Məhkəmə qərarları › İş №2-1(118)-620/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-620/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-620/2024 04.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti nümayəndəsinin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında xx.xx.1994-cü il tarixli 42 nömrəli sərəncamına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publuk hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti nümayəndəsinin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında xx.xx.1994-cü il tarixli 42 nömrəli sərəncamına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-S- 0147/8-2022 saylı məktubu ilə iddiaçınının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Etibarnamə üzrə nümayəndəsi X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə olunmuşdur. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından xx.xx.2023-cü il tarixli bildirişlə imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, Abşeron rayonu. Saray qəsəbəsində yerləşən etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı Abşeron rayon. Saraş qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1994-cü il tarixli 42 nömrəli sərəncamın ilə İddiaçı İ elman oğluna ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizənizə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin sözügedən sərəncama dair təqdim edilmiş F-2190 nömrəli arxiv arayışının xx.xx.2014-cü il tarixdə verildiyi aşkar edilmişdir. Yuxarda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəlarına əsasən ərizənin icrasından imtina edilir. Hazırda cavabdehin imtinasını əsassız hesab etdiyinə görə hazır ki, iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti nümayəndəsinin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında xx.xx.1994-cü il tarixli 42 nömrəli sərəncamdan çıxarışda qeyd olunur ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmaq məqsədilə Saray üzümçülük sovxozunun xx.xx.1994-cü il tarixli 59 №-li əmri ilə Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin sərəncamına verilmiş istifadəsiz sahələrdən aşığda adları qeyd olunan vətəndaşlara hər bir ailə üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılsın və həmin ayrılmış sahədə onlara mənzil tikməyə icazə verilsin. Həmin sərəncamda iddiaçının adı 34 nömrə ilə qeyd olunmuşdur. Hal-hazırda da həmin 0,10 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və həmin torpaq sahəsində sərəncama uyğun olaraq fərdi yaşayış evi tikilmişdir. Cavabdehin torpaq sahəsinin baş planın və ayrıc aktının mövcud olmamasına istinad edərək həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasını əsassız hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı: Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 42 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi; Sözügedən sərəncama dair təgdim edilmiş F-2190 nömrəli arxiv arayışının 29 dekabr 2014-cü il tarixində verildiyi; İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafig olaraq, mübahisələndirmə hagqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair gəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 16 dekabr 2022-ci il tarixli müraciətinə imtina xx.xx.2023-cü il tarixində verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixində 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. ’’Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə müvafiq olaraq, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsəsrrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdınlmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə görə, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçılar məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişlər. Cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti nümayəndəsinin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında xx.xx.1994-cü il tarixli 42 nömrəli sərəncamına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 42 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi; Sözügedən sərəncama dair təqdim edilmiş F-2190 nömrəli arxiv arayışının 29 dekabr 2014-cü il tarixində verildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə icra hakimiyyəti nümayəndəsinin oktyabr 1994-cü il tarixli 42 saylı Sərəncamından çıxarışa əsasən iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmış, həmin sahədə mənzil tikintisinə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, T/641 saylı məktubu ilə Sərəncamın Arxivdən çıxarışı məhkəməyə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar həmin siyahıya əlavə edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Bundan əlavə cavabdeh qeyd edir ki, torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, sözügedən sərəncama dair təqdim edilmiş F-2190 nömrəli arxiv arayışının 29 dekabr 2014-cü il tarixində verildiyi müəyyən olunmuşdur. Cavabdehin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, X7 Cəmiyyəti xx.xx.2023-cü il tarixli 13-13/2-064-Ə-5114-5/2023 saylı məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 İyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Canpolad Orucov küçəsində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyi, yuxarıda qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyi və qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişdirlər. Göründüyü kimi elektrik xəttinə münasibətdə Azərişıq ASC-nin hərhansı etirazı yoxdur. Bundan əlavə Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3254/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 06 fevral 2024-cü il tarixli, 3-21-3-32/2-1295/2024 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş Abşeron rayon Saray bələdiyyəsinin iddiaçıya ayrılmış torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Abşeron Rayonu Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-ustə düşən hissəsi 0.0986 ha təşkil edir. Elektron məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür və sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlara aiddir. Göründüyü kimi elektron məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Eyni zamanda Elektron məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlara aiddir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmini üçün əsas təkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti nümayəndəsinin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında xx.xx.1994-cü il tarixli 42 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar