Məhkəmə qərarları › İş №2-1(118)-6148/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6148/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6148/2025 23.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, iddiaçıya müvafiq dərəcəli əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 xx.xx.1980-cı il tarixində Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmək üçün könüllü olaraq xx.xx.2020-ci il tarixdə Zəngilan rayon Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinə ərizə ilə müraciət edərək Zəngilan rayon bölməsi tərəfindən hərbi xidmətə getmiş, Azərbaycan Respublikasının Silahlı qüvvələrində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmət keçmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən mərmi partlayışı nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. xx.xx.2024-cü il tarixli 3083 saylı Həkim Psixiatr Komissiyasının rəyində Diaqnoz: Fəlakət (11 Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez tez baş verən dekompensasiyalar, uzun müddətli depressiv epizodlar, intihar cəhdləri ilə F 62.0 Həkim Psixiatr Komissiyası tərəfindən rəy verilmişdir. Uzunmüddətli stasionar və ambulator müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bir neçə il müalicə aldıqdan sonra xx.xx.2024-cü il tarixdə 7602 saylı xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə xəstəliyin hərbi xidmət dövründə alındığı, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır olduğu göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, İddiaçı aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdı. MƏRKƏZİ HƏRBİ HƏKİM KOMİSSİYASİNİN QƏRARİ: DİAQNOZ: "F 62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifad olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzunmüddət depressiv epizodlar, intihar cəhdləri ilə. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. DİAQNOZ.- "H 52.0 Hər iki gözün hiper metr opiyası Hm 1,5 D nəticəsində görmə itiliyinin 0,4-ə qədə azalması, korreksiya ilə 1,0 olmaqla. К 00.0 İkincili hissəvi adentiya". Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı imtina edilib. Səbəb əlaqəsinin diaqnozunda əlillik əlaməti təyin edilməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya agentliyi tərəfindən imtina verilmişdir. Cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İmtina qanuni hüquqlarını pozur. Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edilməsi barədə 17 may 2022-ci il tarixli Nazirlər Kabinetinin 187 № li Qərarına dair izahda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1424 nömrəli Fərmanı ilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə müəyyən edilmişdir ki, Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin » 5-ci bəndə 2023-cü il tarixdə Nazirlər Kabinetinin 187 № li Qərarı əlavə edilərək qanuna müvafiq qaydada əlillik meyarlarının yüngülləşdirici hal kimi nəzərdə tutulmuşdu. Belə ki, təyin olunmuş xəstəliyin əsas diaqnozu və yanaşı xəstəliklər yuxarıda qeyd etdiyi qanunlara uyğundur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 7602 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, teztez baş verən dekompensasiyalar uzunmüddətli depressiv epizodlar, intihar cəhdləri ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir, "Hər iki gözün hipermetropiyası Hm 1,5D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korrkeksiya ilə 1,0 olmaqla. İkincili hissəvi adentiya" diaqnozlu xəstəliyin səbəb əlaqesi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PH xx.xx.2024-xx.xx.2024-cü il tarixli 17145/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət (İİ Qarabağ müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzun müddətli depressiv epizodlar, intihar cəhdləri ilə. Üzvi patalogiyanı təsdiq etmək məqsədilə nevroloji mayinə tövsiyə olunur" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2025xx.xx.2025-ci il tarixli 14171948 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsindən əvvəl dəhlizdə hədələyici ifadələr işlədərək, komissiya otağında problem çıxaracağını bildirmişdir. Bn sebepeu əlavə polis qüvvəsi dəvət edilmişdir. Müayinə zamanı hərbi formada olmuş, geyimi normal izlənilmişdir. Özünü təqdim etməmiş, "sənədlər qarşınızdadır. hər şey orda yazılıb" deyə bildirmiş, sədrə doğru yaxınlaşaraq kobud şəkildə əli ilə stola vurub şəxsiyyət vəsiqəsində yazıldığını demiş, "baxın görün kimdir" deyərək nümayişkarcasına qışqırmışdır. Bu şəkildə müayinə aparılması mümkün olmadığı üçün polis əməkdaşlarından vətəndaşın otaqdan çıxarılması istənildikdə, adını söyləmiş ve şikayətlərini bildirməyə başlamışdır. Şikayət olaraq əl, ayaq, başını göstərərək, "özümdə yoxam, top mərmisinə düşmüşəm, bu hala düşmüşəm, bax budur" deyərək qıcıqlı cavab vermişdir. Dəfələrlə intihar etmək istədiyini, özünü binadan atdığını, daha sonra "atmağa qoymadılar?, gəlib yerə düşmüşəm, heçnə olmadı, sağlamam. Allahdan ölməmişəm, gərək ölərdim sizin də, mənim də canım qurtarardı" deyərək