Məhkəmə qərarları › İş №2-1(118)-622/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-622/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-622/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “onun 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək rayonlararası 26 saylı Təmir Təmir Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 01.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFnun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək ona əmək pensiyası təyin edilməsini xahiş etmiş, 06.02.2020-ci il tarixində əmək pensiyasının təyin edilməsindən cavabdeh tərəfindən imtina olunmuş və imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi Sizin Sumqayıt Asan xidmət vasitəsilə təqdim edilmiş 22.01.2020-ci il tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizənizə əsasən bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmani ilə “Əmək pensiyaları haqqında ” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşıncı çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır. Şöbəyə təqdim etdiyiniz şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlüsünüz, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınıza qarşı 22 il 04 ay sosial sığorta stajı olması səbəbindən, Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Qeyd: Sizin 03.10.1996-cı ildən 22.11.2005-ci il tarixədək olan əmək stajının yoxlanılması mümkün olmaması səbəbindən sosial sığorta stajı kimi hesablanması mümkün deyildir”. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, cavabdeh orqan qanunvericiliyin tələblərinə lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.Əmək kitabçasında göstərilən iş müddətləri və eyni zamanda Rayonlararası 26 saylı Təmir Təmir Tikinti Tresti tərəfindən təsdiqlənmiş arayışda göstərilən işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyası təyin olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeydlərin dəqiqləşdirilməsi məqsədi ilə müvafiq təkilatlara sorğular göndərilmiş, lakin iddiaçının 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək 26 saylı rayonlararası Təmir Təmir Tikinti Trestində işləməsi barədə məlumat əldə olunmamışdır. Qeyd olunalara əsasən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nazirlik tabeliyində Publik Hüquqi şəxs olmuşdur. Bu səbəbdən də, Məhkəmə zərurət yarandığından, cavabdehi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid Əmək Kitabçasının notarial qaydada təsdiqlənmiş surəti, Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialın 02.12.2020-ci il tarixli, **********0 saylı imtina məktubu, 26 saylı rayonlararası Təmir Təmir Tikinti Tresti tərəfindən verilmiş 12.04.2021-ci il tarixli, 18 nömrəli arayışı, Dövlət Vergi Xidməti tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, **********452200 saylı məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Cavabdehin 02.12.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Əmək Kitabçasına əsasən 1973-2005-ci illərdə müxtəlif müəssisələrdə işləmişdir. Həmçinin Azərbaycan Respublikası 26 saylı rayonlararası Təmir Təmir Tikinti Tresti tərəfindən verilmiş 12.04.2021-ci il tarixli, 18 nömrəli arayışdan da görünür ki, İddiaçı, həqiqətən də 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixinədən 26 saylı rayonlararası Təmir Təmir Tikinti Trestində qaynaqçı vəzifəsində işləmişdir. Vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən 03.10.1996-cı il tarixində 62 nömrəli əmrlə 26 saylı rayonlararası Təmir Təmir Tikinti Trestində qaynaqçı vəzifəsinə işə qəbul olunmuş və 22.11.2005-ci il tarixində 94 nömrəli əmrlə işdən azad olunmuşdur. Məhkəmə tərəfindən iddiaçının 26 saylı rayonlararası Təmir Təmir Tikinti Trestində işləməsi ilə bağlı araşdırma aparılmış, 12.04.2021-ci il tarixli, 18 nömrəli arayışı ilə təsdiqini tapmışdır. Belə olduğu tədqirdə İnzibati İcraat haqqında qanunun 19-cu maddəsində göstərilən mötəbərlik prinsipinə riayət olunmalıdır. Belə ki, həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddədlər əmək kitabçasına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 01.07.2020-30.06.2021-ci illərədək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 65 yaşında, yəni 01.07.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və İddiaçı əmək kitabçasında göstərilmiş 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək 26 saylı rayonlararası Təmir Tikinti Trestində işlədiyi müddətləri də sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 01.07.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əmək kitabçasında göstərilmiş 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək 26 saylı rayonlararası Təmir Tikinti Trestində işlədiyi müddətləri də sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 01.07.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar