Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-610/2021 19.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 4-cü mikr-n, ev 24/8 mənzil 24-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X1 və X3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 24/8 saylı evdə yerləşən 24 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 və X3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 24/8 saylı evdə yerləşən 24 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 24/8 saylı evdə yerləşən 24 saylı mənzil 2014-cü ildən onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxs Salmanova Yeganə onun qardaşının baldızı, Salmanov Rasim isə onun oğludur. 2018-ci ildə həmin şəxslər iddiaçının razılığına əsasən onun mənzilinə qeydiyyata düşmüşlər, lakin qeydiyyatları formal xarakter daşıyır. İddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq üçüncü şəxslər könüllü olaraq qeydiyyatdan çıxmırlar. Bununla bağlı iddiaçı onların qeydiyyatdan çıxarılması öhdəliynin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 24/8 saylı evdə yerləşən 24 saylı mənzil xx.xx.2014-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər X2 və X5 həmin mənzildə pasport qeydiyyatındadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin ona xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud olmadığından onun qeydiyyatdan çıxarılması mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt şəhər Polis İdarəsi tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuş və iddiaçının hər hansı hüquqlarının pozulması təsdiqini tapmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırda iddiaçı üçüncü şəxslərin onun mülkiyyətçisi olduğu mənzildən qeydiyyatdan çıxarılmasını tələb etsə də, bunun üçün əsas ola biləcək yuxarıda sadalanan hallardan heç biri mövcud deyildir. Belə ki, həmin şəxslərin mənzildən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsinin olmaması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia ilə ümumi məhkəməyə müraciət etməli, daha sonra inzibati orqan – Sumqayıt şəhər Polis İdarəsi həmin şəxsi qeydiyyatdan çıxarmaqdan imtina etdiyi təqdirdə onun hərəkətləri ilə bağlı inzibaği-iqtisadi məhkəməsinə müraciət etməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları və cavabdehin hərəkətinin qanunsuzluğunu əsaslandıra bilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110-cu maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona aid edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-610/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-610/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver