Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-61/2022 29.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı (Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv m torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh dövlət orqanının iddiaçının mülkiyyət hüququnun qeydə alınması barədə müraciətinə xx.xx.2020-ci il tarixli imtinasını qanunsuz hesab edərək, Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv m torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv m torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar şıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv m torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçı tikili (mağaza) inşa etmişdir. İddiaçı torpaq sahəsi və üzərində yerləşən tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə cavabdeh idarə tərəfindən xx.xx.2020-ci il tarixli məktubla imtina edilmişdir. İmtinaya səbəb kimi iddiaçıya məxsus torpaq sahəsinin 85 kv m hissəsinin yüksək gərginlikli elektrik xəttinin və yolun mühafizə zolağında yerləşdiyinin aşkar edildiyi göstərilmişdir. Əmlakın yaxınlığından keçən elektrik xəttinin gərginliyi, ara məsafəsi, eləcə də avtomobil yolunun kənd, şəhər, respublika əhəmiyyətli olması və təsnifatından asılı olaraq mühafizə zolağının, ara məsafəsinin müəyyən olunmasına subyektiv yanaşılmışdır. Yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi olmalıdır. İddiaçının əmlakı mövcud olarkən elktrik xətti yeraltı aparılmış, sonradan isə elektrik xətti hava ilə aparılmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə clasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq səhəsinin 85 kv m hissəsinin yüksək gərginlikli elektrik xəttinin və yolun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. İş materiallarında olan : -JN-01202 30800096 seriyalı dövlət aktından görünür ki,Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı 0,012253 ha torpaq sahəsi ayrılmışdır. -Abşeron rayon Masasır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarından görünür ki, İddiaçı faktiki istifadə etdiyi 123 kv m torpaq sahəsinin alqı-satqı qaydasında onun istifadəsinə verilməsi qərara alınmışdır - 05 aprel 2006-cı il tarixli torpaqların alqı-satqına dair aktdan görünür ki, Abşeron rayon Masasır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən 123 kv m torpaq sahəsi Abşeron rayon Masasır bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. - xx.xx.2006-cı il tarixli aktdan görünür ki, 122.5 kv.m torpaq sahəsi İddiaçı təhvil verilmişdir. - Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2007-ci il tarixli sərəncaməndan görünür ki, vətəndaş İddiaçı 123 kv m torpaq sahəsi üzərinə ticarət obyektinin tikintisinə icazə verilmişdir. -"xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Abşeron rayon Masazır kəndində yerləşən İddiaçı məxsus olan ticarət obyekti barəsindədir. - Abşeron rayon Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki elektirik verilişi xətti 1973cü ildə istismara verilmişdir. 2013- cü ildə AZEKO şirkəti tərəfindən mövcud istismara yararsız beton dayaqlar heç bir sxem dəyişikliyi olmadan yeni beton dayaqlarla əvəz olunmuşdur. Məhkəmənin sorğusuna əsasən “Azərişıq” AC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi 10 kV-luq, 72 saylı Komplekt transformator məntəqəsinin mühafizə zonasında yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə satılmış 0,012253 ha torpaq sahəsinə ləğv edilmiş DTXK-si tərəfindən İddiaçı adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair JN-0102 Dövlət Aktı ilə torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında elektron məlumat bazasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün torpaq sahəsinin və üzərində inşa edilmiş tikilinin yüksək gərginlikli elektirik xəttinin və yolun mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsinin 0,0080 ha (80 kv m) hissəsi 6 kVt yüksək gərginlikli elektirik hava xəttinin mühafizə zolağında yerləşir. Elektrikləşmənin hansı dövrdə həyata keçirilməsinin müəyyən etmək səlahiyyətlərinə aid deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı, ləğv və ya etibarsız hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən torpaq sahəsinin yolun və yüksək gərginılikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı imtina etmişdir. Məhkəmə həmin dəlillərin yoxlanılması məqsədi ilə mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 sayulı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Mütəxəssis öz rəyində iddiaçının fakitki istifadəsində olan torpaq sahəsinin 80 kv m hissəsinin 6 kVt yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında yerləşməsi barədə rəy vermişdir. Yolun mühafizə zolağı barədə sual qoyulsa da, mütəxəssis tərəfindən həmin suala cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Beləliklə, Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili torpaq sahəsinə dair münasibətdə tətbiq edilməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən, torpaq sahəsinə aid hissədə təmin edilməli, tikilinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair hissədə rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv m torpaq sahəsi üzərində iddiaşı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışıln verilməsi öhdəlyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-61/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-61/2022
29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver