Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-61/2024 05.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Əsədova Lalə Rəşid qızının mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Əsədova Lalə Rəşid qızının mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Əsədova Lalə Rəşid qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5, 1 saylı mənzil iddiaçının mülkiyyətindədir. Əsədova Lalə Rəşid qızı onun atasının ikinci həyat yoldaşı olmuşdur. İddiaçının atası 2015-ci ildə vəfat etdikdən sonra L.Əsədova Rusiyaya köçüb getmiş, həmin vaxtdan mübahisəli mənzildə yaşamır. 2017-ci ildə mənzil vərəsəlik yolu ilə iddiaçının mülkiyyətinə keçmişdir. L.Əsədovanın mənzilə olan qeydiyyatı formal xarakter daşıyır. O, Əsədova Lalə Rəşid qızının qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Sumqayıt şəhər Polis idarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə vətəndaşın pasport qeydiyyatından çıxarılmasına imtina edilmişdir. Əvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil iddianı qəbul etmədi və izah etdi ki, sözügedən mənzil üçüncü şəxs Əsədova Lalə Rəşid qızının əri X3 məxsus olmuşdur. Onlar 1984-cü ildə rəsmi nikaha daxil olmuşlar. Sonradan onun əri evi özəlləşdirmişdir. İddiaçıya uşaqlıqdan L.Əsədova baxmış, mehriban ailə kimi bir mənzildə yaşamışlar. Atası öldükdən sonra mənzil İddiaçı (iddiaçının) mülkiyyətinə keçmişdir. Çünki həmin dövrdə L.Əsədova Rusiyada vətəndaşlıq almaq üçün ərindən formal olaraq boşanmışdır. Lakin son vaxtlar onların münasibətləri pisləşmiş və iddiaçı L.Əsədovanı evə buraxmamışdır. Halbuki, L.Əsədova 1988-ci ildən kirayəçinin ailə üzvü kimi həmin evdə yaşamış, təsərrüfat aparmışdır. Onun mənzildən qeydiyyatdan çıxarılmasına dair mübahisəyə mülki mühakimə qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - RX seriyalı, **********34-05101-093012 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 5 saylı evdə yerləşən 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Əsədova Lalə Rəşid qızı ünvan 1 ünvanında qeydiyyatdadır. -DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Əsədova Lalə Rəşid qızı xx.xx.2001-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-158/2022 saylı qətnaməsindən görünür ki, Əsədova Lalə Rəşid qızının İddiaçı qarşı mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-158/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında müraciəti edilməsi övsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Əsədova Lalə Rəşid qızının İddiaçı qarşı mənzilə köçürülməsi tələinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “iddiaçı Əsədova Lalə Rəşid qızı cavadeh İddiaçı atası X4 ilə 1988-ci ildə nikaha daxil olmuşlar. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil ünvan 3 Order əsasında X3 ayrılmışdır. xx.xx.2010-cu il tarixdə yuxarıda qeyd edilən mənzil Əsədova Lalə Rəşid qızının razılıqı əsasında X2 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X4 ilə Əsədova Lalə Rəşid qızı arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. X4 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür. Bundan sonra Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil, ünvan 4 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Əsədova Lalə Rəşid qızı ünvan 1 ünvanında 1990-cı ildən hal-hazıradək qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır, hal-hazırda Respublika hüdudlarından kənardadır, digər dövlətdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildən nikahı pozulduqdan sonra istifadə etməsədə, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır. İddiaçı Əsədova Lalə Rəşid qızının mülkiyyətində Sumqayıt şəhəri, 6-cı mkr, bina 11A-da 166 saylı mənzil olmuş və həmin mənzil onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır. İddiaçının cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri mövcud deyil, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti yoxdur. İddiaçının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqları aradan qalxmışdır, mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən iddiaçının istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir”. Azərbaycan Respublilası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti baxımından hesab edir ki, mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə hər hansı əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması qaydasının qanunverici tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq vurğulayır ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı işdə üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasa da, qanuni qüvvədə olan qətnamə ilə üçüncü şəxsin mənzildən istifadə hüququnun olmaması müəyyən edildiyindən, cavabdeh iddiaçının müraciəti əsasında üçüncü şəxsi mənzildən qeydiyyatdan çıxarmaqda səlahiyyətli olmuşdur. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud olmadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Əsədova Lalə Rəşid qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-61/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-61/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver