Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6139/2025 12.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Tel Bələdiyyəsinin 12 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən ona ayrılmış 4 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Tel bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarına əsasən ona kənd təsərrüfatı məhsullarının istehsalı təyinatı ilə 4.00 ha torpaq sahəsi satılmışdır. Bundan sonra 05.2006-cı il tarixdə 4.00 ha torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sxemi verilmişdir. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN 8312 nömrəli, KOD 30216028 saylı dövlət aktı onun adına verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqan 5 saylı Xaçmaz Ərazi İdarəsi müraciət etdikdə, cavabdeh orqan, xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-4340/2025 nömrəli məktubu ilə xahişi təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası tam əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı nümayəndəsi X1 rayonu Tel kəndi ərazisində yerləşən 4.00 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və təkrar torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 4.00 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-8312 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı”nın arxiv nüsxəsi və qeydiyyatı 5 saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilməmişdir.Bildiririk ki, ərizənizə əlavə olunmuş JN-8312 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən Xaçmaz rayonu Tel bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı əsasında tərtib edildiyi göstərilmişdir. Lakin, ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil alınmış torpaqların alqı-satqısına dair aktların siyahısında JN-8312 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qeydiyyatı yoxdur.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2- 4340/2025 nömrəli məktubla imtina edilmişdir.. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-4340/2025 nömrəli imtina məktubu, etiraz ərizəsi. Xaçmaz rayon Tel Bələdiyyəsinin 12 nömrəli, xx.xx.2005-ci il tarixli qərarının surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-8312 KOD 30216028 saylı Dövlət Aktının surəti, X5 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv arayışı, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-21-3- 34/2-4340/2025 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.....Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xaçmaz rayon Tel Bələdiyyəsinin 12 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı əsasında Xaçmaz rayonu Tel bələdiyyəsi ərazisində yerləşən 4 hektar torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi cavabdehin sələfi olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN-8312 KOD 30216028 saylı Dövlət Aktı ilə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı 4 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Xaçmaz rayonu ərazisində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-8312 KOD 30216028 saylı Dövlət Aktı ilə 4 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi yeganə arqumentlər “Torpağa mülkiyyət hüququna dair” JN-8312 KOD 30216028 saylı Dövlət Aktı barədə məlumatlar idarənin elektron baza xəritəsində, arxiv sənədlərində öz əksini tapmaması olmuşdur. Cavabdeh təşkilatın gətirdiyi arqumentdə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi alınmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, “Tel bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı ile (idarəyə qeydiyyata verilmiş JN- 8312 Kod 30216028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə) ona ayrılmış 4.0 ha torpaq sahəsi TEKUİS-də mülkiyyəti növü bələdiyyədir (idarənin elektron baza məlumatlarına əsasən) Həmin torpaqların uqodiyası əkindir. Sözügedən 4.0 ha torpaq sahəsi elektron baza məlumatlarında JN-8312 Kod 30215028 nömrəli “Torpağa İstifadə hüququna dair” Dövlət aktı kimi İddiaçı Seyfulia oğlunun adına göstərilmişdir Tel bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qerari ilə İddiaçı Seyfulia oğluna ayrılmış mübahisəli torpaq sahəsinin faktiki ölçüləri 4.0 ha torpaq sahəsi təşkil edir. İddiaçının istifadəsində olan naturada göstərdiyi torpaq sahələrinin faktiki koordinatları hər hansı digər şəxslərin torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Həmin torpaq sahəsi hər hansı kommunikasiya xətlərinin mühafizə zolağına düşmür.” Hal-hazırda iddiaçı istifadəsində olan 5.3 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alması niyyətindədir. Göründüyü kimi cavabdeh təşkilatın öz rəyində qeyd etdiyi məlumatlar, yəni iddiaçıya ayrılmış torpaq sahəsi faktiki TEKUİS öz əksini tapmış, iddiaçının istifadəsindədir, digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşmür və eyni zamanda etirazında bildirdiyi texniki hissəyə də münasibət bildirilmişdir. Aparılan araşdırma nəticəsində o da məlum olmuşdur ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, arxiv məlumatlarında bələdiyyə sənədləri mövcuddur. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilibedilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xaçmaz rayon Tel Bələdiyyəsinin 12 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən iddiaçıya ayrılmış (“Torpağa mülkiyyət hüququna dair” JN-8312 KOD 30216028 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş) 4 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2-1(118)-6139/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6139/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver