Məhkəmə qərarları › İş №2-1(118)-6160/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6160/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6160/2025 16.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3rşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Qusar rayonu, Köhnə-Xudat kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və onun adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Qusar rayonu Köhnə Xudat bələdiyyəsinin 17 yanvar 2014-cü il tarixli 1-2-8 saylı qərarı ilə həmin kəndin ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin dəyəri olaraq 720 manat məbləğində pul vəsaiti tərəfindən bələdiyyənin hesabına ödənilmiş və bu barədə 25 dekabr 2013-cü il tarixli qəbz verilmişdir. Bundan sonra Qusar rayonu Köhnə Xudat bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin (sonradan ləğv edilmiş) iştirakları ilə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, həmin akt 21 yanvar 2014-cü il tarixdə 22 nömrə ilə qeydiyyata alınmışdır. Həmin sənədlər sonradan Qusar rayon Dövlət Arxivinə təhvil verilmiş, hazırda da həmin sənədlərin surətləri arxivdə saxlanılır. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq Çıxarışlarla rəsmiləşdirilməsi üçün qeydiyyat orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişəm. Həmin idarə tərəfindən adıma çıxarışın verilməsindən imtina olunaraq xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-3855/2025 saylı məktubla bildirilmişdir ki, müraciət olunan 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır, göstərilən halda isə həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. Bundan başqa, bildirilmişdir ki, 0.12 ha torpaq sahəsindən 4-7.5 metr ara məsafədən 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir və həmin torpaq sahəsi onun zolağına düşür. Bundan əlavə, 0.12 torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiuş 1:2000 və 1:10000 miqyaslı yerquruluşu sxemindən çıxarışda torpaq sahəsinin ölçüləri göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mənim adıma Çıxarışın verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi torpaq sahəsi Qusar rayonu Köhnə Xudat bələdiyyəsi tərəfindən satılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən torpaq sahəsinin alqı-satqının predmeti olması barədə rəy verilmiş, daha sonra torpaqların alqı- satqısına dair Akt tərtib olunmuşdur. Ona görə də, qeydiyyat orqanın həmin torpaq sahəsinin alqı- satqının predmeti olmaması barədə mövqeyi də qanuni və əsaslı deyil. Bundan başqa, qeyd etdiyi kimi torpaq sahəsi üzərində əldə etdiyi sahiblik və istifadə hüququ Qusar rayonu Köhnə Xudat bələdiyyəsinin qərarı əsasında əldə edilmişdir və həmin qərar hazırda qüvvədədir, bələdiyyə tərəfindən ləğv edilməmişdir və ya dəyişdirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə. icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasmın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, iddiaçının torpaq sahəsi üzərində əldə etdiyi bələdiyyənin qanuni qüvvədə olan aktına, yəni qərarına əsasən yaranmışdır, eyni zamanda bələdiyyənin həmin torpaq sahəsini satmaq səlahiyyəti olmuşdur. Ona görə də, hesab edir ki, Qusar rayonu Köhnə Xudat bələdiyyəsinin satdığı torpaq sahəsi üzərində sərəncam hüququ mövcud olduğundan və bununla da torpaq sahəsinin satılması qanuni və əsaslı olduğundan həmin qərar əsasında əldə etdiyi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmalıdır. Bundan başqa, qeydiyyat orqanının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməsinin digər əsası bundan ibarətdir ki, torpaq sahəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında, yəni xəttin 4-7.5 metr məsafədə yerləşir. Eyni zamanda qeydiyyat orqanı həmin imtinanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır. Əvvəla bildirir ki, Nazirlər Kabinetinin həmin Qərarı qüvvədən düşmüşdür və 2024cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər” təsdiq edilmişdir. Həmin Tələblərin 3.1-ci hissəsində qeyd olunur ki, bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.1. gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması. Göründüyü kimi, həmin Tələblər yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında hər hansı tikinti və s. işlərin görülməsi qaydalarını tənzimləyir və həmin qaydalar torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə şəxsin adma dövlət qeydiyyatına alınmasını imkanını aradan qaldırmır. Bundan başqa, "xxxx" ASC tərəfindən 10 kV-luq HX-in 2 metr mühafizə zonası saxlanılmaqla qeydiyyat orqanı tərəfindən torpaq sahəsinə dair Çıxarışın və texniki pasportun verilməsinə etiraz etməməsi barədə xx.xx.2024-cü il tarixli XQ-199 saylı məktub verilmişdir. Odur ki, qeydiyyat orqanının həmin əsasa görə Çıxarışın verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Bundan başqa, qeydiyyat orqanının 0.12 ha torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 və 1:10000 miqyaslı yerquruluşu sxemindən çıxarışda torpaq sahəsinin ölçülərinin göstərilməməsi barədə mövqeyi ilə bağlı bildirir ki, həmin sxem bələdiyyə tərəfindən tərtib olunmaqla həmin vaxt torpaq sahələri üzərində nəzarəti həyata keçirən orqan olmuş DT və XK-nin Qusar rayon Şöbəsi tərəfindən təsdiq edilmişdir. Ona görə də, həmin sxemdə olan hər hansı qüsurun mövcud olması mənim qanuni əsaslarla əldə etdiyi torpaq sahəsindən məhrum edilməyimə səbəb ola bilməz. Çünki, həmin uyğunsuzluğun baş verməsində hər hansı təqsiri yoxdur və uyğunsuzluq məhz qeydiyyat orqanının bələdiyyə ilə birlikdə özünün mühəndisləri tərəfindən aradan qaldırıla bilən haldır. Bundan başqa, qeydiyyat orqanı özünün imtinasını Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasının Qanununun 11.1 və 15-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, 0.12 ha torpaq sahəsi Qusar rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 nömrəli qərarı əsasında satılmışdır. Həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərancam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmçinin, 0.12 ha torpaq sahəsindən 4-7.5 metr ara məsafədən 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir və həmin torpaq sahəsi onun qoruma zolağına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 161 nömrəli qərarı ilə Elektrik xətlərinin mühafizə zonaları təsdiq edilməsi göstərilir. Həmin qərarda 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağı 10 metr ara məsafəsi kimi öz əksini tapmışdır. Bundan əlavə, 0.12 ha torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 yerquruluşu sxemindən çıxarışda torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Qusar rayon Köhnə Xudat bələdiyyəsinin 17 yanvar 2014-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı Qasım oğlunun 5 il müddətdən çox daimi qeydiyyatda olması nəzərə alınaraq fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin kəndaltı torpaqlarından 1200 kv.m torpaq sahəsi hərrac və ya müsabiqə keçirilmədən iddiaçının mülkiyyətinə satılmışdır. Torpaq sahəsinin alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində 21 yanvar 2014-cü il tarixdə 22 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 21 yanvar 2014cü il tarixli 36 saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla alqı-satqı predmeti olduğu, uqodiyası yaşayış məntəqələri torpaqlarına aid olmaqla 100 ballı torpaq sahəsidir. Qusar rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 04 saylı arayışına əsasən İddiaçı Qasım oğluna 17 yanvar 2014-cü il tarixli 1-2-8 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi satılmışdır və həmin qərar qüvvədədir. Məhkəmə sorğusuna cavab olaraq Qusar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə bələdiyyə qərarı və əlaqəli sənədlərin arxiv surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 13 noyabr 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi naturada qonşu torpaq sahələri ilə hər tərəfdən hasara alınaraq 0.12 hektar ölçüdə istifadə olunur. Torpaq sahəsinin koordinatlarını faktiki ölçülər əsasında işlənilmişdir, torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, “yaşayış məntəqələrinin torpaqları”na aid, “bələdiyyə” mülkiyyəti olmaqla, uqodiyası “həyətyanı” kimi uçota alınmışdır. Bundan əlavə, torpaq sahəsinin faktiki koordinatlarını “islahat - kompleks yerquruiuşu layihəsi"ndə” (DWG-də) dəqiqləşdirildikdə isə “kənd təsərrüfatı təyinatlı torpaqları”na aid “bələdiyyə” mülkiyyəti olmaqla uqodiyası “təmiz örüş” qeyd olunmuşdur. Qeyd: Torpaq sahəsinin 0.0169 hektar hissəsi ərazidən keçən “10 kV-luq izolyasiyasiz hava elektrik verilişi xətti”nin mühafizə zonasına düşür, torpaq sahəsinin sərhədləri ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi aşkar olunmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Qusar rayon Köhnə Xudat bələdiyyəsinin 17 yanvar 2014-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı Qasım oğlunun 5 il müddətdən çox daimi qeydiyyatda olması nəzərə alınaraq fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin kəndaltı torpaqlarından 1200 kv.m torpaq sahəsi hərrac və ya müsabiqə keçirilmədən iddiaçının mülkiyyətinə satılmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, 0.12 ha torpaq sahəsi Qusar rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 nömrəli qərarı əsasında satılmışdır. Həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Belə ki, Qusar rayon Köhnə Xudat bələdiyyəsinin 17 yanvar 2014-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı Qasım oğlunun 5 il müddətdən çox daimi qeydiyyatda olması nəzərə alınaraq fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin kəndaltı torpaqlarından 1200 kv.m torpaq sahəsi hərrac və ya müsabiqə keçirilmədən iddiaçının mülkiyyətinə satılmışdır. Cavabdehin imtinasının ilkin əsasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə həyətyanı məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Qusar rayon Köhnə Xudat bələdiyyəsinin 17 yanvar 2014-cü il tarixli 01 saylı qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qusar rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 04 saylı arayışına əsasən İddiaçı Qasım oğluna 17 yanvar 2014-cü il tarixli 1-2-8 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi satılmışdır və həmin qərar qüvvədədir. Cavabdehin imtinasının digər əsasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərin” 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Cavabdeh qeyd edir ki, 0.12 ha torpaq sahəsindən 4-7.5 metr ara məsafədən 10 kvluq yüksək gərginlikli elektrik xətti keçir və həmin torpaq sahəsi onun qoruma zolağına düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-445/2021 saylı qərarında qeyd edilmişdir:

30. Apellyasiya instansiyası məhkəməsi, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.

31. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Torpaq Məcəlləsinin 62-ci maddəsinə istinadla qeyd etmişdir ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin istinadlarını hazırkı mübahisəyə münasibətdə əsaslı hesab etmir. Belə ki, həmin müddəalar torpaq sahəsinin ayrılmasınadək mövcud olmuş vəziyyətə münasibətdə tətbiq edilir. Hazırkı halda, yüksək gərginlikli elektrik xətti quraşdırılarkən, üzərində hüquqların qeydə alınması iddia olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur.

33. Yuxarıda qeyd olunan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

35. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayon Köhnə Xudat bələdiyyəsinin 17 yanvar 2014-cü il tarixli 01 saylı qərarı ilə satılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar