Məhkəmə qərarları › İş №2-1(118)-613/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-613/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-613/2022 01.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X14 massivi, ev 1 a mənzil 45-də yaşayan) Cavabdehin nümayəndəsi X1 (ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X14 Massivi, ev 1a, mənzil 45 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, X14 Massivi, ev 1a, mənzil 45 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X14 massivi, ev 1a, mənzil 45 4 nəfər ailə üzvü ilə birlikdə 18.04.1986-cı il tarixli, 11/57 saylı order əsasında Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində işləyərkən xidməti yaşayış sahəsi kimi ona verilmişdir. 1986-cı ildən hazıradək sözügedən ünvanda 6 nəfərlik ailə üzvləri ilə birgə yaşayır. O, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün sənədləri 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. Cavabdeh özünün 26.11.2021-ci il tarixli məktubu ilə xahişini rədd etmişdir. İmtinaya səbəb kimi yaşadığı mənzilin xidməti yaşayış sahəsinə aid olması göstərilmişdir. Halbuki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 635 saylı 01.11.2021-ci il tarixli sərəncamına əsasən mənzil xidməti rejimdən çıxarılmışdır. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, ərizəyə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil dövlət mənzil fonduna aid deyil və Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 18.04.1986-ci il tarixli, H/57 saylı orderi əsasında xidməti yaşayış sahəsi kimi istifadəyə verilmişdir. Həmçinin binanın nömrəsinin “1 A” olmasına baxmayaraq Dövlət Arxivinin Sumqayıt filialının arxiv arayışında 1 kimi qeyd edilmiş və hüquq sahibinin adının baş hərfi səhv göstərilmişdir. İş materiallarında olan : - Dövət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 655 saylı 22.09.2021-ci il tarixli arxiv arayışıdan görünür ki, Sumqayıt XDS-nin 29.03.1986-cı il tarixli 17.120.1 saylı qərarına əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X14 massivi 1a saylı evdə yerləşən 45 saylı mənzil İddiaçı verilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 08.04.1986-ci il tarixli H/57 nömrəli orderdən görünür ki, Biləcəri Mülki Qurğular distansiyasının 68 saylı 05.02.1986cıil tarixli və Azərbaycan Dəmir Yol İdarəsinin NQS-12/45 saylı 16.09.1985-ci il tarixli məktublarına əsasən və həmkarlar ittifaqı ilə inzibati rəhbərliyin 26.09.1985-ci il tarixli birgə iclas porotokoluna əsasən Sumqayıt şəhər XDS İK-nin 29.03.1986-cı il tarixli 17.20.1 saylı qərarına əsasən H.Zeynalabdin qəsəbəsi, D/yol yaşayış massivi 1 saylı evdə yerləşən üç otaqlı, yaşayış sahəsi 37,64 kv m olan 45 saylı mənzil 4 nəfər ailə üzvü ilə birlikdə Biləcəri Mülki Qurğular distansiyasında çilingər işləyən İddiaçı verillmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 01.11.2021-ci il tarixli 653 saylı sərəncamından görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsi 37.64 kv.m olan 3 otaqlı H.Zeynalabdin qəsəbəsi, D/yol yaşayış massivi 1a saylı evdə yerləşən 45 saylı mənzil xidməti rejimdən çıxarılmışdır. - X5, X6,X9, X4 və X7 tərəfindən verilmiş **********426, **********427, **********54 **********425 və **********593 saylı ərizələrindən görünür ki, onlar Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X14 massivi 1a saylı evdə yerləşən 45 saylı mənzilin İddiaçı adına özəlləşməsinə etiraz etmirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçınnu müraciətinə cavab olaraq cavabdeh orderlə ayrılmış mənzilin xidməti yaşayış sahəsi kimi verilməsi və binanın nömrəsinin “1 A” olmasına baxmayaraq Dövlət Arxivinin Sumqayıt filialının arxiv arayışında 1 kimi qeyd edilməsi və hüquq sahibinin adının baş hərfinin səhv göstərilməsi səbəbindən imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan bütün sənədləri cavabdeh inzibati orqana təqdim edildiyi halda, cavabdeh qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla imtina bildirişi vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh imtina cavabını bir neçə dəlillə əsaslandırmışdır: 1)arxivdən çıxarışda mənzilin yerləşdiyi binanın nömrəsinin “1a” əvəzinə “1” kimi göstərilməsi; 2) mənzilin ayrılmasl barədə qərarda mənzilin ayrıldığı şəxsin baş hərfinin səhv göstərilməsi; 3) mənzilin xidməti mənzil olmaqla özəlləşdirə predmeti olmaması . Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə orderin əsli təqdim edilmişdir və orada mənzilin yerləşdiyi evin nömrəsinin “1a” olması, mənzilin 3 otaqlı, sahəsi 37,64 kv m olması aydın görünür. Həmçinin orderdə və mənzilin ayrılması barədə sərəncamda mənzilin İddiaçı ayrlması qeyd edilmişdir. Lakin ailə üzvlərinin sırasında “Səfərov V.K.” qeyd edilmişdir. Məhkəmə hesab edir ki, evin nömrəsinin və mənzil ayrılan şəxsin “Səfərov V.K.” kimi qeyd edilməsi açıq-aşkar texniki səhvdir və bu mənzilin özəlləşdirilməsindən imtina üçün əsas ola bilməz. Cavabdehin digər dəlili, yəni mənzilin xidməti mənzil olduğu üçün özəlləşdirmə predmeti ola bilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mənzil ilkin olaraq Sumqayıt şəhər XDS İK-nin sərəncamına əsasən ayrılmışdır və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 21.11.2021-ci il tarixli sərəncamına əsasən xidməti rejimdəm çıxarılmışdır. Həmin sərəncam cavabdeh inzibati orqana təqdim edilsə də, cavabdeh tərəfindən buna münasibət bildirilməmişdir. Cavabdeh imtina məktubunda və iddiaya etirazında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-cı maddəsinə istinad etmişdir. Həmin normaya əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin istinad olunan lll-lV bölmələri yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması qaydaıarı təsbit edilmişdir. Həmin normaların iddiaçının tələbinə hər hansı aidiyyəti müəyyən edilmədi. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ididaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, X14 Massivi, 1a saylı evdə yerləşən 45 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, X14 Massivi, 1a saylı evdə yerləşən 45 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar