Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-620/2021 31.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2011-ci il təvəllüdlü oğlu X1 “Şahverdi”dən “Şahverdiyev”ə dəyişdirilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıların xx.xx.2011-ci il təvəllüdlü Vüqar adlı uşaqları vardır. Onlar uşaqlarının soyad sonluqlarının “Şahverdi”dən “Şahverdiyev”-ə dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmişlər. Lakin həmin şöbənin xx xxxxxx 2020-ci il tarixli, 05/Q-1367/15 saylı məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı1 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 ərizəsi əsasında prosessual həmiştirakçı kimi məhkəmə icraatına iddiaçı olaraq cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçılar xx.xx.2011-ci il təvəllüdlü oğlu X1 “Şahverdi”dən “Şahverdiyev”ə dəyişdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 05/Q-1367/15 saylı cavab məktubunda Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495№-li qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı”, “- zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə biləcəyini və bu səbəblə müraciətimin təmin edilməsinin imkanları xaricində olduğunu bildirmişlər. İddiaçılar hesab edir ki, Cavabdeh verdiyi bu cavab qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İddiaçı bu konsitusion hüququndan istifadə edərək oğlunun soyadının sonluğunu dəyişdirmək üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda bu dəyişiklikdən qanunsuz və əsassız olaraq imtina etmişdir. Ad və soyadın dəyişdirilməsi iddiaçının hüququdur və heç kim bunu məhdudlaşdıra və ya onun əlindən ala bilməz. Bu onun vətəndaş olaraq konstution hüquq və azadlıqlarını pozur. Soyad sonluğuna dəyişiklik edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 5-ci bəndlərinə istinad edilməklə mümkündür. Həmin Qaydaların 5.1-ci bəndinin 2-ci cümləsinə görə, 18 yaşma çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Həmin Qaydaların 5.3-cü bəndinə görə, soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Yuxarıda göstərilən qaydalarda soyad sonluğunun dəyişdirilməsi ilə bağlı hər hansı qadağanedici norma yoxdur. Əksinə bu qaydalar soyadın dəyişdirilməsinə imkan verməkdədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş və iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişlər ki, uşağın soyadının sonluğunun onların soyadının sonluğu ilə uyğun gəlməməsi sənədləşmə işlərindədə problemlər yaradır. Digər uşaqlarının soyadının sonluğu valideyinlərin soyadına uyğundur. Ona görədə bütün ailənin soyadının eyni sonluqda olmasını istəyirlər. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, İddiaçı1 Cavabdehnə övladının soyadının “Şahverdi”dən “Şahverdiyev”ə dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 №li qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. AZ-İ seriyalı, 249133 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 xx xxxx 2006-cı il tarixdə nikahlarını bağlamışdır. AZ-İİ seriyalı, 626565 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 “Şahverdi” olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən İddiaçı1 övladının soyadının “Şahverdi”dən “Şahverdiyev”ə dəyişdirilməsinin mümkün olmadığını əsas gətirərək imtina etmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçıların tələbi mahiyyəti etibarı ilə soyadın dəyişilməsi yox, soyadının sonluğunun dəyişilməsi və valideyinlərin soyadına uyğunlaşdırılması ilə bağlı tələbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. İddiaçılarda uşaqlarının soyadlarını öz soyadlarına uyğun düzəliş aparılmasını xahiş edir. Qeyd edilən normalar iddiaçıların tələbinin qanunvericiliyə uyğun olduğunu göstərir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə hesab edir ki, uşağın soyadının sonluğunun valideyinlərinin soyadının sonluğuna uyğunlaşdırması uşağın mənafeyinədə uyğundur. Yuxarıda qeyd olunanlar iddianın əsaslı olduğunu göstərir və məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 sonluğunun dəyişdirilərək, “Şahverdiyev” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-620/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-620/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver