Məhkəmə qərarları › İş №2-1(118)-624/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-624/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-624/2022 11.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə yerləşən 6C saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən icra edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə yerləşən 6C saylı evdən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 01.12.2021-ci il tarixli, 123-44262T-3221 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllədə yerləşən, 6C saylı fərdi yaşayış evi iddiaçının şəxsi mülkiyyətindədir. 2016-cı ildə bibisi qızı olan X7 iddiaçının mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Belə ki, onun anası öz evlərini satmış və iddiaçıya başqa ev alacaqlarını demişdir. İddiaçının bibisi qızı sonradan sənədi olmayan ev almış və iddiaçıdan xahiş etmişdir ki, özbaşına tikili olan həmin evə qeydiyyat olmadığı üçün müvəqqəti olaraq onun evinə qeydiyyata düşsün. İddiaçı da razılıq vermişdir.O, həmin vaxtdan bir gün də olsa iddiaçının evində yaşamamışdır. Sonradan isə onun harada olduğu, harada yaşadığı məlum olmamış, onu tapa bilməmişdir ki, qeydiyyatdan çıxsın. Beləliklə bu formal qeydiyyat artıq 5 ildir qalmaqdadır. Onun bu evdə yaşamamış olduğunu 6 dekabr 2021-ci il tarixli, qonşuların iştirakı ilə tərtib olunmuş akt da təsdiq edir. İddiaçı onun qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Polis idarəsi İsə 1 dekabr 2021-ci il tarixli məktubla Natəvanın qeydiyyatdan çıxarılmasının mümkün olmadığı və onu qeydiyyatdan çıxarmaq üçün inzibati məhkəməyə müraciət etmək zərurətini bildirmişdir. Qanuna əsasən Dadaşova Natəvan iddiaçının ailə üzvü hesab edilmir. Bu səbəbdən o mənzilə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqlan) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Qanunun müddəasından da göründüyü kimi yaşayış sahəsindən mülkİyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin, yəni ərin, arvadın, valideynlərin və ya uşaqlarınin istifadə etmək hüququ var. Qanunverici mülkiyyətdən istifadə hüququ olar şəxslərin konkret dairəsini birmənalı olaraq müəyyənləşdirmişdir. Qeyd olunan şəxslərdən başqa heç kəsin mənzildən istifadə hüququndan söhbət gedə bilməz. AR Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanı nəzərdə tutur. İddiaçının, qohumunun iddiaçıya məxsus mənzildə yaşaması üçün hər hansısa notarial qaydada təsdiqlənmiş yazılı razılığı verilməmişdir. Hazırkı halda D.Natəvanın mənzilə sadəcə qeydiyyatı var və onun qeydiyyatda olması istifadə hüququnun olması anlamına gəlmir. Cavabdeh orqanın üzərinə düşən öhdəlik mənzilə heç bir istifadə hüququ olmayan, mənzildə sadəcə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmasıdır. Lakin cavabdeh bu öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. AR İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinin tələbinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi İlə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini də tələb edə bilər. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 06.12.2021-ci il tarixli, 562 saylı arayışına əsasən X6, İddiaçı məxsus ünvan 1 ünvanında qeydiyyatda olsa da yaşamır. MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********00-10301, qeydiyyat tarixi **********, qeydiyyat tarixi 28.10.2011-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Doğruluğu qonşular X9, X5, X14 tərəfindən təsdiq edilmiş 06 dekabr 2021-ci il tarixli Akta əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6C saylı fərdi evin sahibi qonşuları İddiaçı evində 2016-cı il tarixdən qeydiyyatda olan qohumu X6 bu ünvanda heç vaxt yaşamamışdır, hal-hazırda da yaşamır. Üçüncü şəxs hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxsin, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə yerləşən 6C saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə yerləşən 6C saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar