Məhkəmə qərarları › İş №2-1(118)-624/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-624/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-624/2020 18.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.2019-cu ildən əvvəlki 3 illik dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli, **********4 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1967-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1986-ci ildə Gədəbəy rayonunun Novoivanovka kənd orta məktəbini bitirmişdir. 1986-1988-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə o zamankı Politexnik İnsititutuna (hazırki Texniki Universitet) daxil olmuşdur. 1992-ci ilin 26 fevral tarixində xalqımıza qarşı görünməmiş qəddarlıqla törədilən Xocalı soyqırımı hadisəsindən sonra minlərlə tələbə yoldaşları kimi o da təhsilini yarımçıq qoyaraq könüllü surətdə vətənimizin müdafiəsinə qalxmışdır. Gədəbəy rayonunun düşmənlərdən müdafiəsində yaxından iştirak etmişdir. Onun da iştirakçısı olduğu 1992-ci ilin 6-8 avqust tarixində Başkənd əməliyyatı nəticəsində düşmən Gədəbəy rayonundan rədd edildi, tarixi Azərbaycan ərazisi olan Başkənd kəndi azad edilərək bütöv bir rayon təhlükədən xilas olundu. Sonralar Azərbaycan Pespublikası Prezidentinin xüsusi sərəncamı ilə cəbhələrdə olan tələbələr yenidən təhsilə cəlb olundu. O da təhsilini davam etdirərək 1994-cü ildə Azərbaycan Texniki Universitetinin avtonəqliyyat fakültəsini bitirmişdir. Hazırda işləmir, 2-ci qrup əlil şəxsdir. Ailəlidir, 3 övladı var. xx xxxxxx 2019-cu il tarixdə Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən təqdim olunan 086435 №- li Veteran vəsiqəsini almışdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı xx xxxxx 2019-cu il tarixli 641№-li Fərmanın 2.1.1.-ci maddəsinə görə bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir; Buna görə də o, vəsiqəni aldıqdan sonra DSMF-nin Abşeron rayon şöbəsinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranı kimi ona prezident təqüdünün təyin olunması üçün müraciət etmişdir. DSMF-nin Abşeron rayon şöbəsi tərəfindən 2019-cu ilin 28 avqust tarixindən ona müharibə verteranı üçün müəyyən edilmiş prezident təqaüdü təyin olunmuşdur. Lakin ona əvvəlki üç il-xx xxxxxx 2016-cı il tarixdən — xx xxxxxx 2019-cu il dövrü üçün müavinət hesablanaraq ödənilməmişdir. Buna görə də xx xxxxxx 2016-ci il tarixdən xx xxxxxx 2019-cu il tatixədək olan müddət üçün “Sosial müavinətlər haqqında“ Qanuna uyğun olaraq müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq ona ödənilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ərizə ilə DSMF-nin Abşeron rayon şöbəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona təqdim olunan xx.xx.2019-cu il tarixli **********4 saylı cavab məktubu ilə ona imtina verilmişdir. Həmin məktubda deyilir: “Veteranlar haqqında“ xx xxxx 1994-cü U tarixli Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə görə Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Sizin təqdim etdiyiniz müharibə veteranı vəsiqəsi isə xx xxxxxxxx 2019-cu ildə verilmişdir. Buna görə də sizə, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tatixədək olan müddət üçün “Sosial müavinətlər haqqında “ Qanuna uyğun olaraq müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq ödənilməsi barədə xahişiniz qanunvericiliyin tələblərinə zidd olduğuna görə təmin edilə bilməz. ” İddiaçı bu cavabı qanunsuz və əsassız hesab edir. Ona görə də hesab edir ki, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət üçün müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq ona-İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında qeyd edir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulmasına dair vermiş olduğu iddianı tamamilə əsassız və qanunsuz hesab edirlər. Belə ki, “Veteranlar haqqında“ xx xxxx 1994-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə görə Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Vətəndaş İddiaçı təqdim etdiyi müharibə veteranı vəsiqəsi isə xx xxxxxx 2019-cu ildə verilmişdir. Buna görə də ona xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Sosial müavinətlər haqqında” Qanuna uyqun olaraq müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq ödənilməsi tələbi qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Qərarın təsviri hissəsində qeyd edildiyi kimi iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində iştirakına görə, müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və əvvəlki dövrlərlə bağlı ödəniş edilməsindən imtina edir. İş materiallarından aydın olur ki, iddiaçıya 2019-cu ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alma səbəbi 2019-cu il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2019-cu ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütüövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Bu hal isə iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.5-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən təyin edilmiş müavinətin əvvəlki 3 illik dövr üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar