Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-616/2022 05.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Babaşova Güldəstə Adil qızının (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 (ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, ünvan 2 ünvanında yaşayan) İddiaçı Rəcəb qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Şirvan –Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı Protokola əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabedehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Rəcəb qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şirvan–Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı Protokola əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsinə görə hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Şirvan–Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı Protokola Əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabedehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rəcəb qızı Sumqayıt Aliminium Zavodunda işləyərkən “Şirvan-Yaşma” X2 üzvlüyünə qəbul edilmişdir. X4 İdarə Heyətinin 25 iyul 1990-cı il tarixli 02 saylı protokoluna əsasən ona 36/117 saylı bağ sahəsi verilmişdir. Torpaq sahəsinin yerləşməsinin sxematik planı təsdiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən o, ərizə ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək çıxarış verilməsini xahiş etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi özünün 01 dekabr 2021-ci il tarixli məktubu ilə imtina cavabı vermişdir. İmtinaya səbəb kimi “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti və həmin Cəmiyyətin tabe olduğu qurumun Həmkarlar İttifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməməsi göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Sumqayıt Aliminium zavodunda işləyərkən "X1 Yoldaşlığına üzvlüyünə qəbul edilmişdir. Onun adı Bağçılıq Cəmiyyətinin adlı siyahısında 400-dür. Həmin siyahı Bağçılıq Cəmiyyətinin möhürü ilə təsdiq edilib 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmişdir. Torpaq sahəsi iddiaçının faktiki isitfadəsindədir. Lakin cavabdeh əsassız bəhanələr gətirərək siyahının ona təqdim edilmədiyini bildirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Qüdrətli iddianı qəbul eməyərək izah etdi ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya və o cümlədən həmin təsərrüfatdan bağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş "Şirvan-Yaşma” bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin sənədlərin təhvil verilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Yekun olaraq bildirilmişdir ki, qeyd olunan bağçılığa dair arxiv sənədləri aidiyyəti üzrə təhvil verildikdən sonra Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” B/Y 36/117 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətin qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan : -İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1990-xx.xx.1991-ci illərdə Sumqayıt Aliminum zavodunda elektromontyor peşəsində işləmişdir. - “Şirvan-Yaşma” X4 Cəmiyyətinin xx.xx.1990-ci il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Rəcəb qızı “Şirvan-Yaşma” X4 cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir. - Həmkarlar İttifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı Rəcəb qızı adının 400 nömrə altında göstərilmişdir. - “Şirvan-Yaşma” X4 Cəmiyyəti tərəfindən tərtib edilmiş torpaq sahəsinin sxematik planından görünür ki, Sumqayıt şəhəri Yaşma bölgəsində 36/117 saylı bağ sahəsi İddiaçı Rəcəb qızına ayrılmışdır. - 4854 nömrəli bağçılıq cəmiyyətini üzvlük kitabşasından görünür ki,İddiaçı“Şirvan-Yaşma” X4 Cəmiyyətinin xx.xx.1990-ci il tarixli 02 saylı protokoluna əsasən cəmiyyətə üzv qəbul edilmişdir. - Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin adlı siyahısının əldə edilməsi üçün “Şirvan” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə və Dövlət Arxivinin Sumqayıt filialına xx.xx.2021-ci il tarixli **********11 saylı və xx.xx.2021-ci il tarixli **********6 saylı sorğular göndərilmişdir. Lakin, xx.xx.2021-ci il tarixli **********96 sorğunun cavabı hələ də idarəyə daxil olmamışdır. -"xxxx" ASC-nin Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə ünvanladığı xx.xx.2009-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasl Prezidentinin 398 saylı 25 aprel 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Alüminium İS-nin, Gəncə “Gil Torpaq” İS-nin və Daşkəsən “Alunit” İS-nin bazasında "xxxx" Səhmdar Cəmiyyəti yaradılmışdır. Sərəncamın icrası ilə əlaqədar ASC-nin İstehsalat sahəsində yenidənqurma və təmir-tikinti işləri zamanı yuxarıda göstərilən bağçılıq sahələrinin arxiv sənədləri itirilmişdir. -"xxxx" ASC-nin Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə ünvanladığı xx.xx.2009-cu il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli 16 saylı iclas protokolu ilə Sumqayıt Alüminium zavoduna Bakı-Rostov magistralının üstündə Şirvan və Yaşma bağ massivində kollektiv bağçılıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan sənədə əsasən Sumqayıt Alüminium zavoduna 1-ci sahədə 31.34 ha, hər biri 600 kv m olmaqla 439 yer,2-ci sahədə isə 25.0 ha, hər biri 600 kv m olmaqla 350 yer ayrılmışdır. - Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 240 saylı xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Şirvan-Yaşma” kollektiv bağçılıq cəmiyyətinin arxiv sənədləri, o cümlədən xx.xx.1990-cı il tarixli 02 saylı protokolu Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Sumqayıt şəhər XDS İK-nin 07.06-xx.xx-1990-cı ilə dair iclas protokollarına baxılmış, vətəndaş İddiaçı Rəcəb qızının adına bağ üçün torpaq sahəsi verilməsi barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) : - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı yoldaşlıq-bağçılıq cəmiyyətinin üzvlərinin siyahısına və torpaq sahəsinin ayrılmasına dair protokolu və bağçılığın üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçının iddialı olduğu torpaq sahəsi "xxxx" ASC-nin “Şirvan-Yaşma” yoldaşlıqbağçılıq cəmiyyətinə 1988-ci ildə ayrıldığı nəzərə alınaraq, həmin dövrə münasibətdə qüvvədə olmuş qanunvericiliyin tələbləri aşağıdakıları nəzərdə tutmuşdur. 1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən, torpaq sahələrinin ayrılması və rəsmiləşdirilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: - 13-cü maddədə torpaq sahələrinin ayrılma qaydasında istifadəyə verilməsi, torpaq sahələrinin istifadəyə verilməsinin Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı və ya müvafiq xalq deputatları Sovetinin İcrayyə Komitəsinin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur; - 23-cü maddəyə əsasən, torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla özündə cəmləşdirir; - 24-cü maddəsinin mənasına görə, torpaq istifadəçilərin torpaqdan daimi istifadə hüququ torpağa istifadə hüququna dair dövlət aktı ilə, torpağa müddətli istifadə hüququ Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şəhadətnamə forması ilə təsdiq edilirlər; - 97-ci maddəsinin mənasına görə, hər bir üzvünə 600 kv m qədər ölçüdə olan torpaq sahələri kollektiv bağçılıq üçün idarə, müəssisə və təşkilatlara verilə bilər. Kollektiv bağçılıq üçün torpaqlar Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatından, kollektiv bostançılıq üçün torpaqlar isə şəhər xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, şəhərlərin yaxın illərdə tikinti işləri üçün və ya başqa ehtiyaclar üçün ayrılmamış boş torpaqlarından və qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan qaydada ayrılmış dövlət ehtiyatı torpaqlarından istifadəyə verilir. Məhkəmə qeyd edir ki, iddiaçının qanuni surətdə bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlüyünə qəbul edilməsi və ona 600 kv m torpaq sahəsinin ayrılması iş materialları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, bağşılıq yoldaşlıq cəmiyyətinin adlı siyahılarının cavabdeh inzibati orqana təqdim edilməməsi iddiaçının təqsiri üzündən baş verməmişdir və bu hal onmun məsuliyyət sferasına daxil deyildir. Bundan başqa "xxxx"ASC DTXK-nin Sumqayıt şəhər şöbəsinə 2009-cu ildə ünvanladığı məktubda həmin sənədlərin itirildiyini bildirmişdir. Yəni, məhz iddiaçıya aid sənədin deyil, ümumiyyətlə bağçılıq-yoldaşlıq cəmiyyətinin sənədləri itirilmişdir. Bu hala görə iddiaçının mülkiyyət hüququ hər hansı formada məhdudlaşdırılmamalıdır. İddiaçının Sumqayıt Alüminium zavodunda işləməsi və işlədiyi dövrdə bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilərək ona torpaq sahəsinin ayrılması, hazıradək həmin torpaq sahəsinin onun faktiki istifafdəsində olması iddianın təmin edilməsi üçün zəmin yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və Şirvan –Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı X6 Ceyran Rasib qıızna verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Şirvan–Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı X6 Ceyran Rasib qıızna verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-616/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-616/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver