər üçüncü şəxslər ər evində anadan olmuş və orada yaşayıblar. Onların yalnız pasport qeydiyyatları formal olaraq iddiaçının mənzilində qalmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş arayışla da təsdiq olunur ki, 3-cü şəxs Rübabə Sultanova 35 ildən çox müddətdir ki, iddiaçının mənzilində yaşamır, övladları isə ümumiyyətlə mənzildə yaşamayıblar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. X4, X12, X14 və X2 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 745 saylı arayışında qeyd edilmişdir ki, X4 1990-cı ildən ünvan 3 ünvanında yaşamır, ailə qurduğuna görə köçüb getmişdir. X12, X14, X2 adlı şəxslər həmin ünvanda yaşamamışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01 iyun 2009-cu il tarixli 435 saylı Sərəncamına əsasən Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 8 saylı evin 16.6 kv.m 1 otaqlı, 3 saylı mənzilinin icarə müqaviləsi İddiaçı adına bağlanmaqla mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. 19 mart 1987-ci il tarixli 000240 saylı orderin surəti, xx.xx.2025-ci il tarixli 01 saylı yaşayış sahəsinin kirayə müqaviləsinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1987-ci ildə Kifayət və Rübabə Sultanova bacıları sabiq Abşeron üzümçülük sovxozu tərəfindən sovxozda fəhlə işlədiklərinə görə Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi mənzil 3 ünvanda yerləşən 1 otaqlı mənzillə təmin olunublar. Həmin ünvana qeydiyyata alınanlar barədə nümayəndəlikdə məlumat yoxdur. Hazırda həmin ünvanda Sultanova bacılarının qardaşı ilə ailə qurmuş İddiaçı və onun övladı X6 yaşayır və qeydiyyatdadır. X10 isə qeydiyyatdadır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01 iyun 2009-cu il tarixli 435 saylı Sərəncamına əsasən Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 8 saylı evin 16.6 kv.m 1 otaqlı, 3 saylı mənzilinin icarə müqaviləsi İddiaçı adına bağlanmaqla mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. 19 mart 1987-ci il tarixli 000240 saylı orderin surəti, xx.xx.2025-ci il tarixli 01 saylı yaşayış sahəsinin kirayə müqaviləsinin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, X4 1990-cı ildən ünvan 3 ünvanında yaşamır, ailə qurduğuna görə köçüb getmişdir. X12, X14, X2 adlı şəxslər həmin ünvanda yaşamamışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən 1987-ci ildə Kifayət və Rübabə Sultanova bacıları sabiq Abşeron üzümçülük sovxozu tərəfindən sovxozda fəhlə işlədiklərinə görə Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi mənzil 3 ünvanda yerləşən 1 otaqlı mənzillə təmin olunublar. Həmin ünvana qeydiyyata alınanlar barədə nümayəndəlikdə məlumat yoxdur. Hazırda həmin ünvanda Sultanova bacılarının qardaşı ilə ailə qurmuş İddiaçı və onun övladı X6 yaşayır və qeydiyyatdadır. X10 isə qeydiyyatdadır. Göründüyü kimi üçüncü şəxslər mənzildə qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 2010-cu il 27 may). Göründüyü kimi, mübahisəli mənzilə iddiaçının hüquqi gözləntisi vardır. İddiaçının “gözləntisi” hüquqi akta əsaslandığından “qanunidir”. Mübahisəli mənzil iddiaçının faktiki istifadəsindədir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, mənzil müvafiq qaydada reyestrdə iddiaçının adına qeydə alınmasa belə, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hüquqi gözləntisinin mövcud olduğu mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özünün faktiki olaraq yaşadığı yaşayış yeri üzrə qeydiyyata alına bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. X4, X12, X14 və X1 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova