Məhkəmə qərarları › İş №2-1(118)-6150/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6150/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6150/2024 01.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, vəkili (həmçinin, nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “tövsiyə məktubunun əsassız hesab edilməsi və s.” tələblərinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: a) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş:

1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2007-ci il tarixli, 1038 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə Xırdalan şəhərində MMC-nin təsisçisi X1 (“Torpağa mülkiyyət hüququ”na dair JN-0136 KOD 30801006 və JN-0096 KOD 30801006 saylı Dövlət Aktları) məxsus 1,30 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir.

2. İddiaçı MMC-nin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş 15 iyul 2024-cü il tarixli, 46//01AK nömrəli məktubundan görünür ki, baş plan üzrə 1 girişli 10 mərtəbəli 4 və 7 saylı yaşayış binalarının tikintisinin başa çatmasını və 5 saylı yaşayış binasında tikinti işlərinin davam etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət Reyestrinin aparılması haqqında” Qaydalara əsasən, qeydiyyata alınması və müvafiq tikinti kodlarının verilməsi xahiş edilmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 31 avqust 2022-ci il tarixli, MİHO/.1-2-2022-5586 nömrəli və 1 avqust 2024-cü il tarixli, 3-35/2-4948/2024 nömrəli “tikintiyə icazəyə dair məlumatların Tikintilərin Dövlət reyestrində daxil edilməsi haqqında” məktubları ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 31 avqust 2022-ci il tarixli, AZE seriyalı, 005193 nömrəli “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”dən görünür ki, tikintiyə və istismara icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat verilmişdir. Həmin məlumatlarda 6 saylı yaşayış binasının tikintiyə icazəyə əsas olmuş sənəd, tikinti və ümumi sahəsinin ölçüləri, mərtəbələrinin, mənzillərin sayı göstərilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 1 avqust 2024-cü il tarixli, AZE seriyalı, 007496 nömrəli “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”dən görünür ki, tikintiyə və istismara icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat verilmişdir. Həmin məlumatlarda baş plan üzrə 5 saylı yaşayış binasının tikintiyə icazəyə əsas olmuş sənəd, tikinti, ümumi sahəsinin ölçüləri, mərtəbələrin, mənzillərin sayı göstərilmişdir.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 avqust 2024-cü il tarixli, 3-35/2-5338/2024 nömrəli məktubundan görünür ki, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, layihə üzrə 5-ci girişin tikintisi başlanmışdır. Bildirilmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinə əsasən, Məcəllə qüvvəyə minənədək verilmiş tikintiyə icazələr Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış binalarının tikintisi məqsədilə verilən 14 dekabr 2007-ci il tarixli, 1038 nömrəli Sərəncamın qüvvədə olma müddəti bitmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC tərəfindən tikinti işlərinə başlanılmış 5-ci girişə dair məlumatlar reyestrdən çıxarılmışdır. Bununla əlaqədar olaraq mövcud qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə proseduru həyata keçirilənədək aparılan tikinti işlərinin dərhal dayandırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tövsiyə olunmuşdur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

5. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyətinin 14 dekabr 2007-ci il tarixli, 1038 nömrəli Sərəncamının qüvvədə olma müddətinin bitməsi, iddiaçıya məxsus 5-ci giriş binada tikinti işlərinin başlanmasına aid məlumatların reyestrdən çıxarılması, 5-ci bina üzrə aparılan tikinti işlərinin dayandırılması və əvvəlki vəziyyətə qaytarılması barədə 20 avqust 2024-cü il tarixli, 3-35/2-5338/2024 saylı tövsiyə məktubunun əsassız hesab edilməsi, öhdəliyin icrası və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair vəzifələrin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron Rayon İcra Hakimiyyətinin 14 dekabr 2007-ci il tarixli, 1038 nömrəli Sərəncamı ilə Xırdalan şəhərində MMC-yə məxsus 1,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyətinin 14 dekabr 2007-ci il tarixli, 1038 nömrəli Sərəncamında istinad edilən çoxmərtəbəli yaşayış kompleksinin layihəsinə daxil olan 7 ədəd 1 girişli 10 mərtəbəli yaşayış binaları və yeraltı qarajlar layihələndirilmiş, müvafiq dövlət qurumlarında razılaşdırılmaqla, çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə icazə alınmış və 2008-ci il tarixdən tikinti işlərinə başlanılmışdır. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 fevral 2019-cu il tarixli, 529 nömrəli Fərmanının icrası ilə əlaqədar 1, 2 və 3 saylı 1 girişli 10 mərtəbəli yaşayış binaların Abşeron Rayon İcra Hakimiyyətinin 27 avqust 2019-cu il tarixli “İcazə” sənədi ilə istismarına icazə verilmişdir. Baş plan üzrə 6 saylı 1 girişli 10 mərtəbəli yaşayış binası isə cavabdeh tərəfindən Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmaqla 31 avqust 2022-ci il tarixli, 005193 nömrəli Şəhadətnamə (tikinti kodu) verilmişdir. Hazırkı vəziyyətdə 6 binanın (baş plan üzrə 1, 2, 3, 4, 6 və 7 saylı binalar) tikintisi başa çatmış və 2008-2010-cu illərdən başlanmış tikinti çalası qazılmış və zirzəmi səviyyəsində tikinti işləri aparılan 5 saylı binada tövsiyə məktubu ilə əlaqədar tikinti dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət Reyestrinin aparılması haqqında” Qaydalara əsasən baş plan üzrə 1 girişli 10 mərtəbəli 4 və 7 saylı yaşayış binalarının tikintisinin başa çatmasını və 5 saylı yaşayış binasında tikinti işlərinin davam etdiyini nəzərə alaraq, qeydiyyata alınmasını və müvafiq tikinti kodlarının verilməsi ilə bağlı 15 iyul 2024-cü il tarixli müraciətə cavabdehin 20 avqust 2024-cü il tarixli, 3-35/2-5338/2024 saylı tövsiyə məktubunda tikinti işlərinin dərhal dayandırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tövsiyə olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehə ünvanlanmış xahiş məktubuna verilən, tövsiyə məktubunda göstərilənlər iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozduğu üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının “Şəhərsalma və Arxitektura Tikinti” Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün, inzibati icraat qaydasında məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

8. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

c) Tərəflərin iştirakı və izahatları:

9. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf (nümayəndəsi və vəkili/nümayəndəsi) iddia tələbini (§ 6) müdafiə edərək, cavabdeh tərəfindən tikintinin dayandırılmasının tələb edilməsini və bu barədə məktubun (§ 4) verilməsini bildirmişdir. Həmin məktubu qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi mübahisələndirilən məktubun məzmununun tövsiyə xarakterli olduğunu, iddiaçının üzərinə məcburedici heç bir öhdəliyin qoyulmadığını bildirərək, hazırkı iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) Tətbiq edilən hüquq:

11. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti (-) 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (-)

Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir.

Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-)

Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. (-)

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; ... 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

13. Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 27. Ərazi planlaşdırılması barədə məlumat verilməsi (-) 27.3. Ərazi planlaşdırılması barədə, həmçinin ərazi planlaşdırılması sənədlərinin layihələri ilə tanış olma qaydası və müddəti, ərazi planlaşdırılması ilə bağlı etirazların və təkliflərin verilməsi qaydası və müddəti, ərazi planlaşdırılması sənədlərinin layihələrinin ictimai müzakirəsinin yeri və vaxtı barədə məlumatlar ictimaiyyətə mediada və sifarişçinin internet səhifəsində dərc yolu ilə, həmçinin sifarişçinin inzibati binasında ictimaiyyət üçün açıq olan yerdə və ya planlaşdırılan ərazinin hüdudlarında quraşdırılan məlumat lövhəsində yerləşdirilməklə açıqlanır. Ərazi planlaşdırılmasının maraqlarına bilavasitə toxunduğu şəxslər bu barədə əlavə olaraq sifarişli məktublar vasitəsilə məlumatlandırılır. (-) Maddə 92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması

92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. (-)

14. “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.10-cu maddəsinə uyğun olaraq “Tikinti işlərinin dayandırılması Qaydası” təsdiq edilmişdir (bənd 1).

15. “Tikinti işlərinin dayandırılması” Qaydasının müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) səlahiyyətlərini müəyyən edir. 1.2. Bu Qaydanın əsas məqsədi tikinti işləri zamanı sifarişçi və podratçı tərəfindən qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuların qarşısının vaxtında alınması və aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirməkdən ibarətdir. 1.3. Bu Qayda Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından və təyinatından asılı olmayaraq bütün tikinti obyektlərinə şamil olunur. Bu Qayda Məcəllənin 79-cu maddəsinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə, habelə reklam qurğularına şamil olunmur. 1.4. Bu Qaydaya uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X2 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X2nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra - Müfəttişlik) vasitəsilə həyata keçirir. 1.5. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq, bu Qaydaların müddəaları Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış tikinti obyektlərinə də şamil edilir.

2. Tikinti işləri dayandırılmadan aşkar olunmuş pozuntuların aradan qaldırılması qaydası

2.1. Məcəllənin 92.1-ci maddəsinə əsasən, tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir: 2.1.1. tikinti işlərinin tikintiyə dair icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; ... 2.2. Tikinti işləri həyata keçirildiyi zaman bu Qaydanın 2.1-ci bəndində göstərilən hər hansı bir pozuntu halı aşkar edildikdə, bununla bağlı Müfəttişliyin ərazi nümayəndəsi tikinti obyektinə dair iki nüsxədən ibarət texniki baxış aktı tərtib edir. Texniki baxış aktında aşağıdakılar göstərilir: 2.2.1. texniki baxış aktını tərtib edən şəxsin adı, soyadı, atasının adı, vəzifəsi; 2.2.2. tikinti obyektinin ünvanı və təyinatı; 2.2.3. texniki baxış aktı tərtib olunan tikinti obyektinin sifarişçisinin, layihəçinin və podratçının (olduqda) adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda isə - onun tam adı; 2.2.4. texniki baxış aktının tərtib olunduğu tarix və vaxt; 2.2.5. icazə sənədi (tələb olunduqda) barədə məlumat; 2.2.6. müvafiq lisenziyalar barədə məlumat; 2.2.7. tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu hallarda); 2.2.8. aparılmış tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat; 2.2.9. obyektin mövcud vəziyyəti barədə məlumat; 2.2.10. tikinti obyektində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri. 2.3. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tərtib olunmuş texniki baxış aktı dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən imzalanır, bir nüsxəsi vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi isə digər nüsxədə adı, soyadı və tarix göstərilməklə, texniki baxış aktını qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi texniki baxış aktının nüsxəsini qəbul etməkdən imtina etdikdə, həmin aktı tərtib edən vəzifəli şəxs aktda bu barədə müvafiq qeyd edir. 2.4. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş texniki baxış aktı tərtib edildiyi gündən 4 (dörd) iş günü müddətində Müfəttişlik tərəfindən Göstəriş tərtib olunur. 2.5. Göstərişdə tikinti işlərində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri qeyd olunmaqla, həmin pozuntuların sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün, müvafiq işlərin həcmindən asılı olaraq, ağlabatan müddət müəyyən edilir. Göstəriş Agentliyin rəhbərliyi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Göstərişdə işin mahiyyətinə dair hallarla yanaşı, aşağıdakılar göstərilir: 2.5.1. Göstərişi imzalayan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi; 2.5.2. Göstərişin tərtib olunduğu tarix və vaxt; 2.5.3. tikinti obyektinin ünvanı və təyinatı; 2.5.4. tikinti obyektinin sifarişçisinin, layihəçinin və podratçının (olduqda) adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda isə - onun tam adı; 2.5.5. icazə sənədi (tələb olunduqda) barədə məlumat; 2.5.6. müvafiq lisenziyalar barədə məlumat; 2.5.7. tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu hallarda); 2.5.8. aparılmış tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat; 2.5.9. obyektin mövcud vəziyyəti barədə məlumat; 2.5.10. bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş akt barədə məlumat; 2.5.11. tikinti obyektində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri; 2.5.12. tikinti obyektində aşkar olunmuş hər bir pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün müəyyən edilmiş müddət; (-)

3. Tikinti işlərinin dayandırılması və tikinti işləri dayandırılmaqla, aşkar olunmuş pozuntuların aradan qaldırılması qaydası

3.1. Tikinti işləri həyata keçirilərkən aşağıdakı pozuntular aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir: 3.1.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; ... 3.2. Tikinti işləri həyata keçirildiyi zaman bu Qaydanın 3.1-ci bəndində göstərilən hər hansı bir pozuntu aşkar edildikdə, bununla bağlı dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs bu Qaydanın 2.2-ci və 2.3-cü yarımbəndlərinə uyğun olaraq texniki baxış aktı tərtib edərək sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edir. Bu Qaydanın 3.1.3–3.1.5-ci yarımbəndlərində göstərilən hər hansı bir pozuntu aşkar edildikdə, texniki baxış aktında bu Qaydanın 2.2.1–2.2.10-cu yarımbəndlərində nəzərdə tutulanlarla yanaşı, icrası yoxlanılmış Təkrar Göstərişin rekvizitləri, həmin Təkrar Göstəriş üzrə aradan qaldırılmamış hər bir pozuntunun ayrıca təsviri göstərilməlidir. 3.3. Müfəttişlik, bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş pozuntularla bağlı texniki baxış aktı əsasında, onun tərtib edildiyi gündən 4 (dörd) iş günü müddətində tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar (bundan sonra – Qərar) tərtib edir. 3.4. Qərar Agentliyin rəhbərliyi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Qərarda işin mahiyyətinə dair hallarla yanaşı, aşağıdakılar göstərilir: 3.4.1. Qərarı qəbul edən şəxsin adı, soyadı, atasının adı, vəzifəsi; 3.4.2. Qərarın qəbul olunduğu tarix və vaxt; 3.4.3. tikinti obyektinin ünvanı və təyinatı; 3.4.4. tikinti obyektinin sifarişçisinin, layihəçinin və podratçının (olduqda) adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda isə onun tam adı; 3.4.5. icazə sənədi (tələb olunduqda) barədə məlumat; 3.4.6. müvafiq lisenziyalar barədə məlumat; 3.4.7. tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu hallarda); 3.4.8. aparılmış tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat; 3.4.9. obyektin mövcud vəziyyəti barədə məlumat; 3.4.10. bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş akt barədə məlumat; 3.4.11. tikinti obyektində aşkar olunmuş pozuntu ilə bağlı verilmiş Göstərişin və Təkrar Göstərişin rekvizitləri, habelə Təkrar Göstəriş üzrə aradan qaldırılmamış hər bir pozuntunun ayrıca təsviri (Qərar bu Qaydanın 3.1.3-3.1.5-ci bəndləri əsasında qəbul edildiyi halda); 3.4.12. tikinti obyektində aşkar olunmuş və Qərarın qəbulunu şərtləndirən hər bir pozuntunun, bu pozuntuların faktiki və hüquqi hallarının ayrıca təsviri; 3.4.13. Qərarın qəbulunu şərtləndirən hər bir pozuntunun aradan qaldırılması ilə bağlı izahlı göstəriş, həmin pozuntuların aradan qaldırılması üçün müvafiq işlərin həcmindən asılı olaraq müəyyən edilmiş ağlabatan müddət; 3.4.14. Qərardan şikayət verilməsi qaydası. 3.5. Qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi Qərarın surətində adı, soyadı və tarix göstərilməklə, onu qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi Qərarı qəbul etməkdən imtina etdikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs Qərarın surətində bu barədə müvafiq qeyd edir. Bu halda Qərar sifarişli poçt göndərişi ilə onun ünvanına göndərilir. Göstəriş sifarişli poçt göndərişi ilə sifarişçiyə (podratçıya) çatdırıldığı gün həmin Qərar rəsmi qaydada verilmiş hesab edilir. 3.6. Qərar əsasında tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçısı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədi ilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. (-)

5. Yekun müddəalar

Tikinti işlərinin dayandırılması barədə qərar icra olunmadıqda, həmin tikinti obyektlərinə dair Qanunla müəyyən edilmiş tədbirlər tətbiq edilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur:

“1.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. ...”

b) İddia tələbinin mümkünlüyünə dair məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə iddia mümkün sayılmamalıdır.

18. İlk öncə qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

19. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

20. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.

21. İddiaçı məhkəməyə aşağıdakı tələblərlə müraciət etmişdir: - Abşeron Raton İcra Hakimiyyətinin 14 dekabr 2007-ci il tarixli, 1038 nömrəli Sərəncamının qüvvədə olma müddətinin bitməsi, iddiaçıya məxsus 5-ci giriş binada tikinti işlərinin başlanmasına aid məlumatların reyestrdən çıxarılması, 5-ci bina üzrə aparılan tikinti işlərinin dayandırılması və əvvəlki vəziyyətə qaytarılması barədə 20 avqust 2024-cü il tarixli, 3-35/2-5338/2024 saylı tövsiyə məktubunun əsassız hesab edilməsi; - öhdəliyin icrası və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair vəzifələrin cavabdehin üzərinə qoyulması.

22. Göründüyü kimi, “öhdəliyin icrası və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair vəzifələrin cavabdehin üzərinə qoyulması” tələbi birinci tələb olan “20 avqust 2024-cü il tarixli, 3-35/2-5338/2024 saylı tövsiyə məktubunun əsassız hesab edilməsi” tələbi ilə birbaşa əlaqəlidir.

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə iddiaçının təsisçisinə məxsus 1,30 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsində tikinti işlərini aparır. Cavabdeh orqan iddiaçıya məktub göndərərək, qeyd olunan Sərəncamın müddətinin bitməsini bildirmiş, qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə proseduru həyata keçirilənədək aparılan tikinti işlərinin dərhal dayandırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tövsiyə etmişdir.

24. Bununla da, müəyyən olunur ki, “öhdəliyin icrası və müəyyən hərəkətləri etməkdən çəkinmə” məktubla iddiaçının özünü tövsiyə olunmuş, yəni ayrıca belə bir hərəkət cavabdeh tərəfindən edilməmişdir, bunun əksini sübut edən sənəd (və ya istənilən digər sübut) isə məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin əsası “tövsiyə məktubu”nun onlara ünvanlanmasının mübahisələndirilməsindən ibarətdir. Bu halda isə iddia tələbi mübahisələndirmə haqqında iddia növünün mümkünlük şərtinə cavab verməlidir.

25. Mübahisələndirmə haqqında iddia çərçivəsində məhkəmə diskresion səlahiyyətlərin düzgün həyata keçirilib-keçirilmədiyini və onun sərhədlərinə əməl olunub-olunmadığını yoxlamalıdır. Bu zaman məhkəmə inzibati orqanlar tərəfindən “İnzibati icraat haqqında” Qanunda təsbit olunan prinsip və tələblərə riayət edilib-edilməməsini yoxlayır. Başqa sözlə, diskresion səlahiyyətlər həddində qəbul edilmiş inzibati aktın yoxlanılması da məhz yuxarıda qeyd olunan prinsip və tələblərə əsaslanmaqla inzibati orqanın inzibati icraat nəticəsində qəbul etdiyi qərara qiymət verilməsini ehtiva edir.

26. Yuxarıda sadalanmış normaların (§11) məzmunundan aydın olur ki, mübahisələndirmə haqqında iddianın əsasında inzibati akt dayanır. İnzibati hüquqi akt dedikdə isə (§ 12,15) inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.

27. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır.

28. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır.

29. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunmuş Qərarında edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir.

30. “İnzibati icraat haqqında” Qanun inzibati aktın qəbul edilməsi üçün aşağıdakı tələbləri irəli sürür: - qəbul olunan inzibati akt diskresion səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (maddə 14.2); - qanun qarşısında bərabərlik prinsipinə riayət edilməlidir(maddə 12.1); - mütənasiblik prinsipinə riayət edilməlidir (maddə 17); - qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilməlidir (maddə 57.1); - inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır (maddə 58.2); - inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir (maddə 58.3).

31. İş materiallarında olan sənədlərdən, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından müəyyən olunur ki, cavabdeh orqan iddiaçıya tövsiyə xarakterli məktub göndərmişdir və həmin məktubda iddiaçıya hansısa öhdəlik yaradan qərar, yaxud sərəncam verilməmişdir. Eyni zamanda, cavabdehin səlahiyyətli nümayəndəsi izahatında da bildirmişdir ki, mübahisələndirilən məktubda iddiaçının üzərinə heç bir öhdəlik qoyulmamışdır.

32. “Tikinti işlərinin dayandırılması” Qaydasının müvafiq müddəalarında tikinti işlərin dayandırılmasının qaydaları ətraflı şəkildə tənzimləyir (§14-də bu hissəyə toxunulmuşdur).

33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı işdə mübahisələndirilən məktub - qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri, yəni inzibati akt deyil, inzibati aktın qeyd edilmiş (§ 26, 29) əlamətlərinə malik deyildir.

34. Məhkəmə həmçinin cavabdehin iddiaçıya tövsiyə məktubu göndərməsinə münasibət bildirməyi zəruri hesab edir. Çünki hazırkı mübahisə cavabdehin “tövsiyə məktubu göndərməsi” ilə başlanmışdır.

35. Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsində müvafiq normasında məktubların göndərilməsi nəzərdə tutulmuşdur (§ 13).

36. Digər tərəfdən, qeyd olunmalıdır ki, diskression səlahiyyət - inzibati orqanın fəaliyyətinin qanunla imperativ formada tənzimlənmədiyi və inzibati orqana öz mülahizəsi əsasında hərəkət etmək imkanının verilməsidir.

37. Avropa Şurası Nazirlər Kabinetinin 1980-ci il tarixli “İnzibati mülahizə səlahiyyətinin istifadəsi haqqında” R(80) saylı tövsiyəsinə görə mülahizə səlahiyyəti-inzibati orqana qəbul ediləcək qərarlarda müəyyən ölçüdə sərbəstlik tanıyan, qanuni olaraq qəbul oluna bilən qərarlar arasından uyğun gördüyünü seçmə imkanı verən səlahiyyətdir.

38. Nəzərə alınmalıdır ki, diskresion səlahiyyətin müasir qanunvericiliyə daxil edilməsini zəruri edən səbəblər vardır. Bu səbəblər sırasında inzibati orqanların fəaliyyət istiqamətlərinin bütün incəliklərini əvvəlcədən müəyyən edib hüquqi aktlarla tənzimlənmənin mümkün olmamasını, eyni zamanda müəyyən zaman keçməsi ilə inzibati orqanın təcrübədə qarşılaşdığı problemlərin artması (və ya yeni problemlərlə qarşılaşması) və qanunvericiliyin buna reaksiyasının (təkmilləşdirilmə aparmasının) zaman alması, bəzi məsələlərin inzibati orqanların qiymətləndrilməsindən asılı olması və s. halları göstərmək olar.

39. Məhkəmə sadalanan halları araşdıraraq qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, idianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

41. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır.

42. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyətinin 14 dekabr 2007-ci il tarixli, 1038 nömrəli Sərəncamının qüvvədə olma müddətinin bitməsi, iddiaçıya məxsus 5ci giriş binada tikinti işlərinin başlanmasına aid məlumatların reyestrdən çıxarılması, 5-ci bina üzrə aparılan tikinti işlərinin dayandırılması və əvvəlki vəziyyətə qaytarılması barədə 20 avqust 2024-cü il tarixli, 3-35/2-5338/2024 saylı tövsiyə məktubunun əsassız hesab edilməsi, öhdəliyin icrası və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair vəzifələrin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar