Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-614/2022 15.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı “İddiaçı Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 196 saylı 19.01.2021-ci il tarixli ölüm haqqında akt qeydinin ləğvi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 196 saylı 19.01.2021-ci il tarixli ölüm haqqında akt qeydinin ləğvi ilə bağlı Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin şöbənin 01 dekabr 2021-ci il tarixli, 05/Q-357/15 saylı məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı bağlı portalda səhv məlumat verilməsi, ölmüş kimi qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qubadlı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qubadlı rayon qeydiyyat şöbəsinin 01 dekabr 2021 - ci il № 05/Q-357/15 imtina məktubunda bildirilir: “Sizin Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 196 saylı 19.01.2021 - ci tarixli ölüm haqqında akt qeydinin ləğvi ilə əlaqədar şöbəyə daxil olmuş müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 - ci il 1 mart tarixli 52 №-li qərarı ilə tesdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalaf’a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin leğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. Göstərilənlərə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, İddiaçı Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 196 saylı 19.01.2021-ci il tarixli ölüm haqqında akt qeydinin ləğvini istəyir. İş materialları ilə müəyyən olunur ki, Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Xocik kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10-17/80 saylı 07 dekabr 2021-ci il tarixli Arayışına əsasən Qubadlı rayon Xocik kənd sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı hal-hazırda Sumqayıt şəhər 26-cı məhəllə Şəfa Sanatoriyası ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarına əsasən: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 8.8. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır. 8.9. Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər. 8.10. Qəzaların icrası zamanı ölən məhkumların, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərin ölümünün qeydə alınması ümumi əsaslarla həyata keçirilir. 8.11. Ölüm qeyd edilərkən, ölənin yetkinlik yaşına çatmayan uşaqları barəsində məlumatı olan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi uşaqların yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına bir gün müddətində məlumat verməlidirlər. 8.12. Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir. 8.13. Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, ölümün qeydə alınması zamanı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi hərbi bilet və s. hərbi xidmətlə bağlı olan sənədləri onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə təhvil verirlər. Bu orqanlar eyni zamanda, ölmüş şəxsin sənədlərinin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməməsi barədə də məlumatlandırılır. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Belə ki, ölümün qeydə alınması əsasları qanunvericiliklə müəyyən edilmişdir. İddiaçı barəsində öllümlə bağlı akt qeydinin aparılmasına əsas mövcud olmamış, cavabdehdə iddiaya münasibətində iddianı qəbul etmişdir. Qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia təmin edilməli, İddiaçı Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 196 saylı 19.01.2021-ci il tarixli ölüm haqqında akt qeydi ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 196 saylı 19.01.2021-ci il tarixli ölüm haqqında akt qeydi ləğv edilməsi öhdəliyi Qubadlı rayon Qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-614/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-614/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver