Məhkəmə qərarları › İş №2-1(118)-6140/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6140/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6140/2025 05.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6rşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fərdi yaşayış evinə dair mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********81 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir və qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və texniki pasport alınması uçün xx.xx.2023-cü il və 29 02.2024-cü il tarixlərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətlərinin icrasından 30.01,.2023-cü il tarixli, 3-21- 3-32/2-924/2023 və xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-3685/24 nömrəli imtina barədə bildiriş məktubları ilə imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina barədə bildiriş məktublarında imtina üçün əsas kimi: Fərdi yaşayış evinin eskiz layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu, faktiki olaraq yarımzirzəmi olduğu, eskiz layihədə isə zirzəmili olduğu və evin birinci mərtəbəsində pilləkən qəfəsliyinin inşa edilməməsi səbəbindən daxili ölçülərin eskiz layihə ilə uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmadığı (əvvəlki imtina barədə bildiriş məktubunda isə evin daxili ölçüsü ilə eskiz layihə arasında fərq olduğu yazılmışdır) qeyd edilmişdir: Fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşdiyi bildirilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur. Fərdi yaşayış evinə dair eskiz layihə çəkdirmiş, həmin fərdi yaşayış evi tam olaraq eskiz layihəyə uyğun inşa etdirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu, belə ki, təqdim edilmiş eskiz layihədə göstərilən fərdi yaşayış evinin zirzəmi mərtəbəsinin faktiki vəziyyətdə fərdi yaşayış evinin yarımzirzəmi mərtəbəsi olduğu; sözügedən fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağına düşdüyü; faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü; fərdi yaşayış evinin birinci mərtəbəsinə pilləkən qəfəsliyi inşa edilmədiyinə görə daxili ölçülərinin eksiz layihəyə uyqun olub-olmamasının yoxlanılması üçün müayinə baxışının keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. SOCAR-ın “Qaz İxrac” İdarəsi və “Azəriqaz” İstehsalat Birliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd edilmişdir ki, müəyyən olunmuşdur ki, ümumi sahəsi 302 kv.m olan sözügedən torpaq sahəsinin WGS 84/UTM zona 39N koordinat sistemində X Y 402136.1302 4482564.8024 402135.6700 4482551.4500 402119.0200 4482552.0000 402119.3098 4482566.0982 koordinatlarda olan 230 m2 hissəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin istismarında olan “Qaradağ KS-Digah_Şimal DRES” (D 1020 mm, yerüstü, Layihə təzyiqi 4.5 MPa (45 kqq/kv. sm) istifadəyə verildiyi tarix: 2004-cü il) magistral qaz kəmərinin 35 metrlik məsafəsində mühafizə zonası daxilində, X Y 402136.1302 4482564.8024 402119.3098 4482566.0982 402119.3900 4482570.0000 402136.2900 4482569.4400 koordinatlarda olan 72 kv.m hissəsi isə mühafizə zonası xaricində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsinin 3,0 metr məsafəsindən “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan PE 160 mm-lik yeraltı orta təzyiqli polietilen qaz xətti keçir Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Magistral boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2 nömrəli əlavəsində, təhlükəsizlik tədbirləri ilə əlaqədar orta təzyiqli yeraltı qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər 4 metrlik təhlükəsizlik zonası müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ- mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Qeyd olunanlara əsasən, eləcə də əhalinin və kəmərin təhlükəsizliyinin təmin olunması məqsədilə, torpaq sahəsinin qaz kəmərinin mühafizə zonası daxilində yerləşən 230 m2 hissəsinə münasibətdə qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən tələblər gözlənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə etmişdir. “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 23 iyul 2012-ci il tarixli AN-İ №0307433 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, torpaq sahəsinin planı və ölçüsü, fərdi yaşayış evinin eskiz layihəsinin surəti iş materiallarına əlavə edilmişdir. Reyestr nömrəsi **********81, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi X1 mülkiyyətindədir. 18 mart 2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, A fərdi evin pilləkən qəfəsi olmadığı üçün 1-ci mərtəbəyə qalxıb inventarlaşdırma işləri aparmaq mümkün olmamışdır, zirzəmi sahəsinin ölçüləri layihəyə uyğundur, lakin faktiki olaraq yarımzirzəmi sahəsidir, yalnız yarımzirzəmidə yaşayış var, S=0.03 ha torpaq sahəsində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 04 noyabr 2025-ci il tarixli 3-21-3- 32/2-19515/2025 saylı məktubu ilə **********81 reyestr nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 27 yanvar 2026-cı il tarixli 3-21-3- 32/2-1681/2026 saylı məktubu ilə hazırki vəziyyəti əks etdirən müayinə aktı, faktiki torpaq sahəsinin üst-üstə düşdüyü başqa şəxslərə məxsus torpaq sahələrinin çıxarışları, verilməsinə əsas olan sənədlər və hansı hissədə üst-üstə düşdüyünü əks etdirən müqayisəli ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, reyestr nömrəsi **********81, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İddiaçı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu, belə ki, təqdim edilmiş eskiz layihədə göstərilən fərdi yaşayış evinin zirzəmi mərtəbəsinin faktiki vəziyyətdə fərdi yaşayış evinin yarımzirzəmi mərtəbəsi olduğu; sözügedən fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağına düşdüyü; faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü; fərdi yaşayış evinin birinci mərtəbəsinə pilləkən qəfəsliyi inşa edilmədiyinə görə daxili ölçülərinin eksiz layihəyə uyqun olub-olmamasının yoxlanılması üçün müayinə baxışının keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumi sahəsi 302 kv.m olan sözügedən torpaq sahəsinin WGS 84/UTM zona 39N koordinat sistemində 230 kv.m hissəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin istismarında olan “Qaradağ KS-Digah_Şimal DRES” (D 1020 mm, yerüstü, Layihə təzyiqi 4.5 MPa (45 kqq/kv. sm) istifadəyə verildiyi tarix: 2004-cü il) magistral qaz kəmərinin 35 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsinin 3,0 metr məsafəsindən “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan PE 160 mm-lik yeraltı orta təzyiqli polietilen qaz xətti keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən:

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Magistral boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göründüyü kimi fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan əlavə “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. İş materiallarına Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 4268 saylı məlumatlandırma icraatı barədə məktubunun surəti əlavə edilmişdir. Lakin məhkəmə araşdırması zamanı iddia edilən fərdi yaşayış evində tikinti işlərinin tamamlanmadığı aşkar edilmişdir. Belə ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin eskiz layihəsi təqdim edilsə də 18 mart 2024-cü il tarixli müayinə aktından müəyyən olunur ki, A fərdi evin pilləkən qəfəsi olmadığı üçün 1-ci mərtəbəyə qalxıb inventarlaşdırma işləri aparmaq mümkün olmamışdır, zirzəmi sahəsinin ölçüləri layihəyə uyğundur, lakin faktiki olaraq yarımzirzəmi sahəsidir, yalnız yarımzirzəmidə yaşayış var, Məhkəmə iclasında izahatında iddiaçının nümayəndəsi pilləkən qəfəsinin olmadığını təsdiq etmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar