Məhkəmə qərarları › İş №2-1(118)-6223/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6223/2025

03.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6223/2025 03.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inizbati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 27 yanvar 2025-ci il tarixdə qiymətləndirilmiş, “Odlu silahla yaralanmadan sonra sol sağrının aşağı, sağ sağrının yuxarı nahiyəsinin kobud çapıq toxumaları. Sol bud sümüyünün böyük burma səviyyəsində metal yad cismi (güllə). Sağ daban sümüyünün qeyri-düzgün bitişməkdə olan qəlpəli sınığı. Sol bud-çanaq oynağının kontrakturası (uzaqlaşma 23 dər). Sol bud-çənaq oynağının travmadan sonrakı koksartfozu. daimi ağrı ilə bel fəqərələrinin osteoxondrozu, spondilyozu. Sol oturaq sinirinin aksonal zədələnməsi. Hərəkət funksiyasının pozulması” diaqnozunun əlillik əlamətinin təyin etmədiyi üçün əlilliyin təyin edilməsindən imtina edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 may 2025-ci il tarixli, 3-17-4/2-B-13648/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında 10 fevral 2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, 27 yanvar 2025-ci il tarixdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 yanvar 2025-ci il tarixli, xxxxxxx0005 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozunun əlillik əlamətinin təyin etmədiyi üçün əlilliyin təyin edilməsindən imtina edilmişdir.

4. “SMS”-in göndərilməsinə dair elektron çıxarışdan görünür ki, xxxxxxx0005 nömrəli qərar barədə məlumat İddiaçı 28 fevral 2025-ci il tarixdə “SMS” bildirişi vasitəsilə göndərilmiş və 30 gün müddətində məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

İddia tələbinin dəlilləri:

5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi ilə bağlı 27 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

7. İddiaçı tərəf həmçinin ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iddia tələbinin qaldırılması üçün iddiaçı tərəfindən buraxılmış prossesual müddətin bərpa edilməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçı səhhəti ilə əlaqədar mobil telefon işlətmir və ona göndərilən SMS-dən məlumatı olmamışdır. Cavabdeh orqanın əlillik vəziyyətinə dair qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli müvafiq qərarının nəticəsi barədə yalnız cavabdeh tərəfindən poçt vasitəsilə ona göndərilmiş 27 may 2025-ci il tarixli cavab məktubundan sonra bilmişdir. Həmin məktubu poçt vasitəsilə aldıqdan sonra qanunvericilikdə müəyyən olunmuş 30 gün müddətdə məhkəməyə müvafiq iddia ərizəsi vermişdir.

8. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

9. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmiş, həmin qərarı mübahisələndirməklə əlaqədar 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun mümkün hesab edilməsini xahiş etmiş, onunla əsaslandırılmışdır ki, əlilliyin təyin edilməsindən imtina edilməsi haqqında iddiaçı cavabdehin 27 may 2025-ci il tarixli məktubu ilə məlumat almışdır. Bununla da, iddia tələbinin qaldırılması üçün nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülmüş hesab olunmalıdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsini əsas gətirərək, iddiaçı tərəfindən iddia müddətinin buraxıldığı üçün iddianın mümkün sayılmamasını xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

12. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1517/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.

13. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

14. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

16. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

17. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

18. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

19. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: - cavabdehin 27 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi; - iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi.

22. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya münasibətdə sonuncu qərar 27 yanvar 2025-ci il tarixdə qəbul edilmiş, əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığı səbəbi ilə əlilliyin verilməsindən imtina edilmiş, imtina barədə məlumat iddiaçıya 28 fevral 2025-ci il tarixdə “SMS” xəbərdarlıq vasitəsilə göndərilmişdir.

23. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

25. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

28. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmal” məktubunda qeyd olunmuşdur ki, “60. Əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən eddilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlilliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. ...

62. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyin dəyişdirilməsinə dair iddia qaldıra bilər.”

30. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”

31. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırkı məsələyə münasibətdə həmçinin, tərəfin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

33. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə etirazın dəlillərini əsaslı hesab etməklə, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır.

34. İPM-in 13-cü maddəsinə əsasən iddiaçı tərəfə hüquqi yardım edilərək izah olunur ki, əlilliyin təyin edilməsi üçün qanunvericiliklə müvafiq prosedur nəzərdə tutulmuşdur. Belə ki, əlilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən, lakin hər biri müstəqil inzibati icraat qaydasında həyata keçirilən iki mərhələni əhatə edir: - əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; - tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi.

35. Şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir.

36. Adıçəkilən Qaydada göndəriş verilməsi üçün bir neçə əsas müəyyən edilmişdir. Bununla belə, aşağıda qeyd edilən hallarda göndəriş təyinatına görə məhz əlilliyin qiymətləndirilməsi məqsədi ilə verilir: - şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının; İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş yuxarıda göstərilən müddət gözlənilmədən verilir); - əlillik müddətinin bitməsindən sonra yuxarıdakı bəndlərdə qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi.

37. Belə ki, iddiaçı sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilərək əlilliyin müəyyən edilməsi üçün müvafiq göndəriş alıb, cavabdeh orqana müraciət etməli, həmin göndərişə əsasən cavabdeh tərəfindən keçirilən qiymətləndirmə nəticəsində imtina qərarı verildiyi təqdirdə həmin qərar məhkəmə icraat qaydasında mübahisələndirilə bilər.

38. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar