Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6083/2025 12.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ X7-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri PHŞ-i 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinasını əsassız və qanunsuz hesab edərək, Qusar rayonu Qusar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22/4-52 nömrəli qərarı ilə Bələdiyyə torpaqlarının Baş planına əsasən, ticarət obyektinin tikintisi üçün mülkiyyətinə verilmiş Bələdiyyə ərazisində yerləşən sahəsi 0,0054 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarış, plan-ölçü cizgisinin verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir.
3. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Qusar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22/4-52 nömrəli qərarı ilə Bələdiyyə torpaqlarının Baş planına əsasən Bələdiyyə ərazisindən 0,0054 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair 1266 nömrəli, xx.xx.2006-cı il tarixli akt ilə 0,0054 ha torpaq sahəsinin alqı-satqı məbləği olaraq 116 (yüz on altı) manat pul vəsaitini Qusar rayon Bələdiyyəsinin bankının xəzinəsinə köçürmüşdür. Həmçinin AR X9 filialının verdiyi 3- 48-AA-65/2-X-12xx-xx/2023 saylı 31 08.2023-cü il tarixli arayışından da görünür ki, Qusar şəhərinin baş planına uyğun olaraq ticarət obyektinin tikintisi üçün iddiaçıya Müqtədir küçəsində 0,0054 ha torpaq sahəsi satılmışdır. Qusar Rayonu İHB-nın Aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2016-cı il tarixli 398 № rəyindən də görünür ki, 0,0054 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya satılmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddiaçıya məxsus 0,0054 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq reyestridən çıxarış və plan-ölçü cizgisi verilməsi üçün ƏMDX DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh müraciətdən əsassız olaraq imtina etmişdir. Belə ki, cavabdeh ƏMDX DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi etibarnamə ilə nümayəndənin (X4) müraciətinə verdiyi 3-21-3- 34\2-5311/2025 №-li xx.xx.2025-ci il tarixli cavab məktubunda torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətində Qusar rayon Qusar Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 22/4-52 nömrəli qərarı əsasında sahibkarlıq fəaliyyəti üçün satılmış 0,0054 ha torpaq sahəsinə dair sənədlərin əsillərinin təqdim edilmədiyini, ərizəyə əlavə olunmuş sənədlərin surəti olduğunu, həmçinin 0,0054 ha torpaq sahəsi məlumat bazasında Qusar rayon məhkəməsinin yerləşdiyi dövlət torpağı kimi işlənməsini və həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət mülkiyyəti, inzibati kimi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestridən çıxarış və plan-ölçü çizgisinin verilməsindən imtinası uçun gətirdiyi dəlillər tamamilə əsassızdır, qanunaziddir və bəhanədən başqa bir şey deyildir, qeyd edilən torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsinin ayrılması digər dövlət orqanları ilə razılaşdırılmaqla aparılmışdır. İddiaçı ilk olaraq bildirir ki, qanunvericiliyə əsasən bələdiyyə torpaqlarının ayrılmasına dair sənədləşmə işlərinin aparılması yerli özünüidarə orqanlarının səlahiyyətlərində olan bir məsələ olduğundan torpaq sahəsinin ayrılması üçün müraciət etmiş şəxs aidiyyəti inzibati orqan tərəfindən həmin sənədləşmənin aparılmasına görə məsuliyyət daşıya bilməz.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. Məhkəmənin 07 noyabr 2025-ci il tarixli, 2-1(118)-6083/2025 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xaçmaz Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
7. Məhkəmənin 12 fevral 2026-cı il tarixli, 2-1(118)-6083/2025 nömrəli qərardadı ilə iş üzrə Xaçmaz Rayon İcra Hakimiyyətinin üçüncü şəxs kimi prosessual statusu ləğv edilməsi qərara alınmışdır.
8. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı nümayəndəsi X1 şəhəri ərazisində yerləşən 0,0054 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən, Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22/4-52 nömrəli qərarı əsasında sahibkarlıq fəaliyyəti üçün satılmış 0,0054 ha torpaq sahəsinə dair sənədlərin əsilləri təqdim edilməmişdir. Belə ki, 0,0054 ha torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş sənədlər surətdir. Həmçinin, 0054 ha torpaq sahəsi məlumat bazasında Qusar rayon Məhkəməsinin yerləşdiyi dövlət torpağı kimi işlənilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət mülkiyyəti, inzibati kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-5311/2025 nömrəli məktubla imtina edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənəsi, nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi.
11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia tələbi çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. Beləliklə, iddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
18. Qusar bələdiyyəsinin 22/4-52 nömrəli, xx.xx.2006-cı il tarixli qərarından görünür ki, İddiaçı Qusar şəhərinin baş planına uyğun olaraq ticarət obyektinin tikintisi üçün şəhərin Muxtadır küçəsində 54,0 kv. metr torpaq sahəsinin satılması qərara alınmışdır.
19. Azərbaycan Respublikası X9 filialı tərəfindən verilmiş arxiv arayışından görünür ki, Azərbaycan Respublikası X9 filialı bildirir ki, Qusar bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli 22/4-52 saylı qərarı ilə İddiaçı Qusar şəhərinin baş planına uyğun olaraq ticarət obyektinin tikintisi üçün şəhərin Muxtadır küçəsində 54,0 kv.metr torpaq sahəsi satılmışdır.
20. Seriya BÖO № 028381 nömrəli, xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, İddiaçı Qusar bələdiyyəsinin hesabına 116 manat torpağın dəyəri ödənilmişdir.
21. xx.xx.2006-cı il tarixli, 1266 nömrəli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qusar bələdiyyəsi ərazisindən 0,54 kv.m torpaq sahəsi İddiaçı satılmışdır.
22. Qusar şəhərinin baş planından çıxarışdan görünür ki, İddiaçı aayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir.
23. Qusar rayonu Qusar bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, M-47 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı Qusar bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli 22/4-52 nömrəli qərarı ilə ticarət obyektinin tikintisi məqsədi üçün satılmış 54,0 kv.metr torpaq sahəsi üçün mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) verilməsinə etiraz etmir.
24. RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 398 nömrəli rəydən görünür ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması, razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə, “Şəhərsalmanın əsasları haqqında” AR Qanununa uyğun olaraq, Qusar bələdiyyəsinin şəhəraltı torpaqlarından Qusar şəhər (kənd) sakini İddiaçı tərtib edilmiş sxenroəki 54,0 kv.m torpaq sahəsinin həmin məqsəd üçün satılınası, kommunikasiyaların torpaq sahibinin hesabına çəkilməsi şərtilə məqsədə müvafiqdir.
25. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi naturada üzərində tikinti altı sahəsi 75.6 kv.m olan qeyri-yaşayış üçün nəzərdə tutulan tikili inşa olunmaqla mişar daşı hasarı daxilində 0,013 hektar ölçüdə istifadə olunur, torpaq sahəsinin koordinatlarını sənədlərlə əlavə olunmuş sxemlərdəki ölçülərə uyğun işlənilmişdir, həmin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, mülkiyyət növü "dövlət” olmaqla, 0.0047 hektar hissəsi “Qusar rayon Məhkəməsinin” inzibati bina altındakı torpaq sahələri kimi, 0.0007 hektar hissəsi isə “Qusar rayon Prokurorluğu”nun inzibati bina altındakı “yaşayış məntəqələrinin torpaqları” kimi uçota alınmışdır Qeyd: Torpaq sahəsində inşa olunmuş tikinti altı sahəsi 75.6 kv.m tikilinin bir hissəsi yerləşir torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağında yerləşmir, torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) hər hansı bir fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. (Ortofoto görüntüsü əlavə olunmuşdur). IV. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.
IV. Məhkəmənin mövqeyi
33. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
34. Məhkəmə tərəfindən müəyyən edildi ki, Qusar rayon Qusar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22/4-52 nömrəli qərarı ilə Bələdiyyə torpaqlarının Baş planına əsasən, Bələdiyyə ərazisindən 0,0054 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair 1266 nömrəli, xx.xx.2006-cı il tarixli akt ilə 0,0054 ha torpaq sahəsinin alqı-satqı məbləği olaraq 116 (yüz on altı) manat pul vəsaitini Qusar rayon Bələdiyyəsinin bankının xəzinəsinə köçürmüşdür. Həmçinin, AR X9 filialının verdiyi 3- 48-AA-65/2-X-12xx-xx/2023 saylı 31 08.2023-cü il tarixli arayışından da görünür ki, Qusar şəhərinin baş planına uyğun olaraq ticarət obyektinin tikintisi üçün iddiaçıya Müqtədir küçəsində 0,0054 ha torpaq sahəsi satılmışdır. Qusar Rayonu İHB-nın Aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2016-cı il tarixli 398 № rəyindən də görünür ki, 0,0054 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya satılmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddiaçıya məxsus 0,0054 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq reyestridən çıxarış və plan-ölçü cizgisi verilməsi üçün ƏMDX DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh müraciətdən imtina etmişdir.
35. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi naturada üzərində tikinti altı sahəsi 75.6 kv.m olan qeyri-yaşayış üçün nəzərdə tutulan tikili inşa olunmaqla mişar daşı hasarı daxilində 0,013 hektar ölçüdə istifadə olunur, torpaq sahəsinin koordinatlarını sənədlərlə əlavə olunmuş sxemlərdəki ölçülərə uyğun işlənilmişdir, həmin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, mülkiyyət növü “dövlət” olmaqla, 0,0047 hektar hissəsi “Qusar rayon Məhkəməsinin” inzibati bina altındakı torpaq sahələri kimi, 0,0007 hektar hissəsi isə “Qusar rayon Prokurorluğu”nun inzibati bina altındakı “yaşayış məntəqələrinin torpaqları” kimi uçota alınmışdır Qeyd: Torpaq sahəsində inşa olunmuş tikinti altı sahəsi 75.6 kv.m tikilinin bir hissəsi yerləşir torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağında yerləşmir, torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) hər hansı bir fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir.
36. Cavabdeh iddiaçının müraciətindən imtinasında, həmçinin etirazında aşağıdakılara istinad etmişdir: 1) Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22/4-52 nömrəli qərarı əsasında sahibkarlıq fəaliyyəti üçün satılmış 0,0054 ha torpaq sahəsinə dair sənədlərin əsillərinin təqdim edilməməsi, torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş sənədlər surət olması, 2) torpaq sahəsinin məlumat bazasında Qusar rayon Məhkəməsinin yerləşdiyi dövlət torpağı kimi işlənilməsi, 3) həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət mülkiyyəti, inzibati kimi qeyd olunması.
37. Yuxarıda göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir.
38. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -86.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
40. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X7-Abbaszadə