demonstrativ nitq söyləmişdir. Qəbul etdiyi preparatların adlarını söyləməmiş, adlarını unutduğunu, lakin hamısını qəbul etdiyini bildirmişdir. Lakin baş ağrısı üçün hərdən Tramadol (bunu unutmur!!) qəbul etdiyini bildirmişdir. Qardaşı ilə yaşadığını demiş, "bu gündən artıq o da məni rədd elədi deyərək manipulyasiya etməyə cəhd etmişdir. Qolunun və ayağının qıc olduğunu, bu zaman TTY çağrıldığını, reseptlərinə baxaraq ona iynə vurduqlarını söyləmişdir. Hər şeyi xatırlaya bilmirəm deyərək, bəzi suallara cavab verməmişdir. Oturarkən nümayişkar tərzdə stula yayxanmış, əli ilə başına vuraraq, gərgin izlənilmişdir. Yanında dayanan polis əməkdaşına ağrılı üz ifadəsi ilə "bir dənə qolumu sıx da, daha sonra isə çiynimi də sıx" deyərək sanki tutmanın olacağını göstərməyə çalışmışdır. Otaqdan çıxarıldıqdan sonra skamyada uzadılaraq TTY çağrılmış və TTY gələnədək polis əməkdaşlarına "özünü masaj etdirmişdir". Müharibədən əvvəl mühafizədə işlədiyini, müharibədən sonra isə işləmədiyini qeyd etmişdir. Müharibədə iştirak müddəti xx.xx.2020-xx.xx.2020-ci il tarixləri göstərilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "xx.xx.2024-cü il tarixdən etibarən müharibə ilə əlaqəli əsaslı əlavə məlumat daxil olmamışdır. Hazırki psixi durumla Vətən müharibəsi səbəb əlaqəsi təsdiq olunmur. Məqsədyönlü aqressiv nümayişkar davranış" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3083 saylı rəyindən görünür ki, X5 Fəlakət (İİ Qarabağ Müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzun müddətli depressiv epizodlar, intihar cəhdləri ilə F62.0 diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsinin 02 iyun 2025-ci il tarixli 116 saylı arayışında qeyd edilmişdir ki, X1 müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №li hərbi hissənin tərkibində Qubadlı rayonu istiqamətində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışlar, hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir. 7602 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: F 62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzunmüddət, depressiv epizodlar, intihar cəhdləri ilə. H 52.0 Hər iki gözün hipermetropiyası Hm 1,5 D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. К 00.0 ikincili hissəvi adentiya HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı "Xəstəliklər cədvəli"nin 18a maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkinr ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Müşayiətçiyə zərurət var. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz:” F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzunmüddət depressiv epizodlar, intihar cəhdləri ilə.” “Hərbi travmadır, azərbaycan respublikasinin müdafiəsi zamani alinmişdir" diaqnoz: “H 52.0 Hər iki gözün hipermetropiyası Hm 1,5 D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. К 00.0 İkincili hissəvi adentiya”. “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə “təsdiq olunur” xx.xx.2024-cü il tarixli H00221218DİX nömrəli Forma 88 arayışından görünür ki, X5 TSEK-ə göndəriş zamanı Əsas diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi tez-tez baş verən dekompensasiyalar, uzun müddətli depressiv epizodlar, intihar cəhdləri ilə. Üzvi patologiyanı təsdiq etmək məqsədilə nevroloji müayinə tövsiyyə olunur ( Professor F.İsmayılovun məsləhəti ilə təyin olunub ). Yanaşı xəstəliklər H52.0 Hipermetropiya, Hipermetropiya Yanaşı xəstəliklər K00.0 Adentiya , Adentiya diaqnozu müyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7925/2024 saylı qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-3689/2025 saylı qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3845 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən İddiaçı hal-hazırda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F 62.0) aşkar olunur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlilliyin müəyyən edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7602 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz:” F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, uzunmüddət depressiv epizodlar, intihar cəhdləri ilə.” “Hərbi travmadır, azərbaycan respublikasinin müdafiəsi zamani alınmışdır" diaqnoz: “H 52.0 Hər iki gözün hipermetropiyası Hm 1,5 D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. К 00.0 İkincili hissəvi adentiya”. “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə “təsdiq olunur” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3845 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən İddiaçı hal-hazırda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F 62.0) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu F62.0 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi 7.7.1.1. bəndinə əsasən fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski orqanizmin funksiyalarının 35-60 faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi 27 aprel 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar