Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6189/2025 18.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçıların nümayəndəsi X6 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 30 may 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,00519 ha torpaq sahəsi üzərində yerləşən 1A nömrəli 41,8 kv.m olan qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 27 fevral 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binası və 0,00519 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı1 adına tərtib edilmiş 25 fevral 2015-ci il tarixli, 5131 inventar nömrəli “Texniki pasport”.
4. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 6 noyabr 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 36,4 kv.m qeyri-yaşayış binası və 0,034 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına dair X5 adına tərtib edilmiş 9867 inventar nömrəli “Texniki pasport”. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
6. İddiaçı1 və İddiaçı2 (bundan sonra – “iddiaçılar”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən X7 məxsus reyestr nömrəsi **********52-06301 olan çıxarışa əsasən 340 kv.m torpaq sahəsinin torpaq planı və ölçüsünün yenidən aparılması və müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin reyestr məlumatlarına dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 mülkiyyətində (hazırda oğlu – İddiaçı1 bağışlamış) ünvan 7 ünvanında yerləşən 0,00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m qeyri-yaşayış binası vardır. Eyni zamanda, İcra Hakimiyyəti tərəfindən ayrılmış qanuni istifadədə olan 12,05 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan əlavə, eyni vaxtda, mağazanın arxa tərəfindən əlavə yer götürüb, tikinti aaparmışdır və bu 2015-ci ilin fevral ayında İddiaçı1 həmin mülkiyyətinə dair texniki pasport alarkən onun torpağında 3,5 kv.m zəbt kimi əks olunmuşdur. Bu 51,9 kv.m-dən kənara olan hissədir. İddiaçı1 adına verilmiş 2015-ci il tarixli texniki pasportdan da aydın görünür ki, faktiki istifadə etdiyi sahə - 55,4 ; zəbt – 3,5 kv.m.dir. Zəbt olunmuş sahə faktiki istifadə etdiyi torpaq sahəsindən kənarda olan hissədir. Mağazanın arxa hissəsində, kənar zəbt olunmuş hissədə tikili vardır. 25 fevral 2015-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasportda zəbt artıq dövlət reyestrində qeydə alınmışdır. Yəni, vətəndaşın faktiki istifadəsində olma faktı dövlət tərəfindən tanınmış, qeydiyyat aparan orqan bunu qeydiyyata alıb və bu məsələ mübahisələndirilməmişdir. Cavabdehin 11 avqust 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən X7 məxsus reyestr nömrəsi **********52-06301 olan çıxarışa əsasən 340 kv.m torpaq sahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, X5 texniki pasportunda əks olunmuş cizgilərinə və baza məlumatlarına əsasən 340 kv.m sənəd üzrə olduğu ilə, faktiki naturada istifadə vəziyyətində olan ölçülərində qismən fərq vardır. X3 texniki pasportunda əks olunmuş 340 kv.m torpaq sahəsinin döngə nöqlərinin koordinatlarından kənarda 10 kv.m neytral torpaq sahəsi vardır. Hazırda faktiki istifadəsində olan sahə 353 kv.m-dir. Bundan başqa, X5 texniki pasportunda əks olunmuş sənəd üzrə cizgilər daxilində iddiaçılar tərəfindən tikilmiş tikintialtı sahənin 6 kv.m hissəsi yerləşir. Müəyyən edilir ki, torpağın naturada yerləşməsi və texniki pasportda əks edilmiş koordinatlar əsasında fərq mövcuddur. GPS-lə torpaq sahəsinin koordinatları texniki yanlışlıq nəticəsində düzgün vurulmadığından İddiaçı2 ayrılmış torpaq sahəsi ilə qonşu torpaq sahəsi arasında 6 kv.m fərq olduğu göstərilmişdir. Cavabdeh orqanın əməkdaşı iki dəfə ayrı-ayrı vaxtlarda gəlib əraziyə baxış keçirmiş və eyni şəxs tərəfindən eyni torpaq sahəsinə dair iki müxtəlif mütəxəssis rəyi tərtib olunmuşdur. Məsələ ilə bağlı məhkəmə ekspertizası keçirilmişdir. Lakin təqdim olunmuş mütəxəssis rəyləri arasında ziddiyyət yarandığı, mütəxəssis rəyinə əsasən 340 kv.m torpaq sahəsinin texniki pasportunun göstəriciləri ilə faktiki vəziyyət ölçüləri arasında fərq olması, 4 may 2006-cı il tarixdə verilmiş 40 kv.m mağazanın genişləndirilməsi üçün ayrılmış əlavə 12,5 kv.m torpaq sahəsinin yerləşmə eskizi, situasiya planı təqdim olunmadığından ekspert rəy verə bilməmişdir. Mübahisəli olunan 340 kv.m torpaq sahəsinin sərhədləri hər-hansı bir ayrıcı ilə ayrılmamış, hasarlanmamışdır. Hazırda da həmin torpaq sahəsi 2015-ci ildən alınmasına baxmayaraq, istifadəsiz boş ərazi kimi qalmaqdadır. Texniki pasportdan və fotoşəkildən göründüyü kimi, iddiaçılara məxsus binanın arxasında üç tərəfi bağlı olan dalanda istifadəsiz qalmış təxmini 30 kv.m torpaq sahasi var. İddiaçı torpaq sahəsini satın alanda həmin sahədə ümumi istifadədə olmuş tikili (sanitar qovşaq) var idi. Qeyd olunan ərazi dövlət ehtiyat fondunun torpaq sahəsidir. İddiaçıların qanuni və faktiki istifadəsində olan mağazanın arxasına tam bitişik ərazi qanunsuz olaraq, iddiaçıların 1-ci dərəcəli alıcılıq hüququ pozulmaqla, vətəndaş X1. Qeyd edilir ki, torpaq hərrac keçirilmədən, qeyri-qanuni yollarla satılmışdır. Belə ki, həmin ərazidən ona formal olaraq, 36 kv.m-lik balaca qeyri-yaşayış obyekti və həmin obyektin altında yerləşən 340 kv.m-lik boş torpaq sənədləşdirilmişdir. Satılan qeyri-yasayış obyektinin sahəsi 36 kv.m olduğu halda, həmin qeyri-yaşayış obyektinin tikintialtı sahəsinin 340 kv.m olması özü şübhəli və qanunsuzdur. Belə ki, şəhərdə olan qeyri-yaşayış obyektləri (mağaza, ictimaiiaşə obyektləri, xidmət sahələri və sair) yalnız həmin tikililər və tikili altında olan torpaq sahələri ilə məhdudlaşır. Beləliklə, 340 kv.m torpaq satılarkən iddiaçının mağazasının arxasında obyektin təhlükəsizliyi üçün fövqəladə hallar zamanı çıxış yolları nəzərə alınmamışdır. Dövlət Reyestr Xidmətinin GPS ilə vurduğu koodinatlar texniki səhv vurulduğundan iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşu torpaq sahəsi arasında 6 kv.m fərq vermişdir. Bu kimi hallar nəticəsində də iddiaçılara zərər vurulmuş, mənafelərinə toxunan hərəkətlər edilmişdir. Başqa sözlə, mövcud qanunvericiliyin tələbləri pozulmuşdur.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
9. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi ilə bağlı məsələnin yerində araşdırılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əməkdaşı əraziyə ezam edilmişdir. 12 may 2025-ci il tarixdə əməkdaş tərəfindən cavabdeh orqanın mühəndisləri Salman Abbasovun, Samir Şıxkərimovun və iddiaçı tərəfin iştirakları ilə mübahisəli ərazidə GPS aparatı və distomet vasitəsilə çöl-ölçmə işləri aparılmış və bu barədə akt tərtib edilmişdir. Kameral şəraitdə faktiki istifadə vəziyyətinə uyğun ölçmənin nəticələrinə və müəyyən edilmiş koordinatlara əsasən elektron baza məlumatlarından və arxiv sənədlərindən istifadə edilməklə faktiki vəziyyət araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə 51,9 kv.m torpaq sahəsi iddiaçı tərəfin mülkiyyətinə verilmiş, 3,45 kv.m isə texniki pasportda zəbt kimi göstərilmişdir. Hansı ki, sözügedən 3,45 kv.m X5 texniki sənədində əks olunmamışdır. İstifadə edilən mübahisəli əlavə tikili 7,30 x 2,28 ölçüdə olmaqla 16,64 kv.m təşkil edir ki, bundan 9,64 kv.m özünüzə məxsus torpaq sahəsində, 7,04 kv.m isə X7 məxsus torpaq sahəsində yerləşir. X2 üzrə 340 kv.m ərazi məxsusdur ki, bundan 46,8 kv.m tikintialtı sahədir. Tikintialtı sahədən başqa boş ərazi küçə tərəfi istisna olmaqla tikililərlə əhatə edilmişdir. Şərqdən (təzə muzey tərəfdən) isə 26,90 metr məsafədə özünə məxsus tikiliyə kimi dəmir lövhələrlə hasarlanmışdır. Hal-hazırda o, faktiki 353,24 kv.m ərazidən istifadə edir ki, bundan sənəd üzrə olan sərhəddən kənarda istifadə ediləni mübahisəli tikilinin şərq hissədə 30,14 kv.m, küçə tərəfdən isə 8,11 kv.m təşkil edir. X2 üzrə olan ərazisindən dəmir lövhə ilə hasarlanmış hissədən 21,34 kv.m sahə dəmir lövhədən çöldə qalır. Sənəd üzrə sahə dəmir lövhədən 0,80 x 1 metr məsafədən keçir. Qeyd edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(067)- 172/2023 nömrəli qərardadı ilə qoyulmuş suallar mütəxəssis tərəfindən qərəzsiz və aydın şəkildə, qanunamüvafiq qaydada cavablandırılmışdır. Rəydə qeyd edilən ölçülər və sxem düzgün tərtib edilmişdir. Faktiki ölçülərlə bağlı sual qoyulmamış, qərardadın tam icrası üçün ekspert tərəfindən əlavə vəsatət qaldırılmamış, əlavə və ya təkrar ekspertizanın təyin edilməsi barədə müraciət daxil olmamışdır. Texniki sənədlərdə (texniki pasportlarda) düzəliş edilməsi tələbinilə bağlı bildirilmişdir ki, texniki sənədlərdə (texniki pasportlarda) düzəliş edilməsi tərəflərin qarşılıqlı razılığı və ya məhkəmə qərarı olmadan mümkün deyil.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
12. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 14.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
18. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
19. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
20. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
21. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
22. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
23. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
25. İddiaçı tərəfin hazırkı iddia tələbi ondan ibarətdir ki, üzərində mübahisələndirilən mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahəsi iddiaçı tərəfin xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə bitişik olduğuna, həmin ərazidə tərəflərindən digər tikinti inşa edildiyinə baxmayaraq, həmin ərazi onlara təklif olunmamış, digər şəxsə satılmışdır. Bu səbəbdən də qeyd edilən mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün əsas olmuş sənədlər ləğv edilməlidir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
27. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,00519 ha torpaq sahəsi üzərində yerləşən 1A nömrəli qeyri-yaşayış binası-mağaza İddiaçı2 məxsus olmuş, daha sonra İddiaçı1 mülkiyyətinə keçmiş, bu barədə binaya və altında yerləşən 0,00519 ha torpaq sahəsinə dair çıxarış və texniki pasport verilmişdir.
28. Qeyd edilən torpaq sahəsinin qonşuluğunda, ünvan 4 ünvanında yerləşən 36,4 kv.m qeyri-yaşayış binası və 0,034 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir və halhazırda üzərində aparılmış mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olmuş sənədlər iddiaçılar tərəfindən mübahisələndirilir.
29. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda hazırkı mübahisə predmeti ilə əlaqəli olan digər məhkəmə icraatı zamanı alınmış mütəxəssis rəyinə istinad edilərək müəyyən edilmişdir ki, sənəd üzrə iddiaçı tərəfin mülkiyyətinə 0,00519 ha torpaq sahəsi verilmiş, texniki pasportda isə 3,45 kv.m zəbt kimi göstərilmişdir.
30. Lakin qeyd edilən torpaq sahəsi, zəbt olan torpaq sahəsi daxil olmaqla, X7 məxsus olan və texniki sənədində əks olunmuş torpaq sahəsi ilə üst-üstə düşmür.
31. Eyni zamanda müəyyən edilir ki, iddiaçı tərəfindən inşa edilmiş əlavə tikili 16,64 kv.m təşkil edir, tikilinin 9,64 kv.m hissəsi iddiaçı tərəfə məxsus torpaq sahəsində, 7,04 kv.m hissəsi isə X7 məxsus torpaq sahəsində yerləşir. Bu səbəbdən də iddiaçı tərəf halhazırda X5 mülkiyyət hüququnda olan torpaq sahəsini iddia edir.
32. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 aprel 2025-ci il tarixli, 2(105)-435/2025 nömrəli qərarı ilə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 6 noyabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən X5 mülkiyyətində olan, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 1C ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7,11 kv.m hissəsində inşa edilmiş tikilinin İddiaçı1 oğunun və İddiaçı2 (hazırkı iş üzrə iddiaçılar) öz hesablarına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılması qət edilmiş, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2025-ci il tarixli, 2(102)-2304/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
33. Həmin qərardan müəyyən edilmişdir ki, “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X5 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 1C ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin hissədə kiçik anbar kimi istifadə olunan tikili inşa olunmuşdur. xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2, sonradan isə 07606397 nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0,00519 ha torpaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 saylı və xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamları əsasında verilmişdir ki, həmin torpaq sahələri də tam olaraq cavabdehlərin faktiki istifadəsində olmaqla, 7,11 kv.m sahədən ibarət tikili həmin torpaq sahəsində deyil, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir.”
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
35. Bundan əlavə, məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi də izahat verərək təsdiq etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi onların xüsusi mülkiyyətində, həmçinin zəbt olan torpaq sahəsi ilə üst-üstə düşmür, lakin üzərində əlavə tikili inşa edilmişdir.
36. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsində iddiaçı tərəfindən əlavə tikili inşa edilsə də, torpaq sahəsinə dair istifadə hüququnun qanuni əsası sübuta yetirilmədiyindən, üzərində dövlət reyestrində aparılmış xüsusi mülkiyyətinin qeydiyyatın ləğv edilməsi tələbinin qaldırılmasına dair iddiaçı tərəfin subyektiv hüququnun olması müəyyən edilmir.
37. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”
39. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək bildirir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır.
40. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
41. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova