Məhkəmə qərarları › İş №2-1(118)-6088/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6088/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6088/2025 30.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarış, plan və ölçünün verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh X2nə qarşı “çıxarış, plan və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı Avadeyev Yuri Avadeyeviç cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə dair hüququn tanınması və mülkiyyət hüququna əsassız etiraz və imtinanın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı X3 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən sahəsi 0,24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehX2nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6, Şamaxı Rayonu Nağaraxana kəndində yerləşən və JN-776A nömrəli şəhadətnamə ilə X4 məxsus olan 0,24 ha torpaq sahəsinə dair 29 aprel 2025-ci il tarixində cavabdeh tərəfindən hüquqa zidd olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina məktubu almışdır. Bu imtina məktubu əsassız və hüquqa zidd olaraq göndərilmişdir. Dövlət Torpaq va Xəritəcəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilən sənəd əsassız şəkildə etibarsız hesab olunmuş və hüququları tanınmamışdır. Bu isə hüquqi davamlılığa və qanunvericiliyin normalarına ziddir. Yeni idarəetmə və ya torpaq idarəçiliyi hakimiyyətə gəldikdə, yalnız idarəçilik öhdəliklərini deyil, həm də əvvəlki dövrlərdə formalaşmış hüquqi və inzibati sistemi miras alır. Əgər hansısa sənədləri dələduzluq, qanunsuzluq və ya dövlət maraqları səbəbilə etibarsız elan edən xüsusi bir hüquqi müddəa yoxdursa, qanunvericiliyin əsas prinsipi budur ki, əvvəllər verilmiş şəhadətnamələr, torpaq sənədləri, icazələr və digər rəsmi sənədlər öz qüvvəsində qalır. Bu, dövlət idarəçiliyinə inamı, hüquqi sabitliyi və vətəndaşların hüquqlarını qoruyur. Belə sənədlərin hüquqi əsas olmadan rədd edilməsi hüququn aliliyini, ictimai nizamı poza bilər, və dövlət qurumlarına olan etimadın sarsılmasına gətirib çıxarar.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının

13. 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2, 8.0.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 68.1, 68.2-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi X6 “Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri” X7 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, elektron baza xəritəsində və arxiv məlumatlarında DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən X3 adına tərtib olunmuş JN-776A, kod:41011018 saylı şəhadətnaməyə aid məlumatlar mövcud deyil, faktiki istifadədə olan torpaq sahəsi isə kadastr baza məlumatlarında örüş torpaqlarına aid edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş JN-776A, 41011018 saylı şəhadətnamə baza arxiv məlumatlarında mövcud olmadığına və torpaq sahəsinə kənd təsərrüfatlı örüş torpaqlarına aid edildiyinə görə ərizənin icrası mümkün olmamışdır.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. JN-776A kod 41011018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Şamaxı rayonu X2 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarına əsasən 0,24 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir.

10. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ərizəyə əlavə edilən JN-776A, kod:41011018 saylı şəhadətnamə baza arxiv məlumatlarında mövcud deyil. Torpaq sahəsinin müayinəsi zamanı götürülmüş koordinatlar daxilində yerləşən torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaqlarına aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

11. xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi iki tərəfdən qonşu iki tərəfdən yol ilə əhatə olunmuşdur. Torpaq sahəsinin faktiki kordinatları əlavə edilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X7 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba qonşu torpaq sahələrinin sənədlərinin təsdiq edilmiş surətləri əlavə olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

14. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

23. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

24. Belə ki, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-776A kod 41011018 saylı şəhadətnaməyə əsasən X3 mülkiyyətinə verilmişdir. İddiaçı 0,24 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, ərizəyə əlavə edilən JN-776A, kod:41011018 saylı şəhadətnamə baza arxiv məlumatlarında mövcud deyil. Torpaq sahəsinin müayinəsi zamanı götürülmüş koordinatlar daxilində yerləşən torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaqlarına aid edilmişdir.

25. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, JN-776A nömrəli (kod ********) seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza arxiv məlumatlarında mövcud olmamasında iddiaçının təqsiri yoxdur. Həmin hərəkətlərin edilməsi cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.

26. Digər imtina əsası kimi torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı örüş torpaqlarına aid olduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin çıxarışlar və verilməsinə əsas olmuş sənədlərdən görünür ki, torpaq sahələrinin təyinatı yaşayış məntəqəlıri torpaqları qeyd olunmaqla cavabdeh tərəfindən mülkiyyət hüquqları qeydə alınmış və çıxarışlar verilmişdir. Bundan başqa həmin şəxslərə verilmiş çıxarışların ilkin qeydə alınması üçün əsas kimi iddiaçıya da torpaq sahəsinin ayrılması barədə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuş və həmin şəhadətnamə də Şamaxı rayonu X2 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarına əsasən verilmişdir. Eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir.

27. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınmasına hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla ayrılmış, eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya şamil olunmalıdır. Bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans” a xidmət edir.

28. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

31. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-776A kod 41011018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,24 ha torpaq sahəsi üzərində iddiaçı X3 mülkiyyət hüquqlarının iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehX2nin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. JN-776A kod 41011018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,24 ha torpaq sahəsi üzərində iddiaçı X3 mülkiyyət hüquqlarının iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehX2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar