Məhkəmə qərarları › İş №2-1(118)-610/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-610/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-610/2020 26.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirdi ki, hərbi biletdə rəsmi qaydada qeyd edilənlərdən, həmçinin Quba rayon hərbi Komissarlığı tərəfindən verilmiş arayışlardan, eyni zamanda Müdafiə Nazirliyinin Mərkəzi arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arxiv Arayışlarından, döyüşdə xəsarət aldığına dair ekiprizdən göründüyü kimi xx xxxxxx N-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixləri arasında Milli Ordunun N saylı hərbi hissəsi tərkibində Beyləqan rayonu ərazisində düşmənlə döyüşlərdə iştirak etmiş və sağ budun yuxarı 1/3 hissəsinin kor qəlpə yarası və əzələnin zədələnməsi xəsarətləri almışdır.Bu rəsmi dövlət sənədlərinin ona Müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün kifayət edəcəyini düşünərək bir neçə dəfə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, sonuncu müraciəti xx xxxxxx 2019-cu il tarixdə olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arxiv Arayışlarından, döyüşdə xəsarət aldığıma dair epikrizdən göründüyü kimi xx xxxxxx N-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixləri arasında Milli Ordunun N saylı hərbi hissəsi tərkibində Beyləqan rayonu ərazisində düşmənlə döyüşlərdə iştirak etmiş və sağ budun yuxarı 1/3 hissəsinin kor qəlpə yarası və əzələnin zədələnməsi xəsarətləri almışam. Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın iddiaçının ünvanına göndərdiyi xx xxxxxx 2019-cu il tarixli 1/T-17909 saylı cavab məktubunda bildirilmişdir ki,Sizə “Müharibə Veteranı ” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır.N nömrəli hərbi hissəyə daxil olmağınız, xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə hərbi hissə komandirinin əmrlər kitabında arxiv sənədlərində məlumat aşkar edilmədiyinə görə Sizə “Müharibə veteranı ” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.Qeyd etdi ki, cavabdeh tərəfindən ünvanına göndərilmiş bu cavab eyni ilə bir öncəki müraciətinə verilən cavabın təkrarıdır. Göründüyü kimi, cavabdeh Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsindən qəsdən yayınır və formal mülahizələrlə məsələni araşdırmaqdan imtina edir. Halbuki, onun təqdim etdiyi sənədlərdə məsələ açıq-aydın ortadadır və iddianın haqlı olduğu göz qabağındadır. Müdafiə Nazirliyi isə ona müvafiq ad və sənədin verilməsini məqsədə uyğun saymır. Müvafiq sənədləri tapmaq, aşkar etmək vətəndaşın borcu deyil. Sənədləri saxlamaq, qorumaq da onun vəzifəsi deyil. O əsgəri xidmətə çağırılmış, xidmət etmiş və döyüş zamanı ciddi xəsarət almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №-li Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995–ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- ( müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfındən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqmda arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin dördüncü bəndinin birinci abzasında qeyd edilir ki, Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünmüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqlara müvafiq komissiyaların rəyinə əsasən verilir.Əsasnamənin mətnindən aydın olur ki, Müdafiə Nazirliyi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müharibə veteranı adı verir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar.1994-cü ilin fevralın 27-də hərbi xidmətdən ehtiyata buraxılma olmamışdır.İddiaçı hərbi xidmətdən qanuni əsaslarla buraxılmadığına görə məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş edilir.Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, 1/T-14026 nömrəli imtina məktubu, Müdafiə Nazirliyinin İşlər X1 İdarəsinin xx.xx.2019-ci il tarixli, ***-**** nömrəli məktubu və H3 ******* nömrəli Hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə əsaslı sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla tərxis olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X1inin məlumatlarında İddiaçı N nömrəli hərbi hissə komandirinin noyabr N-cü il tarixli, fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1992-N-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar