Məhkəmə qərarları › İş №2-1(118)-6249/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6249/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6249/2024 02.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (üçüncü şəxs X3 cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın qərarının ləğv etməklə donor orqan transplantasiyasının mümkün sayılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi, orqan transplantasiyasının mümkün hesab edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə 2 dekabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlər:

1. “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 3 aprel 2024-cü il tarixli, 28 nömrəli qərarından görünür ki, donor X1 resipiyent İddiaçı böyrəyinin transplantasiyası qeyri-mümkün hesab edilmişdir. Qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, donor resipiyentlə tanışlıqları barədə suallara qeyrimüəyyən cavablar vermişdir. Eyni zamanda, verdikləri cavablar arasında ziddiyyətlər müəyyən olunmuşdur. Transplantasiyanın əvəzli keçirilməsinə şübhələr var.

2. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 1 nömrəli Xəstəxananın 20 iyul 2024-cü il tarixli, 203 nömrəli arayışından görünür ki, Əliyev X5 Nazirliyinin göndərişi ilə 26 avqust 2019-cu il tarixdən xəstəxananın hemodializ şöbəsində həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı qəbul edib. Dz: “Xroniki böyrək xəstəliyi V mərhələ, Nefrogen hipertoniya. Renal aniemiya Xroniki qlomerulonefrit. Proqram hemodializ (x/t №0062247) .Unikal kod; **********55.

3. Respublika Endokrinoloji Mərkəzində aparılmış 7 avqust və 7 sentyabr 2024-cü il tarixli Nümayəndə məxsus analiz nəticələri.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 sentyabr 2024-cü il tarixli, 3-28/2-Ə-68xx-xx-7391/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası” tərəfindən böyrək transplantasiyasının keçirilməsinə müsbət rəy verilməməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası” Səhiyyə Nazirliyinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurumdur və əsas vəzifəsi insan alverinin və digər qanunvericiliyə zidd hərəkətlərin qarşısının alınmasıdır. Komissiya müstəqil fəaliyyət göstərir, öz işini şəffaflıq, qanunçuluq, humanizm, ədalət prinsipləri üzərində qurur və işinə müdaxilə edilməsi yolverilməzdir.

5. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 1 nömrəli Xəstəxananın 26 oktyabr 2024-cü il tarixli, 342 nömrəli arayışdan görünür ki, Əliyev X5 Nazirliyinin göndərişi ilə 26 avqust 2021-ci il tarixdən xəstəxananın hemodializ şöbəsində həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı qəbul edir. Dz: “Xroniki böyrək xəstəliyi V mərhələ, Nefrogen hipertoniya, Renal anemiya. Xroniki Qlomerulonefrit. Proqram hemodializ. Xəstədə “Renal anemiya” olduğu üçün müntəzəm olaraq “Eritrositar kütlə” köçürülməsinə ehtiyac olur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 24 oktyabr 2024-cü il tarixli, 5-6- 7/2-1079/2024 nömrəli məktubu ilə göndərilmiş ətraflı arayışdan görünür ki, 4-cü mikrorayon, ev 14/21, mənzil 23, mənzil 3 otaqdan ibarətdir. Yaşayış sahəsi 44 kv.m-dir. Mənzil 27 aprel 1988-ci il tarixdən X6 aid olub. Əliyev İdris vəfat etdikdən sonra mənzil X2 adına keçirilib. Ev sahibi X4, 1988-ci ildən, oğlu İddiaçı 1989-cu ildən, gəlini X11, nəvələri X9 və X7 həmin ünvanda qeydiyyatdadırlar. X10 qeydiyyatdadır, qeyd edilmiş ünvanda yaşamır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 7 noyabr 2024-cü il tarixli, 3-28/2-8836/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma ilə göndərilmişdir: - “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 3 aprel 2024-cü il tarixli, 28 nömrəli qərarı (§1); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 3 aprel 2024-cü il tarixli iclasının protokolundan 07 nömrəli çıxarışdan görünür ki, şəxslər arasında yaxınlığı təsdiq edəcək hər hansı məlumat təqdim edə bilmədilər (fotoşəkillər, videoyazılar, telefon zəngləri, yazışmalar və s.). Donor resipiyentlə tanışlıqları barədə suallara qeyrimüəyyən cavablar vermişdir. Eyni zamanda, verdikləri cavablar arasında ziddiyyətlər müəyyən olunmuşdur. Etika Komissiyası orqan transplantasiyasının aparılmasına etiraz edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın nəzdində fəaliyyət göstərən “orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 3 aprel 2024-cü il, tarixli 28 saylı qərarını (bundan sonra - “qərar”) ləğv etməklə donor orqanının transplantasiyasının mümkün sayılması barədə qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbinin əsasları aşağıdakılardır: - iddiaçı barədə ümumi məlumat. xx xxxx 1973-cü il təvəllüdlü iddiaçı (hazırda 51 yaşındadır) uzun illər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işləmiş və 2017-ci ildə xidmətlərinə görə əmək pensiyasına çıxmışdır. - iddiaçının xəstəliyi barədə. 2020-ci ildə yayılmış “Covid” virusuna qarşı 2-ci peyvəndi vurdurduqdan sonra iddiaçının səhhətində ciddi problemlər yaranmış və həkimə müraciət etdikdə hər iki böyrəyin çalışmamazlığı diaqnozu qoyulmuşdur. İddiaçı əmək qabiliyyətini tamamilə itirməklə 1-ci qrup əlil və dializ xəstəsidir. - iddiaçının orqan transplantasiya ilə bağlı keçmişi. 2022-ci ildə iddiaçının 70 yaşlı anası öz böyrəyini iddiaçıya versə də, bu böyrək fəaliyyətini bir həftə sonra dayandırdığı üçün təkrarən həmin böyrəyin çıxarılması əməliyyatı aparılmışdır. Ümumiyyətlə 1 ay ərzində iddiaçı 4 dəfə əməliyyata girmiş və hətta qan göstəricisinin enməsi səbəbindən komaya düşmüş, ölümlə vuruşmuş, lakin aparılmış bu əməliyyatlar heç bir müsbət nəticə verməmişdir. - iddiaçının səhhəti ilə bağlı hazırki vəziyyəti. İddiaçı illərdir bu ağır xəstəliyə düçardır, yaşamaq istəyir. Artıq bu ağrılara və əzablara dözə bilmir, yaşamaq onun konstitusion haqqı və hüququdur. Kifayət qədər əsas olmadan iddiaçıya uyğun donor barəsində qəbul edilmiş bu qərar iddiaçının ölümünə verilmiş hökmdür, səhhəti getdikcə daha da ağırlaşır, artıq yaşa dolduqca bu aparata dözümlüyü də tükənir. - iddiaçının donorla olan münasibəti. İddiaçı artıq 5 ildir ki, dializ xəstəsidir və bu xəstəlikdən qurtulmağın yeganə yolu ona uyğun böyrək transplantasiyasıdır ki, bununla bağlı iddiaçı 4 il axtarışda olmuş və nəhayət, heç bir təmənna gözləntisi olmadan öz böyrəyini vermək istəyən tanışı X3 bütün həkim müayinələrindən keçmiş və onun böyrəyinin iddiaçıya tam uyğunluğu aparılmış analizlərlə təsdiq edilmişdir. Bütün bu müayinə xərclərinə iddiaçı 2.000 manatdan artıq vəsait sərf etmişdir. Lakin qərara əsasən Komissiya həmin donoru məqbul saymamış və nəticədə iddiaçıya böyrək köçürməsi əməliyyatının aparılmasından imtina olunmuşdur. İddiaçıya donor olan şəxsin ailəsi ilə uzunillik münasibətləri vardır və Pərvanə xanım ona doğma olmasa da, bir bacı əvəzidir və özü böyrəyinin birini verməkdə israrlıdır, lakin bu komissiya insan amilini deyil, öz subyektiv fikirlərini üstün tutaraq qanunsuz qərar vermiş və bu gün sağalmağının yeganə yolu olan böyrək translantasiyası əməliyyatından məhrum etmişdir. - iddia müddəti ilə bağlı. İddiaçı həmin qərarın surətini gec əldə etmişdir. Həmin qərardan cavabdeh orqana müraciət etməklə komissiya tərəfindən verilmiş qərarın ləğv olunmasını və həmin donorun məqbul sayılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli cavab məktubunda komissiyanın qərarından məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.

10. İddia tələbinin maddi hüquqi əsası kimi “Əlillik haqqında” Azərbaycan Respublikası Qanununun 4, 6, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8, 17, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.1, 2.2.2, 14.1, 14.2, 35.1-ci maddələrinə istinad olunmuşdur.

11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir.

13. Belə ki, məhkəmənin 26 sentyabr 2024-cü il tarixli, 2-1(118)-6249/2024 nömrəli qərardadı ilə X1 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

14. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə müvafiq sorğular göndərilmişdir.

15. Bundan əlavə, "xxxx" MMC (AKB) tərəfindən İddiaçı və X3 barəsində bütün növ bank hesabları barədə və hesabların hazırki vaxtadək olan müddət ərzində hərəkətliliyi barədə məlumatların (hesab çıxarışları təqdim edilməklə); banklar qarşısında 2020-2024-cü illər ərzində mövcud olmuş bağlanmış və hazırda aktiv olan öhdəlikləri barədə; banklarda mövcud olan (olmuş) əmanətləri barədə; kredit müraciətləri barədə; 2020-2024-cü illərdə aparılmış bütün bank əməliyyatları barədə məlumatların (sənədlərin) məhkəməyə təqdim edilməsinə dair məhkəmənin 26 sentyabr 2024-cü il tarixli, 2-1(118)-6249/2024 saylı qərardadı qəbul edilmişdir.

16. Həmçinin, Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən İddiaçı və X3 barəsində bütün növ bank hesabları barədə və hesabların hazırki vaxtadək olan müddət ərzində hərəkətliliyi barədə məlumatların (hesab çıxarışları təqdim edilməklə); banklar qarşısında 2020-2024-cü illər ərzində mövcud olmuş bağlanmış və hazırda aktiv olan öhdəlikləri barədə; banklarda mövcud olan (olmuş) əmanətləri barədə; kredit müraciətləri barədə; 2020-2024-cü illərdə aparılmış bütün bank əməliyyatları barədə məlumatların (sənədlərin) məhkəməyə təqdim edilməsinə dair məhkəmənin 26 sentyabr 2024-cü il tarixli, 2-1(118)-6249/2024 saylı qərardadı qəbul edilmişdir.

17. Eyni zamanda, hazırki iddianın məhkəmə iclasına qədər də araşdırılmasını təmin etmək (daha sürətli məhkəmə araşdırmasını təmin etmək zərurəti mövcud olduğundan) üçün, iddiaçıya məktub ünvanlanaraq, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsi, o cümlədən mübahisələndirilən qərara münasibətdə üçüncü ilə olan münasibəti barədə ətraflı məlumatın və “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının” 3 aprel 2024-cü il tarixli, 28 saylı qərarını nə vaxt almağınız barədə məlumatları məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.

İddia tələbinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq müvafiq materiallar təqdim edilsə də, sərəncama münasibət bildirilməmişdir.

Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında bildirmişdir ki, onun üç uşağı var, doğma bacısı böyrək xəstəliyindən vəfat etmişdir, buna görə də iddiaçını anlayır və ona kömək etmək istəyir. İddiaçının əziyyət əzab-əziyyət çəkdiyini, dialezə aparıldığının şahidi olmuşdur. Onun donar olmasına öz ailəsi razıdır və hər hansıbir narazılıq yoxdur. İddiaçının ailəsi, xüsusən də anası ona kasəb olduqlarına görə kömək edib, işlədiyi zaman isə uşağına baxmışdırlar. Donorluğa görə heç kəs ona pul və s. vermir. Əvvələr Yardımlı rayonunun Kürəkçi kəndində yaşamış, 2020-də isə Sumqayıt şəhərinə köçmüşdür. Burada kirayələrdə qalmışdır. Daha sonra 2021-də Sumqayıt şəhərinə gəldiyini bildirmişdir. Restoranlarda qab yuyan işləmişdir. 17-ci mkrda yerləşən Qərb sarayında işləyən zaman iddiaçının anası ilə tanış olmuşdur. Hər ikisi orada qabyuyan işləmişdir. İddiaçı əvvəlcə 4 və 12-ci mkrda, sonra Surayə xala adlandırdığı şəxsin yanında qalmışdır, bu şəxs daima ona kömək edib. Surayə xanımın qonşuluğundakı kirayə mənzili tapmağa o kömək edib. Səmimiyyət də qonşuluq münasibətlərindən yaranmışdır. 4-5 il iddiaçının ailəsi ilə qonşu olmuşdurlar. 3-4 aydır başqa ünvana köçmüşdür. O, Sumqayıta yeni gələndə 2020-2021-ci illərdə işləmişdir. Arada 4 il işləməmiş, yoldaşı ailəni saxlamışdır. Həyat yoldaşı fəhlədir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

27. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

30. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

31. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

32. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının (§ 29) 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

35. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

36. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

37. Məhkəmə tərəfindən iddia qaldırmaq müddətinə riayət edilməsi İPM-in 12ci maddəsinin tələbləri baxımından araşdırılmış, qərarın iddiaçıya nə vaxt təqdim edilməsinin cavabdeh orqana müvafiq sorğu ünvanlanmışdır.

38. Cavabdeh tərəfindən təqdim edilmiş materiallarda qərarın iddiaçıya göndərilməsi və ya təqdim edilməsinə dair heç bir təsdiqedici sübut mövcud deyildir.

39. Məhkəmə “X13 Rafik q. 2 sənədin 2-sini də götürdüm. Öz imzamla təsdiq edirəm.” yazısı olan vərəqəni isə sübut kimi qəbul etmir. İlk növbədə ona görə ki, “iki sənəd” deyiləndə hansı sənədlər nəzərdə tutulur, qeyri-müəyyəndir. İkinci bir tərəfdən isə məhkəmə qanunvericiliyin etibarnamə ilə bağlı tələblərini nəzərə alaraq bildirir ki, iş materialında olan etibarnamədən olan tarixə dair məlumatda iddiaçı tərəfindən Nümayəndə 30 sentyabr 2024-cü il tarixdə verilmişdir. Daha əvvəlki tarixli etibarnamə isə məhkəməyə təqdim edilməmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. (-)

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi etibarnamə ilə bağlı münasibətləri tənzimləmişdir. Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. (-) Maddə 363. Etibarnamənin müddəti 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. (-) Maddə 364. Etibar edilmişi etibaretmə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. (-)

42. Bununla da, işin hallarını etibarnamə ilə bağlı münasibətləri tənzimləyən normaların tələbləri baxımından qiymətləndirən məhkəmə, iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir.

b) Tətbiq edilən hüquq:

43. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra – orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

1-ci fəsil Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. insan orqanları – şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi; 1.1.2. insan toxumaları – insan orqanının eyni mənşəyə, quruluşa və funksiyaya malik hüceyrə və hüceyrəarası maddələr qrupu; 1.1.3. donor orqan – müalicə məqsədilə bir insandan digərinə köçürülən orqan və ya toxuma; 1.1.4. insan orqanlarının transplantasiyası (bundan sonra – transplantasiya) – sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsi; 1.1.5. orqan donorluğu – donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyət; 1.1.6. donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit; 1.1.7. canlı donor – öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) şəxs; 1.1.8. meyit donor – orqanları transplantasiya məqsədilə götürülən, bioloji ölüm və ya beynin bütün funksiyalarının tam dayanması və geridönməz prosesləri qeydə alınmış (bundan sonra - beyin ölümü) bir yaşına çatmış şəxs; 1.1.9. resipiyent – müalicə məqsədilə donor orqanı köçürülən şəxs; 1.1.10. məlumatlandırılmış razılıq – donorun, resipiyentin və ya onların qanuni nümayəndəsinin donor orqanların götürülməsi və transplantasiya barədə könüllü qərar qəbul etdiyini, müalicənin məqsədləri və faydası, müalicə tədbirlərinin həcmi, metodu, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşdüyünü forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən, bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan halda notarial qaydada təsdiq olunmuş ərizə ilə bildirməsi; 1.1.11. resipiyentin gözləmə vərəqəsi – transplantasiya məqsədi ilə uçota götürülən resipiyentlərin növbəli siyahısı; … 1.1.13. əlaqələndirici qurum – orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən dövlət qurumu. …

Maddə 2. Orqan donorluğu və transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Orqan donorluğu və transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi 3.1. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, habelə orqan donorluğu və transplantasiya ilə məşğul olan tibb müəssisələrinə şamil olunur. 3.2. Orqan donorluğu və transplantasiyaya dair bu Qanunla müəyyən edilmiş tələblər insan toxumalarının donorluğu və transplantasiyasına da şamil olunur. 3.3. Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embrion), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Maddə 4. Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. ....

Maddə 5. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri 5.0. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır: … 5.0.3. transplantasiya məqsədilə donor orqanların götürülməsi, saxlanması, daşınması və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, orqan donorluğu prosesinin təşkili və əlaqələndirilməsi; … 5.0.5. orqan donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarətin və tibbi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi; …

Maddə 6. Donor orqanların və toxumaların siyahısı 6.1. Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. …

Maddə 8. Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

2-ci fəsil Orqan donorluğu və transplantasiyanın təşkili

Maddə 9. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi 9.1. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilir. 9.2. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya ilə bağlı informasiya təminatını həyata keçirir, o cümlədən tibb müəssisələrindən məlumatların toplanılmasını təmin edir, vahid dövlət informasiya bazasını aparır, donor orqanların resipiyentlərə verilməsi ardıcıllığını təmin edir, habelə orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti koordinasiya edir. 9.3. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz.

Maddə 10. Orqan donorluğu və transplantasiya sistemi 10.0. Orqan donorluğu və transplantasiya sisteminə aşağıdakılar daxildir: 10.0.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 10.0.2. əlaqələndirici qurum; 10.0.3. vahid dövlət informasiya bazası; 10.0.4. Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası. Maddə 14. Transplantasiyanın zəruriliyi haqqında qərar 14.1. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, tərkibində həkimtransplantoloq olan transplantasiya üzrə həkim komissiyası müəyyən edir. Həkim komissiyasının xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə və ya orqan transplantasiyası üçün tibbi göstərişlərin olmaması barədə qərarı üç nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Həkim komissiyasının qərarının bir nüsxəsi 3 (üç) iş günü müddətində şəxsin özünə və ya onun qanuni nümayəndəsinə, bir nüsxəsi əlaqələndirici quruma təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə əlavə edilir. 14.2. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin forması, tibb müəssisəsinin həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Maddə 15. Resipiyentin gözləmə vərəqəsi 15.1. Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə həkim komissiyasının qərarı qəbul edildikdən sonra tibb müəssisəsi şəxsin yazılı məlumatlandırılmış razılığını alır və 3 (üç) iş günü müddətində resipiyentlərin reyestrinə daxil edilməsi üçün onun adına resipiyentin gözləmə vərəqəsini tərtib edir. 15.2. Resipiyentin gözləmə vərəqəsi iki nüsxədə tərtib olunur, onun bir nüsxəsi resipiyentlərin reyestrinə daxil edilmək üçün əlaqələndirici quruma göndərilir, bir nüsxəsi isə resipiyentin özünə təqdim edilir. 15.3. Resipiyentin gözləmə vərəqəsinin forması və tərtib olunması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3-cü fəsil Canlı donordan donor orqanın götürülməsi

Maddə 16. Canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.2. Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, həkim-transplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir. 16.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir. 16.4. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır.

Maddə 17. Canlı donorun məlumatlandırılmış razılığı 17.1. Donor orqanın götürülməsindən əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə bu Qanunun 1.1.10-cu maddəsində müəyyən edilmiş qaydada məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır. Məlumatlandırılmış razılıq ərizəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 17.2. Canlı donor və onun məlumatlandırılmış razılığına dair məlumatlar canlı donorların reyestrinə daxil edilir.

Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın.

5-ci fəsil Yekun müddəalar

Maddə 29. Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır.

Maddə 32. Donor orqanların alqı-satqısının və reklamının qadağan edilməsi Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır.

Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 35. Keçid müddəalar 35.1. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. 35.2. Bu Qanun qüvvəyə mindiyi gündən “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 726-İQ nömrəli Qanunu ləğv edilir.

44. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi:

45. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan hallara əsasən iddia təmin edilməməlidir.

46. İlk növbədə nəzərə alınmalıdır ki, Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılır. Bu komissiya donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və tələblərə uyğunluğu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. Komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır.

47. Qeyd olunmalıdır ki, iddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında qanunvericiliyin etika komissiyasının tərkibi, davranışı, sualların məzmunu, həyata keçirilmə qaydası, aşkarlıq və digər hallara dair bir pozuntu olmasını bildirməmişdirlər.

48. İddiaçı tərəfin mövqeyinə görə mübahisələndirilən qərarda istinad olunmuş hal mövcud deyildir. İddiaçı dializ xəstəsidir və əvvəlcə ona anasının böyrəyi köçürülsə də, bu əməliyyat uğursuz olmuşdur. Üçüncü şəxs heç bir təmənna gözləntisi olmadan öz böyrəyini vermək istəyən ailəvi tanışıdır. Üçüncü şəxs ona doğma olmasa da, bir bacı əvəzidir (§9).

49. Mübahisələndirilən qərardan görünür ki, donorun (üçüncü şəxsin) resipiyentə (iddiaçıya) böyrəyinin transplantasiyası qeyri-mümkün hesab edilmişdir. Qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, donor resipiyentlə tanışlıqları barədə suallara qeyri-müəyyən cavablar vermişdir. Eyni zamanda, verdikləri cavablar arasında ziddiyyətlər müəyyən olunmuşdur. Transplantasiyanın əvəzli keçirilməsinə şübhələr var.

50. Hansı ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa görə donor orqanların alqısatqısı qadağandır.

51. Məhkəmə prosesində tərəflərin iştirakı ilə donor və resipiyentlə komissiya üzvlərinin danışıqları dinlənilmişdir (daşıyıcı vasitə iş materialına əlavə olunmuşdur).

52. Bundan əlavə, tərəflərə məhkəmə prosesində işin mahiyyətinə, donora, iddiaçı və onun ailə üzlərinə, tanışlığın tarixinə, könüllülük prinsipinə əməl edilibedilməməsinə və s. dair suallar ünvanlanmışdır.

53. Nəticədə, həqiqətən də iddiaçının vəkili və nümayəndəsi ilə üçüncü şəxsin məhkəməyə bildirdiklərinin üst-üstə düşmədiyi, cavabların bir-birini tamamlamadığı müəyyən edilmişdir. Tərəflərin cavabları qeyri-müəyyəndir. Hətta üçüncü şəxsin özünün məhkəmə iclaslarında bildirdikləri ziddiyyətlidir. İddiaçının nümayəndəsi ilə onun vəkilinin bildirdikləri də cavabdeh orqanın qərarında qeyd olunanların əsaslı olmasını təsdiqləyir (§20).

54. Bu səbəbdən də üçüncü şəxsin qohum olmadığı, bir müddət kirayədə yaşadığı evdə qonşu olduğu, iddiaçını əsasən “dializ” müalicəsi üçün aparıbgətirəndə gördüyü, onun anası ilə isə sadəcə 2020 və yaxud 2021-ci ildə qısa müddətdə işlədiyi vaxt tanışı olduğunu əsas gətirməklə donor olmaq arzusunu məhkəmə inandırıcı hesab etmir.

55. Xüsusilə qeyd olunmalıdır ki, üçüncü şəxs izahatında verilmiş suallara tam, dolğun cavab verə bilməmiş, hər dəfə fərqli cavblar vermiş, bu cavabların özü iddiaçı tərəfin izahatından fərqli olmuşdur.

56. Aparılmış araşdırmanın nəticəsi olaraq, yuxarıda qeyd edilmiş qanunvericiliyinin müddəalarına əsasən məhkəmə iddia tələbini əsaslı hesab etmir.

NƏTİCƏVİ HİSSƏ

57. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “onun nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının 3 aprel 2024-cü il, tarixli 28 saylı qərarın ləğv edilməsi, orqan transplantasiyasının mümkün hesab edilməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar