Məhkəmə qərarları › İş №2-1(118)-6078/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6078/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6078/2025 29.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6rşı “Sumqayıt şəhəri, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məznillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 12 saylı 20 fevral 2003-cü il tarixli orderlə 53.13 kv metr sahədən ibarət ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 5 nəfər ailə üzvü olmaqla iddiaçının daimi istifadəsinə verilmişdir. Həmin tarixdə də mənzil ona və ailə üzvlərinə təhvil verilmişdir. Həmin tarixdən mənzilə köçürülərək yaşamağa, təsərrüfatı aparmağa başlamışdır. Mənzildən faktiki olaraq istifadə etməyə başlamış və sahiblik edir. Bu mənzil onun və ailə üzvülərinin daimi yaşayış yeridir. Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə ərizə ilə 2 saylı Sumqayıt şəhər Ərazisində yerləşən Asan Xidmətinə müraciət etmişdir. Asan Xidmət ona xx.xx.2025-ci İl tarixdə cavab vermişdir. Göstərmişdir ki, İcra Hakimiyyəti Başçısının 02 yanvar 2002-ci il tarixdən 03 may 2002-ci il tarixədək sərəncamlara və Sumqayıt şəhər İcra Başçısının 07 yanvar 2002-ci il tarixdən 29 may tarixədək əmrlərə baxılmış və oradan iddiaçının adına mənzil verilməsi barədə məlumat aşkar edilməmişdir. Mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsaslar mövcuddur. Cavabdeh tərəf imtina etməklə hərəkətsizliyə yol vermişdir və çıxarışın verilməsi onun yaşayış sahəsi ilə hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı müraciətə Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-10F/2- 71- /2025 nömrəli arxiv arayışı əlavə olunmuşdur. Arxiv arayışında sözügedən mənzilin İddiaçı adına verilməsi barədə hər hansı bir məlumatın aşkar olunmadığı qeyd olunmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 34 saylı mənzilə dair verilmiş xx.xx.2003-cü il tarixli 12 nömrəli orderin həqiqiliyinə və mənzil üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasına münasibət bildirilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə xx.xx.2025- ci il tarixli 3-21-3-31/2- 1144/2025 nömrəli sorğu göndərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-6/2-1120/2025 nömrəli cavab məktubunda aparılmış arxiv araşdırması nəticəsində Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 34 saylı mənzilə dair İddiaçı adına xx.xx.2003-cü il tarixli 12 nömrəli orderin verilməsi barədə məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Bundan əlavə müraciətin araşdırılması zamanı İddiaçı sözügedən mənzildə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 20 fevral 2003-cü il tarixli 12 saylı orderin surəti, Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı MKS-nin xx.xx.2022-ci il tarixli 667 saylı arayışın surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı MKS-nin 25 avqust 2025-ci il tarixli 42 saylı arayışında qeyd edilmişdir ki, Sumqayıt şəhəri 47-ci məhəllə, ev 12, mənzil 34 12 saylı arayışa əsasən xx.xx.2003-cü il tarixində X3 verilmişdir. Mənzildə hazırda Qubadlı rayonunun məcburi köçkünləri məskunlaşıb: X4, X7, X9, X5, X8, X10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixi məktubunda qeyd edilmişdir ki, Azərkimya Təmir Tikinti İdarəsinin rəhbəri və Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 2 N-li protokolu və Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının mənzillərin uçotu .bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.2003-cü il tarixli 12 saylı orderi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin 12 noyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1-ə dair İddiaçı adına olan 20 fevral 2003-cü il tarixli, 12 saylı order və orderin verilməsinə əsas olmuş sənədlər şöbənin arxivində aşkar edilmədiyindən tələb edilən sənədlərin göndərilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı müraciətə Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-10F/2- 71- /2025 nömrəli arxiv arayışı əlavə olunmuşdur. Arxiv arayışında sözügedən mənzilin İddiaçı adına verilməsi barədə hər hansı bir məlumatın aşkar olunmadığı qeyd olunmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 34 saylı mənzilə dair verilmiş xx.xx.2003-cü il tarixli 12 nömrəli orderin həqiqiliyinə və mənzil üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasına münasibət bildirilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə xx.xx.2025- ci il tarixli 3-21-3-31/2- 1144/2025 nömrəli sorğu göndərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-6/2-1120/2025 nömrəli cavab məktubunda aparılmış arxiv araşdırması nəticəsində Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 34 saylı mənzilə dair İddiaçı adına xx.xx.2003-cü il tarixli 12 nömrəli orderin verilməsi barədə məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Bundan əlavə müraciətin araşdırılması zamanı İddiaçı sözügedən mənzildə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərkimya Təmir Tikinti İdarəsinin rəhbəri və Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 2 N-li protokolu və Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.2003-cü il tarixli 12 saylı orderi və orderin verilməsinə əsas olmuş sənədlərin arxiv nüsxəsi aşkar edilməmişdir. İddiaçı tərəfindən 20 fevral 2003-cü il tarixli 12 saylı orderin surəti iş materiallarına əlavə edilsə də, Sumqayıt şəhər İcra Hakimiyyətinin 12 noyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1-ə dair İddiaçı adına olan 20 fevral 2003-cü il tarixli, 12 saylı order və orderin verilməsinə əsas olmuş sənədlər şöbənin arxivində aşkar edilməmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Belə ki, Qanunun 8-ci maddəsi imperativ norma olaraq təqdim edilməli sənədlərin dairəsini (mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam) müəyyən etmişdir. Lakin göründüyü kimi iddiaçı mübahisələndirilən mənzilə dair həmin normada sadalanan hər hansı hüquqmüəyyənedici sənədə malik deyildir. Belə ki, təqdim edilmiş order surətdir və verilməsinə dair hər hansı arxiv məlumat mövcud deyil. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar